Məhkəmə qərarları › İş №3(059)-142/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-142/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-142/2022 26.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə verilmiş 2(105)-2351/2021 saylı icra vərəqəsinə əsasən 2260 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən 26 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə verilmiş 2(105)-2351/2021 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, habelə borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün rəsmi xəbərdarlıq edilmişdir. Bundan başqa, Şəxs ilk dəfə 06 dekabr 2021-ci il tarixdə axtarışda olan şəxs kimi gətirilib icra və probasiya şöbəsinə təhvil verilmiş, həmin vaxt tələbkar şöbəyə ərizə ilə müraciət edərək, borclu tərəfindən aliment borcundan qismən ödəniş edildiyini bildirməklə, borclunun məsuliyyətə cəlb edilməsində maraqlı olmadığını bildirmişdir. Bundan sonra, Şəxs təkrarən 04 aprel 2022-ci il tarixdə axtarışda olan şəxs kimi gətirilib icra və probasiya şöbəsinə təhvil verilmiş, həmin vaxt da tələbkar şöbəyə ərizə ilə müraciət edərək, borclu tərəfindən aliment borcundan 150 manat məbləğində ödəniş edildiyini bildirməklə, borclunun məsuliyyətə cəlb edilməsində maraqlı olmadığını bildirmişdir. Şəxs öz hüquqazidd hərəkətlərini davam etdirdiyindən onun barəsində 04 avqust 2022-ci il tarixdə təkrarən axtarış elan edilmiş, habelə, sonuncu axtarışda olduğundan Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən bu gün rayon icra və probasiya şöbəsinə təhvil verilmişdır. Hazırda tələbkar aliment borcundan 370 manat məbləğin ödənilməsini tələb etsə də, borclu 25 avqust 2022-ci il tarixdə 50 manat məbləğində aliment borcu ödənilmiş, bu gün isə 80 manat məbləğində aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, hazırda heç bir yerdə işləməsə də, mövsümü vaxtlarda balıqçılıqla məşğul olur, habelə həmin ərəfələrdə aliment borcundan ödənişlər edir. Sonuncu dəfə 25 avqust 2022-ci il tarixdə 50 manat məbləğində aliment borcundan ödəniş etmişdir, bu gün də 80 manat məbləğində aliment borcundan ödəniş etmək iqtidarındadır. Bundan başqa, balıqçılıqla Xaçmaz rayonunda məşğul olduğundan, şöbənin dəvətlərindən məlumatlı olmamışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını və əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə verilmiş 2(105)-2351/2021 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 06 dekabr 2021-ci il, 04 aprel 2022-ci il və 04 avqust 2022-ci il tarixlərdə borclu barədə axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev, şöbənin stajoru Cəmilə Babayevə və borclu Şəxs tərəfindən tərtib edilmiş 26 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə verilmiş 2(105)-2351/2021 saylı icra vərəqəsi üzrə tələbkara ödənilməli olan aliment məbləğindən 80 manat tələbkar Lalə Tağıyevaya ödənilməsi üçün şöbəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, və yuxarıda qeyd edilən yüngülləşdirən halın mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar