Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-145/2023 08.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə2 iştirakları ilə Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 21 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20-21 iyul 2023-cü il tarixlərdə Siyəzən rayonunun ərazisindəki “Ataçay” çayının sağ hissəsində yerləşən Siyəzən şəhər poliqonunda şəhər ərazisində formalaşan bərk məişət tullantıları ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan qalaqlanaraq yandırılmışdır. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə1 izahatında göstərdi ki, Siyəzən şəhərinin Ataçay ərazisində ətraf mühitin mühafizəsi tələbləri pozulmuş, yəni qalaqlanmış bərk məişət tullantılarının yandırılması ilə ətraf mühitə zərər vurulmuşdur. Bununla bağlı, Siyəzən Kommunal Müəssisələri Kombinatına şifahi məlumat verilmiş, həmçinin rəhbərlik yoldan keçərkən oranı görmüş və sonuncunun tapşırığı əsasında, Nümayəndə2 məişət tullantılarını yığdırıb, yanğını söndürmək təklif edilsə də, buna məhəl qoyulmamışdır. Bu səbəbdən də, inzibati xəta haqqında protokol tərtib olunaraq, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının müvafiq məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulduğu hallarda və müəyyən edilmiş qaydada təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə (kontrakt) bağlanır. Həmin qanunun 24-cü maddəsinə əsasən ətraf mühitin çirkləndirilməsinə, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə, habelə təbii resurslardan istifadəyə görə ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə təbiətdən istifadəçi olan müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan alınır. Məlum məsələdir ki, həmin müəssisə, müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan lazımi pul məbləğini alır. Belə olan halda, həmin pul vəsaiti yığılsa da, zibillik ərazi natəmiz saxlanılır. Bundan başqa, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin ikinci hissəsinə əsasən ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməsinə görə cərimələr qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınır. Bu qanunun 47.1-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Yəni, həmin yerin rayon rəhbərliyi tərəfindən ayrılması, həmçinin ora məişət tullantılarının atılması, yığışdırılması, məhv edilməsi, habelə ətrafa mühitə və vətəndaşlara ziyan dəymədən yığışdırılması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi kombinatı İXM-nin 271-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, kombinat barəsində 21 iyul 2023-cü il tarixdə tərtib edilməklə, poçt vasitəsilə rəsmi qaydada ünvanlarına təqdim edilmiş inzibati xəta haqqında protokol və sənədlərlə tanış olmuşdur. Siyəzən rayonunun ərazisindəki “Ataçay” çayının sağ hissəsində yerləşən Siyəzən şəhər poliqonunda baş vermiş yanğın barədə məlumatı rayonun sakinləri vermişdir. Qeyd olunan poliqonun Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatına aidiyyəti yoxdur. Belə ki, məişət tullantıları nəinki onlar tərəfindən həmin poliqona daşınıb, tökülür, hətta rayon ərazisində yerləşən sahibkarlıq subyektləri və sakinlər də tullantılarını ora tökür. Bu mənada, ora kombinatın əməkdaşları tərəfindən yandırılmamışdır. Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatına rayon ərazisində poliqon kimi ayrıca yer ayrılmamış, ayrılmış 1 hektar yer isə Siyəzən RİHB-nin 24 dekabr 2018-ci il tarixli sərəncamı ilə ümumi rayon üçün nəzərdə tutulmuş, onların balansına təhvil verilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş məcburi göstərişə əsasən ərazi 25 avqust 2023-cü il tarixə kimi təmizlənmişdir. Bundan əlavə, sözügedən ərazi kombinatın balasında olmadığından orada baş verəcək hər hansı bir prosesə nəzarət edə bilmirlər. Həmçinin, müəssisənin nizamnaməsində də poliqona nəzarət məsələsi qeyd edilməmişdir. O, təşəbbüsü ilə nizamnaməyə poliqondakı tullantıların çeşidlənməsi məsələsini daxil etmək istəsə də, bunun üçün direktoru olduğu müəssisənin imkanları, eləcə də icra qaydası olmadığından bundan imtina etmişdir. Digər tərəfdən, şimal bölgəsində hər bir rayonda məişət tullantılarının yığılması üçün ayrılmış yerlərdə də tullantıların yandırılması prosesi baş verir, sadəcə Siyəzən şəhərindəki poliqon elə ərazidə nəzərdə tutulmuşdur ki, yanğın baş verdiyi an bu görünür. Bundan başqa, təxminən 2 il əvvəl Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı eyni fakt üzrə 6500 manat cərimə edilmişdir. Qeyd edir ki, məişət tullantılarını daşıyan müəssisənin 28000 manat borcu olmaqla, yanaşı müəssisə vergi və maliyyə sanksiyalarına da məruz qalmış, habelə dövlətə olan borca görə onun ölkədən getmək hüququ belə məhdudlaşdırılmışdır. Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı öz fəaliyyəti ilə əlaqədar digər təşkilatlarla müqavilə bağlasa da, əldə edilən vəsait müəssisənin borclarına silinir. Hətta, direktoru olduğu müəssisənin 43 nəfərdən ibarət işçi heyətinin 30 nəfəri dövlət hesabına büdcədən maliyyələşsə də, 13 nəfər işçinin əmək haqqı büdcədənkənar, yəni müəssisənin fəaliyyəti hesabına əldə edilən gəlir hesabına ödənilir. Lakin, yığılan vəsait bütünlüklə, müəssisənin borclarına silinir. Bu səbəbdən də, həmin 13 nəfərin əmək haqqını ödəyə bilmir. Cari ilin yanvar ayından bu yana isə müəssisəyə hər hansı bir vəsait ayrılmır. Hazırkı protokola əsasən cərimə olunacaqları təqdirdə, bu cərimə onlara çox ağır olacaqdır. Odur ki, kombinatın inzibati məsuliyyətə cəlb edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Lakin, Nümayəndə2 direktoru olduğu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatını Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun bu əmələ, yəni İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə təqsiri etiraf etməməsi direktoru olduğu kombinatı müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Siyəzən Kommunal Müəssisələr Kombinatı İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 21 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan, eyni tarixli, 80509 nömrəli aktdan və fotoşəkillərdən görünür ki, Siyəzən rayonunun ərazisində Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” və “İstehsalat və məişət tullantıları haqqında” Qanunlarının tələblərinin icra olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən növbəti nəzarət tədbiri zamanı Siyəzən-Dərəzarat kənd yolunda, “Ataçay” çayının sağ hissəsində, Siyəzən Rayon İcra Hakimiyyətinin 24 dekabr 2018-ci il tarixli, 5-73-23/2-18/2023 saylı sərəncamı ilə ayrılmış Siyəzən şəhərinin məişət tullantıları poliqonuna baxış keçirilərkən ərazidə çeşidləmə və basdırılma işlərinin aparılmadığı, ərazidə baş vermiş yanğın səbəbindən atmosfer havasının tüstü qatı ilə örtüldüyü, ərazinin təcrid olunmadığı, bunun da sanitarekoloji norma və qaydaların kobud şəkildə pozulmasına şərait yaratdığı müəyyən olunmuşdur. Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru Nümayəndə2 araşdırmada iştirak etmiş, şifahi olaraq tullantıların torpaqlanma işlərinin və tullantıların tüstülənməyinin tezliklə qarşısının alınacağını bildirmiş, lakin, yazılı izahat, arayış verməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati xətaya səbəb olan əməldir. Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının nizamnaməsinin 2.4-cü bəndinə əsasən rayon ərazisinin nümunəvi sanitar təmizliyi, vaxtlı-vaxtında məişət və istehsalat tullantılarının daşınması kombinatın vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydasının 6.1-ci bəndinə əsasən məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Bu Qaydanın 7-ci bəndinə əsasən bərk və maye məişət tullantılarının zərərsizləşdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) və ya xüsusi emal və zərərsizləşdirmə qurğularında həyata keçirilir. Tullantıların istənilən ərazilərdə yerləşdirilməsinə, həmçinin kənd təsərrüfatı sahələrində gübrə kimi istifadəsinə yol verilmir. Bərk məişət tullantılarının saxlanılması və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Bərk məişət tullantıları təkmilləşdirilmiş poliqonlara, kompostlaşdırma müəssisələrinə, emal və xüsusiləşdirilmiş yandırma qurğularına, maye məişət tullantıları isə assenizasiya və ya təmizləyici qurğu stansiyalarına daşınmalıdır. Nəzarət edilməyən məişət tullantıları üçün poliqonların təşkili yolverilməzdir. Poliqonlar üçün ayrılmış sahələrin ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq olmalı, qrunt sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olmalıdır (suların səviyyəsi yuxarı olduqda, drenaj və sukənarlaşdırıcı qurğular tikilməlidir), çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili yolverilməzdir, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. İstifadəyə yararsız məişət tullantılarının həcminin azaldılması məqsədilə onların yandırılması üçün ekolojisanitar standartlara cavab verən xüsusi qurğular sobalar quraşdırılmalıdır. Sobalarda məişət tullantılarının tam yanması üçün lazımi temperatur rejiminə riayət olunmalıdır və yandırılan zaman ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə soba xüsusi avadanlıqla təmin olunmalıdır. Tullantıların yandırılmasından əmələ gələn qalıqlar (kül) poliqonda basdırılmalıdır. Poliqona gətirilən məişət tullantılarının uçotu poliqonun müvafiq işçiləri tərəfindən aparılır. Uçotda gətirilən tullantıların həcmi (avtomaşının tipi və onun yük yerinin həcminə əsasən hesablanır), tullantıların tərkibi, kim tərəfindən və hansı tarixdə gətirilməsi və s. məlumatlar göstərilir. Kənar şəxslərin poliqon ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə ərazi perimetri boyu çəpərlənərək keçidin qadağan olunduğu barədə xəbərdaredici qeydləri olan plakatlar qoyulmalıdır. Bu sahədə cavabdeh balansında həmin poliqon olan hüquqi və ya fiziki şəxsdir. Tullantıların emalı zamanı ətraf mühitə və insan sağlamlığına real və potensial təhlükənin qarşısı alınmalıdır. Sözügedən Qaydanın 10.4-cü bəndinə əsasən kommunal-təsərrüfat qurumlan, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə, hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə, istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə, təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə, tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə, tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə, tullantıların qarışmasına yol verməməyə, tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə, məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə tullantıların uçotunu aparmağa borcludurlar. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən tullantıların zərərsizləşdirilməsi dedikdə, ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması, tullantılar dedikdə, qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar, tullantıların idarə olunması dedikdə, isə tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət başa düşülür. Bu Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Sözügedən Qanunun 28.0.8-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının toplanması: yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral kübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havası çirkləndikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Odur ki, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatına İXM-nin 271-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, kombinata 6500 (altı min beş yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-145/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-145/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver