Məhkəmə qərarları › İş №3(059)-149/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-149/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-149/2023 27.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş "xxxx" ASC-nin (VÖEN **********) Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: 11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 tərəfindən "xxxx" ASC-nin (VÖEN **********) barəsində 01400-06013/23 nömrəli inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda barəsində icraat aparılan hüquqi şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında tərtib edilmiş protokolda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC haqqında məlumat, o cümlədən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) yanlış olaraq ********** kimi yazılmış, ASC-nin nümayəndəsinin izahatı alınaraq, göstərilməmiş, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməsinə dair protokolda müvafiq qeyd aparılmamış, həmçinin ona inzibati xəta haqqında protokolun surəti verilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin İ, İİ və V hissələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İnzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan, sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Bu mənada, iş materialları öyrənilərkən inzibati xəta haqqında protokolda "xxxx" ASC-nin nümayəndəsinin ASC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatda iştirakının təmin edilməsi üçün Siyəzən şəhərindəki ünvana 04 iyul 2023-cü il tarixli, 3-33- 1700/2- 003191/2023 saylı məktubun göndərilməsinin, lakin, nümayəndənin çağırış üzrə gəlməməsinin və bunun səbəbinin də bildirilməməsinin göstərilməsinə, həmçinin eyni qaydada iş materiallarına 12 iyul 2023-cü il tarixdə ASC-nin ünvanına iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolun və işə baxılmanın yeri, eləcə də vaxtı haqqında qərardadın surətinin göndərilməsini əks etdirən məktubun əlavə edilməsinə baxmayaraq, inzibati xəta haqqında işlər üzrə sənədlərin "xxxx" ASC-yə göndərilməsini, o cümlədən təqdim edilməsini təsdiq edən mötəbər sənəd və ya sübut ((reyestr (poçt göndərişinin izlənilməsi ilə), qəbz, poçt xəbərnaməsi və s.)) iş materiallarına əlavə edilməmişdir. Yəni, iş materiallarına inzibati xəta haqqında işlər üzrə sənədlərin (inzibati xəta haqqında protokolun, bildirişlərin) "xxxx" ASC-yə göndərilməsini əks etdirən məktubların əlavə edilməsi, hələ bu sənədlərin ASC-yə çatdırılması demək deyildir. Bu halın mövcudluğu isə qeyd olunan sənədlərin həqiqətən də "xxxx" ASC-yə göndərilməsinə şübhələr yaratmışdır ki, bu çatışmazlığın da olması işə mahiyyəti üzrə baxılıb tamamlanmasını istisna edir. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: "xxxx" ASC-nin (VÖEN **********) Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 11 iyul 2023-cü il tarixli, 01400-06013/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar