Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-162/2022 26.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən vəkil X2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxx 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzində meşəbəyi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 03 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində Siyəzən şəhərinin H. Əliyev küçəsində Xaçmaz RPŞ-nin DYPB-nin sabiq rəisinin ünvanına ucadan nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 26 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində Şahid1 Vaz 2106 markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhərinin H. Əliyev küçəsi ilə hərəkətdə olarkən avtomobilin ödənilməmiş cərimələri olduğundan Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, bu zaman Şahid1 sürücülük vəsiqəsinin olmadığı məlum olmuşdur. Polis əməkdaşları tərəfindən sürücüyə qanunun tələbləri izah olunarkən Şəxs onlara yaxınlaşıb, Şahid1 nə üçün saxlandıqlarını soruşmuş, habelə buna fikir və iradını bildirmiş, hətta, mübahisə yaradaraq nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuşdur. Bununla əlaqədar, Şəxs barəsində araşdırma aparılaraq, 26 sentyabr 2022-ci il tarixdə Siyəzən RPŞ-nin TQ-nin təhqiqatçısı Emil Zülfüqarov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə qismən təqsirli bilərək izahatında bildirdi ki, o, 03 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində Siyəzən şəhərinin H. Əliyev küçəsindəki dayısı oğlu Şahid3 məxsus çayxanadan çıxarkən xalası oğlu Elşənin sürücüsü Şahid1 Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanıldığını görüb, onlara yaxınlaşmış, anlayış göstərmələrini polis əməkdaşlarından xahiş etmiş, həmçinin həmin vaxt, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmiş, lakin Xaçmaz RPŞ-nin DYPB-nin sabiq rəisi Elnur barəsində ifadələr səsləndirmişdir. Həmin vaxt anidən kiçik mübahisə yaransa da, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, habelə qısa mübahisə baş versə də, oraya kütlə toplaşmamışdır. Daha sonra, YPX avtomobili ilə RPŞ-nin növbətçi hissəsinə aparılmışdır. Qanunların tələblərini bilmədiyi üçün əməlləri qanunsuz formada əksini tapa bilər. Bundan əlavə, hadisədən bir gün əvvəl dayısı oğlu Heydər ilə dənizə getdiyi üçün bıçaq sonuncunun çantasında qalmış və həmin gün götürüb, cibinə qoymuşdur. Daha sonra, RPŞ-yə gedərkən, həmin bıçağı Şahid3 təqdim etmiş, sonuncu da götürüb, qaçmağa cəhd etmişdir. Meşəbəyi işlədiyi üçün meşə ərazisində tez-tez olduğuna görə vəhşi təbiətdən qorunmaq məqsədilə üzərində daim bıçaq gəzdirir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmaqla, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru Şahid2 izahatında göstərdi ki, son zamanlar avtomobilin sərxoş halda və sürücülük vəsiqəsi olmadan idarə edilməsi nəticəsində tez-tez yol-nəqliyyat hadisələri baş verdiyindən bu kimi halların qarşısının alınması məqsədilə rayon ərazisində də, müəyyən tədbirlər həyata keçirirlər. 03 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində olarkən ağ rəngli, VAZ 2106 markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin dönmə hərəkətini düzgün həyata keçirmədiyi üçün saxlanılması göstərişi vermiş və sürücü avtomobili OBA marketin qarşısında saxlamışdır. Beləliklə, polis əməkdaşı Musa Musayev VAZ 2106 markalı avtomobilin sürücüsünə yaxınlaşaraq, sənədləri təqdim etməsini tələb etmiş, lakin sonuncunun sənədləri qaydasında olmamışdır. Daha sonra, özü sürücü Şahid1 yaxınlaşıb, hansı səbəbdən etibarnamə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyini soruşmuş, sonuncu isə avtomobilin Elşən adlı şəxsə aid olmasını bildirmişdir. Eyni zamanda, avtomobilin üzərində həbs olmaqla, yanaşı 680 manat cərimə borcu da olmuşdur. Bundan sonra, o, sürücüyə avtomobilə əyləşib, avtomaşını cərimə meydançasına sürməsini tələb edərkən Şəxs onlara yaxınlaşıb, rayon sakini olduğunu bildirməklə, sürücünün getməsinə icazə verilməsini tələb etmişdir. Onlar buna icazə vermədikdə Şəxs kobud formada cavab verib, nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs sərxoş halda olmuş, habelə, sonuncu Xaçmaz RPŞ-nin DYPB-nin sabiq rəisi Elnur barəsində ifadələr səsləndirərək, sonunun da Elnur kimi olacağına dair hədə-qorxu gəlmişdir. Şəxs onların ünvanına nalayiq ifadələr səsləndirməsə də, belə ifadələri Xaçmaz rayonunun polis əməkdaşlarının ünvanına uca səslə işlətmişdir. Mübahisə ilə əlaqədar PPXT-nin əməkdaşlarını hadisə yerinə çağırarkən sonuncu üzərində gəzdirdiyi bıçağı Şahid3 gizli formada verərkən Musa Musayev yaxınlaşıb, bıçağı götürmüş, habelə həmin bıçaq ekspertizaya təqdim edilmişdir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi X4 izahatında göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində olarkən ağ rəngli, VAZ 2106 markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin üç aydan artıq müddətdə ödənilməmiş cərimələri olduğundan saxlanılması göstərişi verilmiş və sürücü avtomobili OBA marketin qarşısında saxlamışdır. Beləliklə, polis əməkdaşı Musa Musayev VAZ 2106 markalı avtomobilin sürücüsünə yaxınlaşıb, sənədləri təqdim etməsini tələb etmiş, lakin sonuncunun sənədləri qaydasında olmadığını, habelə etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyini bildirmişdir. Bu zaman Şahid2 sürücüyə avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirdikdə, Şahid1 ona avtomobilin Elşənə məxsus olduğunu qeyd etmişdir. Daha sonra, Şəxs oraya gələrək, mübahisə yaratmaqla, “gördünüz Xaçmazda nə etdim?” kimi ifadələr səsləndirməklə, yanaşı, polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs qardaşının da polis əməkdaşı olduğunu, sakitləşməsini, habelə nalayiq ifadələrə son qoymasını bildirməklə, sonuncunu nizamintizama dəvət etmişdir. Daha sonra, Şahid2 RPŞ-nin PPXT-nin əməkdaşlarını hadisə yerinə çağırmış və sonuncularla birlikdə Şəxs RPŞ-yə getmişdir. Məhkəmə iclasında Şahid1 izahatında göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində idarə etdiyi VAZ 2106 markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhəri, H. Əliyev küçəsində hərəkətdə olarkən Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, bu vaxt Şəxs oraya gələrək, polis əməkdaşlarından onun getməsinə icazə verilməsini xahiş etmişdir. Həmin vaxt, polis əməkdaşları tərəfindən saxlanılması və gəlib tədbir görməsi üçün avtomobilin sahibi Elşənə zəng edərkən Şəxslə RPŞ-nin əməkdaşları arasında mübahisə yaransa da, İntiqamın nalayiq ifadələr işlətdiyini eşitməmiş, habelə ətrafda kütlənin toplaşdığını görməmişdir. Məhkəmə iclasında Şahid3 izahatında göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində Şahid1la birlikdə işlətdiyi kafeyə qayıdarkən Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, habelə bibisi oğlu Şəxs onların polis əməkdaşları tərəfindən saxlanıldıqlarını görüb, ora yaxınlaşmışdır. Daha sonra, işçilərinə göstəriş vermək üçün kafeyə gedərək bir müddət hadisə yerindən uzaqlaşmış və yenidən oraya qayıtmışdır. Qayıdarkən Şəxs üzərində olan bıçağı ona verdikdən sonra o, hadisə yerindən uzaqlaşmağa cəhd göstərsə də, Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşı Musa Musayev ona yaxınlaşıb, hansı səbəbdən qaçdığını soruşmuş, bu zaman o, qaçmadığını, həmçinin üzərində qanunsuz heç bir əşya olmadığını bildirmiş və bıçağı Musa Musayevə təqdim etmişdir. Həmin vaxt Şəxs məqsədi Şahid1 polis əməkdaşlarının tutmamasına nail olmaq olmuşdur. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Zülfüqarov tərəfindən qəbul edilmiş 26 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İşdə olan hadisəni əks etdirən videogörüntüdən görünür ki, Şəxs 03 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində Siyəzən şəhərinin H. Əliyev küçəsində polis əməkdaşları ilə mübahisə etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan, eləcə də AA seriyalı, 070 nömrəli vəsiqənin surətindən görünür ki, himayəsində 22 fevral 2014-cü il təvəllüdlü Yusif, 11 iyul 2015-ci il təvəllüdlü Yunus və 19 mart 2018-ci il təvəllüdlü Zeynəb adında üç yetkinlik yaşına çatmayan övladı olan Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzində meşəbəyi vəzifəsində işləyir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi qismən etirafedici izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun təqsirini tam etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 90 (doxsan) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-162/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-162/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver