Məhkəmə qərarları › İş №3(059)-161/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-161/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-161/2025 26.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin rəisi X3 iştirakları ilə, 25 avqust 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Siyəzən RPŞ-in MSYnin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan X7 (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdim: X7 10 oktyabr 2024-cü il tarixdə, saat 22:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində X4 dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin rəisi X8 tərəfindən 26 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin İTB-nin rəisi X8 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən rayon prokurorluğundan daxil olmuş cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2024-cü il tarixli qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sözügedən qərarda Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin olması da qeyd edilmiş, lakin sonradan bununla bağlı Polis Şöbəsinə məktub göndərilərək, sonuncunun əməlində yalnız İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərinin olduğu qeyd edilmişdir. Ona görə də tərəflərindən İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 03 oktyabr 2024-cü il tarixdə Siyəzən şəhəri ərazisində yerləşən 2 saylı tam orta məktəbin müəllimlərinin səhlənkarlığı nəticəsində həmin məktəbin məktəbəhazırlıq qrupunda tədris alan azyaşlı oğlu X5 gödəkcəsi, habelə başqa bir polis əməkdaşının övladı sözügedən məktəbdə itmişdir. Bununla belə, polis əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində azyaşlı uşaq tapılmışdır. Maraqlandıqları zaman gödəkcənin başqa bir şagirdin geyindiyini öyrənmişlər. Arvadı “WhatsApp” ani mesajlaşma proqramında olan “valideynlər” qrupuna mesaj yazaraq, gödəkcənin kimdə olması ilə bağlı maraqlanmış, habelə sinif müəlliminə zəng edilərək, gödəkcə hansı uşaq tərəfindən geyinilibsə, həmin uşağa eyni gödəkcədən alınması üçün sonuncunun valideynləri maddi yardım göstərə biləcəyi təklif edilmişdir. Sonradan gödəkcənin oğurlanması məlum olduğu üçün, məktəbdə quraşdırılmış müşahidə kamerasının görüntülərinin izlənməsini tələb etmiş, habelə bu görüntülərə baxıldıqdan sonra, arvadına gödəkcənin tapılması barədə məlumat verilmişdir. Həmçinin qeyd etmişlər ki, gödəkcəni yalnız məktəbdən gəlib aparmaq lazımdır, belə ki, bu hal müşahidə kamerasının görüntülərində öz əksini tapmalıdır. Beləliklə, arvadı tərəfindən ona bu barədə məlumat verildikdən sonra, 04 oktyabr 2024-cü il tarixdə sözügedən məktəbə getmiş, orada direktor müavini olan Rəmziyə müəlliməni görüb, ona yaxınlaşraq, gödəkcəni aparmaq üçün gəldiyini bildirmişdir. Həmin vaxt Rəmziyə müəllimənin iş otağında söhbət aparmış, sonuncu ona məktəbin idmançı şagirdi olduğunu bildirməklə yanaşı, onu digər müəllimlər ilə tanış etmiş, habelə bu hal məktəbdə quraşdırılmış müşahidə kamerasının görüntülərində də, öz əksini tapmışdır. Həmçinin həmin vaxt, Rəmziyə və ya digər müəllimlərə qarşı hörmətsizlik etməmiş, habelə birinci sinif otağının bağlı olmasını bəhanə gətirərək, gödəkcəni aparmasına süni maneə yaratmışdır. Hadisə ilə bağlı qeyd edir ki, onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs ona, “sən qudurmusan”, “sən qızmızsan”, “qapını niyə üzümə açmırsan, gödəkcəni gətirmişdim” deyə bildirdikdə, soruşarkən həmin şəxsin Rəşad olduğunu bilmiş, sonuncuya, müəllimin gödəkcəni məktəbdən aparmaq lazım olduğunun bildirdiyini demişdir. Bu danışıq zamanı Rəşada, gödəkcə məsələsini böyüdürsən desə də, sonuncu, “gözdə məhəlləyə gəlib, səni gəlib başa salacam” deyə cavab vermişdir. Belə ki, Rəşad yaşadığı evə gəlib, qapını döysə də, ailə üzvləri qapını açmamışlar. Bundan əlavə, 10 oktyabr 2024-cü il tarixdə toy məclisindən yaşadığı evin yerləşdiyi məhəlləyə gəlmiş, habelə məhəllədə avtomobilini satması ilə bağlı üç nəfər ilə söhbət aparmışdır. Beləliklə, həmin şəxsləri yola saldıqdan sonra, evə getməsi üçün yaşadığı binanın blokuna daxil olsa da, avtomobilinin yük yerində ərzaq məhsullarının qaldığını xatırlayıb, geri qayıtmış, habelə bu məhsulları yerləşdiyi çantaları götürüb, yenidən bloka daxil olarkən qarşısında Rəşada görmüş, bu zaman sonuncu arvadının ünvanına nalayiq ifadələr işlədərək, bu ifadələri onun işlətdiyini bildirmişdir. Bu zaman spirtli içkinin təsiri altında olan Rəşada arvadının və öz bacısının müəllim olduğunu, birincinin arvadının ünvanına həmin nalayiq ifadələr işlətmədiyini, sonuncuya bacı deyə müraciət etdiyini bildirmişdir. Bundan sonra, Rəşad, onun qayınatasının ünvanına da, nalayiq ifadələr işlətmiş, habelə o, Rəşadın hərəkətləri barədə barədə rayon Polis Şöbəsinə məlumat vermək üçün avtomobilinin günlüyündə olan mobil telefonunu götürmək istəmiş, lakin Rəşad onun ailəsi barədə söz dedikdə, sonuncuya “get öz ailənlə maraqlan” deyə cavab vermişdir. Daha sonra o pilləkənləri qalxan zaman, birdən gözü qaralmış, əvvəlcə təzyiqinin düşdüyünü hesab etsə də, sonradan üzündən qan gəldiyini görüb arxaya döndükdə Rəşadın əlində olan metala bənzər əşya ilə onun qol və baş nahiyəsinə xəsarət yetirdiyini anlamışdır. Bu zaman onlar itələşərək, məhəlləyə çıxmış, zibil qutularının yerləşdiyi yer yaş vəziyyətdə olduğu üçün yerə yıxılmışlar. Daha sonra, atası, həmçinin Rəşadın anası yanlarına gəlmiş, sonuncu ondan və onun atasından Rəşaddan şikayətçi olmamasını xahiş etdiyi üçün, həmin vaxt həkim müayinəsindən keçməmişdir. Bununla belə, qeyd edir ki, üç dəfə dünya və avropa çempionu olması səbəbindən Rəşada hər hansı bir əşya, bıçaqla xəsarət yetirməsinə ehtiyacı olmamaqla yanaşı, sonuncunu döymək niyyəti olmuş olsaydı onun yaşadığı evin qarşısında dayanar, bu niyyətini həyata keçirərdi. Həmçinin, Rəşadın anasının xahişini nəzərə alıb, arada barışıq olması ehtimalına görə həkim müayinəsindən dərhal keçməmiş, habelə hadisə zamanı spirtli içki qəbul etməmişdir. Həmçinin onun tərəfindən bıçaqdan istifadə edilməsi halı ilə bağlı hər-hansı şahid yoxdur, Rəşad və arvadı birlikdə bu halı planlaşdırıb, Rəşada xəsarət izləri yaradıblar. Bununla yanaşı, Rəşad onun qayınatasına yaxınlaşaraq, 5000 manat pulun müqabilindən ondan şikayətçi olmayacağını bildirmişdir. Hazırda, Rəşadla barışmaq fikri olsa da, sonuncu barışmaq istəmir. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, onun arvadının direktor müavini işlədiyi məktəbdə övladının gödəkcəsi itmiş Şəxs dəfələrlə həmin məktəbə gedərək, vəzifəsindən sui-istifadə edib, arvadına hədə-qorxu gəlmiş, məktəbdə oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Sonradan Şəxs oğlunun gödəkcəsi tapılmış, habelə arvadı ona zəng edərək, gödəkcəni birinciyə təhvil verməsini istəmişdir. O, 04 oktyabr 2024-cü il tarixdə İlqarın yaşadığı evə gedərək, qapını döymüş, lakin qapını açan olmadığı üçün, gödəkcəni sonuncu ilə yaxınlıqda yaşayan xalası oğluna təhvil vermiş, habelə həmin tarixdə, saat 18:00 radələrində İlqarın mobil telefonuna zəng edərək, bu barədə məlumat vermişdir. Bu telefon danışığı zamanı İlqar ona “sən kimsən mənim evimə gedirsən”, “lazım olsa müəllim özü gətirər” deyə cavab verdiyindən o, sonradan görüşərik deyə bildirməklə, danışığı sonlandırmışdır. Lakin, İlqar sonradan ona zəng etməməklə yanaşı, gödəkcənin xalası oğlu tərəfindən ona verilməsi ilə maraqlanmamışdır. Bundan başqa, 10 oktyabr 2024-cü il tarixdə, təxminən saat 22:00 radələrində İlqarın yaşadığı evin yerləşdiyi məhəllədən keçərkən sonuncunun məhəllədə iki nəfər şəxs ilə söhbət etdiyini görmüş, bu zaman İlqar ona onunla işi olduğunu bildirmiş, habelə həmin iki nəfər şəxs isə oradan çıxıb getmişdir. Həmin vaxt İlqar ona, “kimsən evimə gödəkcəni aparırsan”, “lazım olsa müəllimlər əlimdən öpər, qarşıma dizi üstə gələrlər” deyə bildirmiş, birincidən sözlərinə fikir verməsini istəməklə yanaşı, onun spirtli içki qəbul etdiyini müəyyən etdiyi üçün, sabah görüşərik deyə cavab vermişdir. Həmçinin, İlqar ona “gözlə sənin qanını içəcəm” deyərək, avtomobilinin yük yerindəki çantanın içərisindən bıçağını götürmüş, habelə bu zaman o, qaçmağa cəhd etsə də, sonuncu ayağından vurmaqla onu yerə yıxaraq, bıçağı boğazına dayamışdır. Bıçaqla boğazından xəsarət almasının qarşısını alarkən barmaqları kəsilmiş, habelə İlqar bıçağın arxa tərəfi ilə baş nahiyəsinə xəsarətlər yetirmiş, onun və onları ayırmaq istəyən şəxslərin ünvanına nalayiq ifadələr işlətmişdir. Eyni zamanda, yardım alması üçün xəstəxanaya gedərkən xəsarət izlərinin şəkillərini çəkmişdir. Bundan sonra, şikayət etməsi üçün rayon prokurorluğuna getsə də, növbədə prokurorluq əməkdaşının olmadığı ona bildirilmiş, daha sonra isə rayon Polis Şöbəsinə getmişdir. Həmçinin 102 xidmətinə zəng etməklə məlumat verdikdə xidmətdən ona “polisin üzərinə polis göndərək” deyə cavab verilmişdir. Qeyd edir ki, münaqişə zamanı İlqara heç bir müqavimət göstərməmiş, həmçinin hadisə zamanı sonuncu tərəfindən istifadə edilən bıçaq ört-basdır edilmişdir. İlqar hadisədən 6 gün sonra xəsarət alması ilə bağlı ekspert rəyi alsa da, hadisə zamanı sonuncunun içkili olub-olmaması yoxlanılmamışdır. Bununla yanaşı, Şəxs ilə barışmaq fikri yoxdur, odur ki, sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 11 oktyabr 2024-cü il tarixli, 172 nömrəli rəyinin surətindən görünür ki, X1 bədəni üzərində boynun sağ yan səthinin cızığı, sağ əlin 3-cü və 1-ci barmaqlarının səthi kəsilmiş dəri yaraları, başın ənsə və üzün sol almacıq nahiyələrinin yumşaq toxumların əziyi, boynun sol yan səthinin və hər iki çiyin qurşağının sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlərdən boynun sağ yan səthinin yarası itiuclu, sağ və sol barmaqlarının yaraları kəsici kənara malik əşyanın (alətin), qalan xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, boyu hündürlüyündən sərbəst yıxılmaya və öz-özünə yetirilən xəsarətlərə xarakterik deyil, yaranma müddəti 1-2 günə qədər olub 10 oktyabr 2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurulmayan xəsarətlər olduqlarına görə dərəcəsi təyin edilmir. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 24-3-2-2-448-0297(111C-24) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddələrinin tərkib əlamətləri olması barədə Siyəzən rayon prokuroruna məlumat verilmişdir. Həmçinin, rayon prokuroru Ramil Əliyevin rayon Polis Şöbəsinin rəisi Xəqani Məmmədova ünvanlandığı 12 dekabr 2024-cü il tarixli, 2-2-448/2-198229/2024 nömrəli məktubundan görünür ki, Rəşad Mehbalıyevin əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin xx.xx.2025-ci il tarixli 3- 13/Ə16/2025 saylı əmrindən görünür ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun, Daxili İşlər Nazirliyinin 130-05 və 330-09 saylı əmrləri ilə təsdiq edilmiş “Daxili İşlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin, “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin tələblərini pozduğuna, anda və xidməti borca sadiq olmadığına, dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncə və aydın mövqe nümayiş etdirmədiyinə, vətəndaşların qanunla qorunan hüquqlarına hörmətlə yanaşmadığına, vətəndaş Rəmziyyə Mehbalıyevaya və həyat yoldaşı Rəşad Mehbalıyevə qarşı kobudluğa və nəzakətsizliyə yol verdiyinə, sonuncunun ünvanına qeyri-etik ifadələr işlətməklə münaqişə yaratdığına və ona qarşı fiziki təzyiq göstərdiyinə görə Siyəzən rayon X9 saxlama yerinin rəisi polis baş leytenantı Şəxs “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sözügedən hadisə ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Eyni zamanda barəsində DİN-nin xx.xx.2025-ci il tarixli əmri ilə vətəndaş Rəmziyyə Mehbalıyevaya və həyat yoldaşı Rəşad Mehbalıyevə qarşı kobudluğa və nəzakətsizliyə yol verdiyinə, sonuncunun ünvanına qeyrietik ifadələr işlətməklə münaqişə yaratdığına və ona qarşı fiziki təzyiq göstərdiyinə görə barəsində xəbərdarlıq növündə inzibati tənbeh tətbiq edilmiş, həmin tənbeh tədbiri də onun tərəfindən mübahisələndirilməmişdir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 11 sentyabr 2019-cu il təvəllüdlü Xancan və 27 iyun 2021-ci il təvəllüdlü Xanım adında iki azyaşlı uşağı vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ali təhsilli olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması və himayəsində iki azyaşlı uşağının olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, ali təhsili olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 450 (dörd yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar