Məhkəmə qərarları › İş №3(059)-164/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-164/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-164/2022 26.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxx 1986-cı il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Şabran rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şabran rayon Polis Şöbəsindən daxil olmuş 16 iyun 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta protokola və inzibati xəta haqqında iş materialına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində tərtib edilmiş İXP seriyalı, ******* saylı protokola müvafiq olaraq, inzibati tənbeh olunmasına dair 06 aprel 2019-cu il tarixli, TP seriyalı, ******* saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dispozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinə əsasən şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə, İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Odur ki, qeyd edilən inzibati xətanın törədilməsi vaxtının müəyyən edilməsi üçün ilk növbədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın, yaxud İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi tarix dəqiq müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası İXM-nin 138-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün və apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd olunan Məcəllənin 125.2-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərilməklə, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilməklə, eləcə də inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilməklə, məlumatlandırılır. Yenə bu Məcəllənin 122.1-ci maddəsinə görə Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə xətanın törədilməsinə görə qəbul edilmiş qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qərar ona Məcəllənin 57-ci maddəsinə əsasən rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsinə görə isə qərardan şikayətin verilməsi müddətin bitdiyi gün, şikayət verildiyi halda isə apellyasiya instansiya məhkəməsinin qərarı elan olunduqdan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minmiş olur. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinə əsasən şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə, 529.3-cü maddənin tərkibi yaranır. Beləliklə, işin faktiki hallarından da müəyyən edilir ki, Şəxs tərəfindən 06 aprel 2019cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şabran rayon Polis Şöbəsinin DYPB tərəfindən qərar qəbul edilmişdir. Lakin, sözügedən inzibati tənbeh tətbiq etmə haqqında qərar onun qəbul edilməsindən 3 ildən artıq müddət ötdükdən sonra, rəsmi qaydada Şəxs göndərilmiş, habelə 08 iyun 2022-ci tarixdə sonuncu tərəfindən qəbul edilmişdir. Bundan sonra, vəzifəli (səlahiyyətli) şəxs Şəxs həmin qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 20 gün müddətin 28 iyun 2022-ci il tarixdə və həmin qərarın 29 iyun 2022-ci il tarixdən qanuni qüvvəyə minməsindən 3 aylıq müddətin 29 sentyabr 2022-ci il tarixdə başa çatmasını, İXM-nin 529.3-cü maddə ilə nəzərdə tutulmuş xətanın isə 30 sentyabr 2022-ci il tarixdə törədilə bilməsini nəzərə almadan, qeyd olunan maddənin tələblərini pozmaqla, inzibati xəta haqqında protokol tərtib etmişdir. Yəni, İXM-nin 529.3-cü maddəsinin tələbləri baxımından vəzifəli (səlahiyyətli) şəxsin inzibati xəta haqqında protokolu tərtib etməsinə 30 sentyabr 2022-ci il tarixdə hüququnun yaranması aşkar olsa da, o, bu müddəti gözləmədən, habelə inzibati tənbeh tətbiq etmə haqqında qərarın Şəxs 08 iyun 2022-ci tarixdə rəsmi qaydada çatdırılmasından 8 gün sonra İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi qənaətinə gəlməklə, buna görə 16 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokolu tərtib etməsi Azərbaycan Respublikasının inzibati xətalara qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Çünki, göstərilən tarixdə İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş xəta törədilməsi qeyrimümkündür. Deməli, protokol tərtib edilən tarixdə inzibati xəta hadisəsi mövcud olmamış, o cümlədən baş verməmişdir. Belə olan halda, hər hansı bir şəxs protokol tərtib edilən tarixdə törədilməyən əmələ görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 114-cü maddəsinin İİ hissəsinin İ bəndinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yenə bu Məcəllənin 53-cü maddəsinin İ hissənini İ bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə göstərilənlərə əsasən və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta hadisəsi baş vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529.3-cü maddəsini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar