Məhkəmə qərarları › İş №3(059)-165/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-165/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-165/2020 15.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Şabran rayon icra və probasiya şöbəsinin rəisi X1 iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə keçmiş Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şabran rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Şabran Rayon Məhkəməsinə təqdim etmiş və bu Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 3(031)-11/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Məhkəmənin sözügedən qərarından narazı qalan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsapelyasiya şikayəti vermiş və şikayətə baxmış Sumqayıt Apelyasiya Məhkəməsi xx xxxx 2020-ci il tarixli, 3(105)-206/2020 saylı qərarı ilə, apelyasiya şikayətinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(031)-11/2020 saylı qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün materialları ilə birlikdə Siyəzən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(031)-1127/2017 saylı icra sənədinin icrasını təmin etməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən Şabran rayon icra və probasiya şöbəsinin rəisi X3 tərtib edilmiş protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(031)-1127/2017 saylı icra sənədinə əsasən Şabran şəhərinin Tofiq Abbasov küçəsində yerləşən “Turan” kommersiya mağazasına yaxın ərazidə köşkü qoymaq üçün verilmiş 06 (altı) kvadrat metr torpaq sahəsində inşa edilmiş özbaşına tikili Şəxs hesabına sökülməli və sözügedən torpaq sahəsi Şəxs qanunsuz sahibliyindən Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. Sözügedən icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, Şəxs icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şöbəyə dəvət olunaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmişdir. Bundan sonra, icra işinin həyata keçirilməsi istiqamətində zəruri hərəkətlər həyata keçirilsə də, xəta törədən şəxs qətnaməni icra etməyəcəyini açıq şəkildə bəyan etməklə qətnamənin icrasından qəsdən yayınır. Beləliklə, məhz göstərilənlərə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokolu tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, tərəfindən Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(031)-1127/2017 saylı qətnaməsindən apelyasiya və kassasiya instansiyalarına şikayət edilsə də, şikayət təmin edilmədən, sözügedən qətnamə isə dəyişdirilmədən saxlanmışdır. Lakin, bütün bunlara baxmayaraq, mövcud məhkəmə aktlarının olmasına rəğmən, o, sözügedən torpaq sahəsinin tələbkara verilməsinin əleyhinədir. Belə ki, həmin torpaq sahəsi onun qardaşı Namiq Babayevin istifadəsində olmuşdur. Qardaşının ölümündən sonra, qardaşı arvadı Bənövşə Babayeva qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də, bu mümkün olmamışdır. Bənövşə Babayevanın ölümündən sonra isə sonuncunun qardaşı Zərərçəkmiş şəxs yaranmış vəziyyətdən sui-istifadə edərək torpağı əldə etmək istəmiş və buna nail olmuşdur. O, sözügedən qətnamənin qanuni qüvvəsini aldığını və şərtsiz icra edilməli olduğunu bilir, lakin qeyd edilən hallar onda qıcıq reaksiyası yaratdığından (qardaşının istifadəsində olmuş torpağın Hafizə verilməsi səbəbindən) qətnaməni icra etmək niyyətində deyildir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(031)-1127/2017 saylı icra sənədinə əsasən Şabran şəhərinin Tofiq Abbasov küçəsində yerləşən “Turan” kommersiya mağazasına yaxın ərazidə köşkü qoymaq üçün verilmiş 06 (altı) kvadrat metr torpaq sahəsində inşa edilmiş özbaşına tikili Şəxs hesabına sökülməli və sözügedən torpaq sahəsi Şəxs qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Xəta törədən şəxs qətnaməni icra etməyəcəyini açıq şəkildə bəyan etməklə qətnamənin icrasından qəsdən yayınır ki, bu hal, sonuncunu məhkəmə iclası zamanı verdiyi izahat ilə də bir daha təsdiq edildi. Ona görə də Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini tələb edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(031)-1127/2017 icra sənədi icra olunması üçün Şabran rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə Şəxs tələbin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. İşdə olan Şabran rayon icra və probasiya şöbəsi tərəfindən ünvanlanmış 17 sentyabr və xx xxxxxx 2019-cu il tarixli bildirişlərdən görünür ki, Şəxs icra hərəkətlərinin həyata keçiriləcəyi yer və vaxt barədə lazımı qaydada (Şəxs həmin bildirişlərini rəsmi qaydada qəbul etməsi barədə xəbərnamə əlavə edilməklə) məlumat verilmişdir. İşdə olan 08 yanvar və xx xxxxxx 2020-ci il tarixli aktların surətlərindən görünür ki, icra məmurları Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(031)-1127/2017 saylı icra sənədinin icrası istiqamətində icra yerində olsalar da, Şəxs bu və ya digər formada icra sənədinin icrasından yayınmışdır. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(105)- 3446/2018 saylı qətnaməsindən görünür ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(031)-1127/2017 saylı qətnaməsindən cavabdeh Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, sözügedən qətnamə dəyişdirilmədən saxlanmışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(102)-3302/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(105)- 3446/2018 saylı qətnaməsindən cavabdeh Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3337/2020 saylı qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-236/2020 saylı qətnaməsindən iddiaçı Babayeva Bənövşə Zeyqəm qızının hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi ləğv edilərək iş üzrə icraat xitam verilmişdir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixdə Şəxs tərəfindən verilmiş və özündə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(031)-330/2013 saylı qətnaməsindən Azərbaycan Respublikası ƏMDK 5 saylı X8 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılanadək icra sənədinin icrasına möhlət verilməsini ehtiva edən ərizəsi əsasında çıxarılmış Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 8(031)-71/2019 saylı qərardadının surətindən görünür ki, Şəxs ərizəsi təmin edilmiş və Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(031)-330/2013 saylı qətnaməsindən verilən şikayətə baxılanadək sözügedən icra sənədinin icrasına möhlət verilməsi qərara alınmışdır. Bu qərardaddan narazı qalan Zərərçəkmiş şəxs şikayət vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(105)-212/2019 saylı qərardadı ilə şikayət təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 8(031)- 71/2019 saylı qərardadı ləğv edilmiş və Şəxs icra sənədinin icrasına möhlət verilməsi barədə ərizəsi rədd edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş şəxsi məlumatlardan görünür ki, Şəxs əlilliyi olan şəxsdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarı instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş göstərişləri birinci instansiya məhkəməsi üçün işin hərtərəfli və obyektiv araşdırılması baxımından zəruri xarakter daşımaqla işin məhkəmə müstəvisində ədalətli həllinə rəvac verir. Sumqayıt Apelyasiya Məhkəməsi xx xxxx 2020-ci il tarixli, 3(105)-206/2020 saylı qərarında hazırkı inzibati xəta haqqında iş üzrə araşdırılmalı bəzi göstərişlər qeyd etmişdir ki, həmin göstərişlər məhkəmə tərəfindən yerinə yetirilmiş və iş üzrə müvafiq araşdırmalar aparılmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi ilk öncə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(031)-330/2013 saylı qətnaməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maraqlarına münasibətdə aidiyyətinin olub-olmamasını, eyni zamanda, həmin qətnamədən verilmiş şikayətə baxmış apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini alıb-almamasının araşdırılmasını müəyyən etməyi qeyd etmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, əvvəla Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(031)-330/2013 saylı qətnaməsi üzrə tərəflər və onlar arasında yaranmış hüquq münasibətlərinin xarakteri fərqli olmuşdur. Bu hal Şəxs tərəfindən Şabran Rayon Məhkəməsinə sözügedən qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinin yuxarı instansiya məhkəməsi tərəfindən rədd edilməsi ilə də təsdiq edilir. Bundan başqa, onu da qeyd etmək olar ki, sözügedən qətnamə üzrə iddiaçı Babayeva Bənövşə Zeyqəm qızı cavabdeh Azərbaycan Respublikası ƏMDK 5 saylı X4rşı Şabran şəhərinin Tofiq Abbasov küçəsində yerləşən “Turan” kommersiya mağazasına yaxın ərazidə köşkü qoymaq üçün verilmiş 06 (altı) kvadrat metr torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin özünün adına rəsmiləşdirilməsi tələbi ilə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(031)-330/2013 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-236/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. İddiaçı Babayeva Bənövşə Zeyqəm qızının hüquqi varisi Zərərçəkmiş şəxs həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3337/2020 saylı qərarı ilə apelyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(031)-330/2013 saylı qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyindən heç bir hüquqi əhəmiyyət kəsb etməməklə Şəxs hər-hansı hüquqi və qanuni mənafeyinə toxunmur. Məhkəmə yuxarıda qeyd edilənlərdən başqa, onu qeyd edir ki, Şəxs icra tədbirlərinin həyata keçirilməsi istiqamətində dəfələrlə xəbərdar edilsə də (bunu barəsində inzibati xəta haqqında protokol tərtib etmiş orqanın icra sənədinin icrası istiqamətində etdiyi əməli hərəkətləri barədə təqdim edilmiş sənədlər də təsdiq edir), sonuncu icra sənədinin icrasından yayınmış və bu hal Şəxs məhkəmə iclası zamanı verdiyi izahatı ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş tərəfin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi ilk dəfə inzibati xəta törətməsini və əlilliyini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar