Məhkəmə qərarları › İş №3(059)-155/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-155/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-155/2020 01.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 08:50 radələrində oğurluq faktında şübhəli bilinərək Siyəzən şəhəri, T.İsmayılov küçəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının rayon Polis Şöbəsinə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə polisin qanuni tələbinə qəsdən tabe olmayıb, hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Bundan başqa, həmin məqamda gətirildiyi RPŞ-nin növbətçi hissəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, həmin gün saat 15:15 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(059)-155/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-155/2020 saylı və 3(059)- 156/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-155/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 08:50 radələrində Siyəzən şəhəri, T.İsmayılov küçəsində dayandığı zaman bir neçə nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb, oğurluq hadisəsində şübhəli olduğunu bildirməklə, onu Siyəzən RPŞ-yə dəvət etmişlər. O, əvvəlcə polis əməkdaşlarından qaçmağa cəhd göstərsə də, buna nail ola bilməmiş və nəticədə, sonuncular onu saxlayaraq RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. O, Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı küçənin həyətindən siqaret kağızına bükülü formada tapdığı marixuananı elə həmin gün evlərinin həyətində tut ağacının altında axşam saatlarında çəkmək yolu ilə qəbul etmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X6 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 08:50 radələrində Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X3 ilə xidmətdə olan zaman Siyəzən şəhəri, T.İsmayılov küçəsində dayanmış Şəxsna yaxınlaşmış, özlərini təqdim edərək RPŞ-nin əməkdaşı olduqlarını, X1 məxsus dəmir konstruksiyaların oğurlanmasında şübhəli olduğuna görə onlarla birlikdə RPŞ-yə getməli olduğunu bildirmişlər. Lakin, Şəxs onların qanuni tələblərinə tabe olmayıb qaçmağa cəhd göstərmişdir. O, birgə xidmətdə olduğu X8 Tağıyevi məcburi şəkildə saxlayaraq, RPŞ-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X3 şahid Akşin Vəliyevin izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncunun izahatını bir daha təsdiqləmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, A/611 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun marixuanadan istifadə etməsi aşkar edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 08:50 radələrində oğurluq faktında şübhəli bilinərək Siyəzən şəhəri, T.İsmayılov küçəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının rayon Polis Şöbəsinə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə polisin qanuni tələbinə qəsdən tabe olmayıb, hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Bundan başqa, həmin məqamda gətirildiyi RPŞ-nin növbətçi hissəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, həmin gün saat 15:15 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin sonuncu xx xxx 2020-ci il tarixli, 3(059)-91/2020 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən xx xxx 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin qərarı ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati qaydada tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyə olunmaq niyyətinin olmamasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq, onun İXM-nin 206 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 08.50 radələrində saxlanılaraq, elə həmin gün 16:45-də inzibati qaydada tutulmuş və ondan sonra faktiki olaraq azad edilməmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 08.50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar