Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-159/2022 23.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə 26 avqust 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Siyəzən rayon Statistika İdarəsində ərazi gözətçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 iyul 2022-ci il tarixdə, saat 10:30 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən X1rşısında Zərərçəkmiş şəxs ilə yaranmış mübahisə zamanı ictimai qaydanı pozub, sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, habelə həmin məqamda orada, eləcə də küçədə Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 23 sentyabr 2022-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 3(059)-159/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-159/2022 saylı və 3(059)- 160/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-159/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 01 iyul 2022-ci il tarixdə, saat 10:30 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən X1rşısında Zərərçəkmiş şəxs ilə yaranmış mübahisə zamanı ictimai qaydanı pozub, sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, habelə həmin məqamda orada, eləcə də küçədə Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilsə də, 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 01 iyul 2022-ci il tarixdə, 10:30 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsindəki X1rşısında arvadı Zərərçəkmiş şəxs işlədiyi yaşıllaşdırma idarəsinin sahə rəisi Farizlə əyləşib çay içərkən, qəflətən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, orada olan şəxslər arasında ünvanına “oğraş”, “şərəfsiz” kimi nalayiq ifadələr işlətmiş, daha sonra, Fariz onlara yaxınlaşaraq, heç kimin olmadığı bir yerə keçmələrini tələb etmişdir. Bundan sonra, onlar Gənclər Mərkəzinin arxa tərəfinə keçmişlər. Orada olarkən Zərərçəkmiş şəxs ona qarşı etdiyi hörmətsizliyə görə şərəfsiz insan olduğunu bildirmiş, həmçinin Cəmaləni sağ üz nahiyəsindən iki dəfə sillə ilə vurmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Bununla belə o, Zərərçəkmiş şəxs vurduğuna görə peşmandır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 30 iyun 2022-ci il tarixdə şəhid atası Şahlar ona zəng vurmuş, habelə 01 iyul 2022-ci il tarixdə o, Şahlarla görüşməklə, sonuncuya ailə işlərinə atasının belə qarışmadığını, 7 ay Şəxs şans verdiyini bildirmişdir. 01 iyul 2022-ci il tarixdə, 10:30 radələrində yaşadığı ünvandan bağban kimi işlədiyi Siyəzən şəhəri, H. Əliyev küçəsindəki X4 gedərkən Şəxs sözügedən mərkəzin qarşısında əyləşdiyini görmüş, habelə sonuncuya yaxınlaşaraq, nömrəsini bir daha heç kimə verməməsini tələb edərək, onunla barışmaq istəmədiyini, boşanmaq istədiyini bir daha bildirmişdir. Bu zaman Fariz onlara yaxınlaşıb, məsələlərini heç kimin olmadığı bir yerdə həll etmələrini təklif etmiş, həmin vaxt onlar Gənclər Mərkəzinin arxa tərəfinə keçmişlər. Orada olarkən Fariz Rövşəni kənara çəkib, onun boşanmaq niyyətini bir daha bildirsə də, Rövşən boşanmaq istəmədiyini qeyd edərək, yumruqlar atmağa başlamış, bu zaman Fariz aralarında qalmış, habelə Amid köməyə gəlmiş, elə həmin məqamda onun saatı qırılmış, Rövşən isə yumruqla ona zərbələr vurmağa davam etmiş, nəticədə dodağı şişmiş, gözünə qan düşmüş, sağ almacıq nahiyəsi və qolu zədələnmişdir. Rövşən onu narahat edərək, hərəkətlərinə davam edib, dayanmadan ona zəng vurur. O, Şəxs şikayətçi olmaqla, sonuncu ilə barışmamışdır. Bu səbəbdən də, Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Eldar Şükürov tərəfindən qəbul edilmiş 29 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci və 510-cu maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 01 iyul 2022-ci il tarixli, 127 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sağ almacıq nahiyəsinin, üst dodağın selikli qişasının və sol said nahiyəsinin hərəsinin bir ədəd qançırı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, hündürlükdən yıxılma zamanı yaranan xəsarətlərə xarakterik deyil, yaranma müddəti bir günə qədər olub, 01 iyul 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, onun 3(059)-159/2022 saylı inzibati xəta haqqında materiala münasibətdə İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirməsi hissəsində təqsirini etiraf etməsi, səmimi peşmançılıq çəkməsi, faydalı əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsi, faydalı əmək fəaliyyəti ilə məşğul olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Digər, yəni Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan 3(059)-160/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 -ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verildiyi halda sonuncu məsuliyyətə cəlb oluna bilərdi. Lakin, məhkəmə iclasında iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlardan, eləcədə tədqiq edilən digər sübutlardan belə qənaətə gəlinir ki, protokolda göstərilən hərəkətlər cəmiyyətə açıq formada deyil, kənarda şəxsi münasibətlərlə bağlı ailə-məişət zəminində mübahisə zamanı baş vermiş, məhz şəxsi münasibətlərlə bağlı mübahisə zəminində nalayiq ifadələr işlədilmiş, Şəxs qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Bu hal isə Şəxs əməlində inzibati xəta tərkibinin olmasını bilavasitə istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 76-cı maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 53-cü maddəsinin İ hissəsinin 1-ci və 2-ci bəndlərinə əsasən inzibati xəta hadisəsi, eləcə də inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərtib edilmiş protokolda qeyd olunan dispozitiv şərt göstərilməmiş, inzibati xəta hadisəsi kimi sadəcə olaraq, nalayiq söyüşlərin ifadə edilməsi öz əksini tapmış, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta təfərrüatlı araşdırılmamış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda Şəxs əməlində inzibati xəta tərkibinin olması ilə əlaqədar ziddiyyətli vəziyyətin yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(059)-160/2022 saylı iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-159/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-159/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver