Məhkəmə qərarları › İş №3(059)-141/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-141/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-141/2021 24.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 17 sentyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsindəki "xxxx" ASC-nin bankomatında əmək haqqı çıxarmaq üçün ondan kömək etməsini xahiş edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun kartından 191 manat çıxarıb sonuncuya vermiş, 200 manat pulunu isə talamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 24 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 17 sentyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsindəki "xxxx" ASC-nin bankomatında əmək haqqı çıxarmaq üçün ondan kömək etməsini xahiş edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun kartından 191 manat çıxarıb sonuncuya verdiyini, 200 manat pulunu isə taladığını bildirdi. Həmçinin, o, 24 sentyabr 2021-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 17 sentyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən Rayon İcra Hakimiyyətinin yaxınlığında olan "xxxx" ASC-nin yanında olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb bankomatdan pul çıxarılmasına köməklik etməsini xahiş etmişdir. O, həmin şəxsə köməklik edəcəyini bildirib, plastik kartı almış və kartı bankomata saldıqda kartın balansında 391 manat pulun olduğunu görmüşdür. Həmin vaxt o, 391 manat pulun 191 manatını çıxardıb zərərçəkmiş şəxsə vermiş, qalan 200 manat məbləğində pul isə bankomatdan gec çıxmış, bu zaman o, sonradan çıxan məbləği zərərçəkmiş şəxsə vermək istəsə də, sonuncu orada olmamış, ətrafa baxmasına baxmayaraq, Zərərçəkmiş şəxs orada görmədiyindən pulu şəxsi ehtiyaclarına xərcləmək məqsədilə cibinə qoymaqla, ərazidən uzaqlaşmışdır. O, əldə etdiyi 200 manat pulu şəxsi ehtiyaclarına sərf etmiş, lakin vurulan zərəri nə qaytarmamış, nə də ki zərərçəkmiş şəxslə barışmamışdır. Eyni zamanda, o, bu hadisə ilə bağlı zərərçəkmişin şikayəti əsasında 24 sentyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin TQ-nin baş təhqiqatçısı Əlixan Nağıyev tərəfindən RPŞ-yə dəvət edilmiş, habelə saat 10:00-da orada olmaqla, baş verənlərlə bağlı izahat vermiş, həmçinin həmin vaxtdan faktiki saxlanılmışdır. Bununla belə, əməlindən səmimi peşmançılıq çəkdiyinə görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 17 sentyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində maaş kartını götürərək Siyəzən şəhərinin H.Əliyev küçəsindəki "xxxx" ASC-nin bankomatının qarşısına yaxınlaşmış, habelə maaş kartından pulu çıxarda bilmədiyi üçün bankomatın qarşısında olan əvvəllər tanımadığı Şəxs kartından pulunu çıxarılmasında ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra, Şəxs ondan maaş kartını alaraq bankomata daxil etmiş və kartından 191 manat pul çıxardaraq ona vermişdir. Daha sonra, Şəxs ona aid kartı yenidən bankomata daxil edərək, bir qədər gözləyib, kartı çıxartmaqla, ona verərək kartda başqa pulun olmadığını bildirmişdir. Bundan sonra, o, oradan evə getmiş və evdə olarkən telefona yüklədiyi proqram vasitəsilə özünə məxsus kartdan 391 manat pulun məxaric oldunduğunu müəyyən etmiş və Şəxs onun etibarından sui-istifadə edərək 200 manat pulunu taladığını başa düşmüşdür. Bundan sonra, baş vermiş hadisə ilə bağlı 18 sentyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-yə müraciət etmiş, oradan ona vəsaitin məxaric olunması barədə müvafiq çıxarışın gətirilməsi tələb olunmuş və o, bununla əlaqədar 20 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Xaçmaz rayon filialına gedərək hesabından çıxarış etdirib, həmin çıxarışı RPŞ-yə təqdim etmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsindəki "xxxx" ASC-nin bankomatında əmək haqqı çıxarmaq üçün ondan kömək etməsini xahiş edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun kartından 191 manat çıxarıb sonuncuya vermiş, 200 manat pulunu isə talamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin sonuncu 25 avqust 2021-ci il tarixli, 3(059)-134/2021 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən yaxın vaxtlarda mülkiyyət əleyhinə inzibati xəta törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 24 sentyabr 2021-ci il tarixdə saat 10.00-da faktiki saxlanması və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 24 sentyabr 2021-ci il tarixdən saat 10.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar