Məhkəmə qərarları › İş №3(059)-15/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-15/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-15/2023 13.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə xx xxxxxx 1976-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 22 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olan Şəxs və X1 şəhərinin T.İsmayılov küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı Şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində olan ağ rəngli kağız bükülüdə 0,12 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 13 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, 22 sentyabr 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində Şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarın sağ yan cibindən kağıza bükülmüş yaşıl rəngli kəskin qoxulu narkotik vasitə marixuana aşkar edilərək götürülmüş, bu səbəbdən də qeyd olunan hal müvafiq qaydada protokollaşdırılmış, habelə Şəxs aşkar edilmiş predmetin ona aid olduğunu təsdiqləmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, təxminən 6-7 il olar narkotik vasitədən istifadə edir. Bundan başqa, o, 15 iyul 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. O, 22 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində övladını uşaq bağçasından gətirərkən Siyəzən şəhərinin T. İsmayılov küçəsində qarşılaşdığı X6 ona yerdən cüzi miqdarda narkotik vasitə tapdığını bildirib, əvəzsiz olaraq birlikdə istifadə etməyi təklif etdikdə, o, Rauf Rəcəbovun bu təklifi ilə razılaşmış, habelə həmin ərəfədə sonuncu ilə birlikdə narkotik vasitədən istifadə etmək istəsələr də, polis əməkdaşlarının onlara yaxınlaşdığını müşahidə etmiş, bu zaman o, Rauf Rəcəbovun ona verdiyi narkotik vasitəni cibindən yerə ata bilməmiş, o cümlədən sözügedən gün, saat 18:00 radələrində Siyəzən şəhərinin T.İsmayılov küçəsində saxlanılaraq, aparıldığı RPŞ-nin növbətçi hissəsində sorğu əsasında əynindəki şalvarın sağ yan cibində olan ağ rəngli kağız bükülüdə narkotik vasitə marixuananı təqdim etmişdir. Eyni zamanda, ona müdafiəçinin hüquqi yardımından istifadə etməsi təklif edilsə də, o, bundan imtina etmişdir. Beləliklə, o və Rauf Rəcəbov birlikdə narkotik vasitədən istifadə etmək istəsələr də, polis əməkdaşlarına görə buna nail ola bilməmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olan Şəxs və X1 şəhərinin T.İsmayılov küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı Şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində olan ağ rəngli kağız bükülüdə yaşıl rəngli kəskin qoxulu narkotik vasitə marixuana və bir ədəd siqaret kötüyü aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və o, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, toplanmış material üzrə aparılan araşdırma zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,1 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Şəxs və Rauf Rəcəbovun üzərində 22 sentyabr 2022-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, materiala əlavə edilmişdir. Bundan əlavə, qərarın, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2022-ci il tarixli, 7/1114 saylı ekspert rəyinin surətlərindən görünür ki, Şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir obyekt olduğu üçün müqayisəli tədqiqat aparılmamışdır. Təqdim edilmiş bir ədəd siqaretdə narkotik maddələrin izləri yoxdur. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,1 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 02 noyabr 2022-ci il tarixdə verilmiş 6533 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Eyni zamanda, 20 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xəta hadisəsi barədə başlanılmış inzibati araşdırma ilə əlaqədar Şəxs yerini müəyyən etmək mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraat 02 fevral 2023-cü il tarixdə dayandırılmış, 13 fevral 2023-cü il tarixdə, saat 15:00 radələrində (işin faktiki hallarına əsasən) isə Şəxs Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tapılaraq RPŞ-yə gətirildiyindən sözügedən tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 19 iyul 2019-cu il təvəllüdlü Zəhra adında uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, qrup şəklində narkotik vasitənin təbliğində iştirakını (əldə edilib, saxlanılması), habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/2 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, həmçinin Şəxs üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, təhqiqat materialına əlavə edilməsi nəzərə alınmalı və onun üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,1 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana kütləsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 13 fevral 2023-cü il tarixdən saat 15.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,1 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana kütləsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar