Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-165/2021 17.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının nümayəndəsi X12 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının direktoru X8 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X18 tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X18 16 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının X7 ərazisində qanunsuz ov etmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının sahə müfəttişi X17 tərəfindən 29 yanvar 2021-ci il tarixdə X9 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* saylı protokol tərtib olunmuş və həmin protokol əsasında Yusif Mustafayev 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarla 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X18 yuxarıda qeyd edilən qərardan Şabran Rayon Məhkəməsinə şikayət edərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 3(031)-90/2021 saylı qərarı ilə X9 şikayəti təmin edilmiş, sonuncu barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının direktoru X19 tərəfindən qəbul edilmiş 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının direktoru X19 apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 3(105)-329/2021 saylı qərarı ilə Şabran Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 3(031)-90/2021 saylı qərarı ləğv edilmiş, inzibati material yenidən araşdırılması məqsədilə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin (Şabran Rayon Məhkəməsinin) qərarının kifayət qədər araşdırma aparılmamaqla, yəni, Şabran rayon Uzunboyad İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışda Şabran rayonun Məliklər kənd sakini X13 (Anar Bağırovun atası) şəxsi təsərrüfatında 03 baş iribuynuzlu mal-qaranın camış və ya inək olduğunun anlaşılmaması, X9 izahatında göstərdiyi hallara obyektiv qiymət vermək üçün həmin xüsusatın araşdırılması, habelə arayışı tərtib edən Uzunboyad İƏD üzrə nümayəndəsinin dindirilməsi zəruriliyi qeyd edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, X7 sahə müfəttişi tərəfindən 29 yanvar 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Altıağac Milli Parkının direktoru X8 09 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə ov qaydalarını kobud şəkildə pozduğuna görə 1000 manat inzibati cərimə edilmişdir. Halbuki, bu tamamilə əsassızdır. Belə ki, o, daha 2 nəfər şəxs və Anar 16 yanvar 2021-ci il tarixdə sonuncunun idarəçiliyində olan “Lada Niva 4x4” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Anar Bağırova aid itmiş 2 baş camışı axtarmaq üçün Şabran rayonu ərazisində yerləşən Xanlar Xanası deyilən əraziyə getmişlər. Həmin vaxt getdikləri yer insanların yaşamadığı, vəhşi çöl heyvanların mövcud olduğu ərazi olması səbəbindən özlərini vəhşi çöl heyvanlarından qorumaq məqsədilə biri sənədli, digəri isə sənədsiz olmaqla, 2 ədəd ov tüfəngi də götürmüşlər. Həmin gün qeyd olunan ərazidə olmaqla, nəqliyyat vasitəsindən düşüb Anar Bağırova məxsus heyvanları axtararkən adlarını sonradan bildikləri Şaiq Fərzəliyev və Mahir Əhmədov onlara yaxınlaşıb, həmin ərazidə nə etdiklərini soruşmuş, onlar isə cavablarında itmiş heyvanları axtardıqlarını bildirmişlər. Bundan əlavə, Şaiq Fərzəliyev və Mahir Əhmədov onlara yaxınlaşarkən silahlar əllərində deyil, Anar Bağırovun idarəçiliyindəki avtomaşında olmuş, onların yaxınlaşdığını görüb, həmin silahları və 1 qatar patronu qorxudan qamışlığa atmışlar. Çünki, onda olan silahın sənədi olmamışdır. Daha sonra, həmin şəxslərdən kim olduqlarını soruşduqda, sonuncular onlara qanunsuz ov etdiklərini bildirib, hədə-qorxu gəlməyə və onları şantaj etməyə başlamışlar. Bundan sonra, X7 mühafizə yegerləri Şaiq Fərzəliyev və Mahir Əhmədov özlərini təqdim etmiş, habelə Anar Bağırovun babasına məxsus, onun özü ilə gətirdiyi qoşa lülə tüfəng və Anara məxsus 1 qatar patron onlardan götürülmüşdür. Daha sonra, Şabran rayonunun ərazisinə çatdıqda Şaiq Fərzəliyev və Mahir Əhmədov həmin silahların onlara qaytarılması üçün onlardan ümumilikdə 500 dollar pul tələb etsələr də, bu tələb qanunsuz olduğundan onlara istədikləri pulu verməmişlər. Bundan sonra, Şaiq Fərzəliyev və Mahir Əhmədov 17 yanvar 2021-ci il tarixdə həmin silahları və patronları Şabran rayon Polis Şöbəsinə təhvil vermişlər. Ərazidə hər hansı bir plakat, bildiriş olmadığından onlar həmin ərazinin mühafizə olunan ərazi olduğunu bilməmiş, bu səbəbdən də ora daxil olmuşlar. Eyni zamanda, 16 yanvar 2021-ci il tarixdə onlar həmin əraziyə ov etmək məqsədi ilə getməmiş və həmin ərazidə ov etməmişlər. Bundan başqa, silahlar qamışlığa atılarkən sökülü vəziyyətdə olmaqla, Anar Bağırovun babasına məxsus qoşa lülə tüfəng qabda olmuşdur. Həmçinin, onlar hər hansı bir növ heyvan ovlamış olsa idilər, həmin heyvanın ölüsü onların yanında və ya nəqliyyat vasitəsində olardı. Eyni zamanda, o, həm aktı, həm də inzibati xəta haqqında protokolu əsassız olduğu üçün imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, onun hərəkətlərində inzibati xəta tərkibi olmamış və İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi baş verməmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. X3 qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə şikayətçi Yusif Mustafayevin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının nümayəndəsi X22 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, Altıağac Milli Parkının direktoru tərəfindən X9 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 manat inzibati cərimə edilməsi barədə 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərar qəbul edilmişdir. Belə ki, 16 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində ərazidə xidmətdə olarkən Şabran rayon ərazisində yerləşən Xanlar Xanası deyilən ərazidə qamışlıqda “Lada Niva 4x4” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşının saxlandığını görmüş, habelə oradakı göl tərəfdən silah səslərinin gəldiyini eşitmişdir. Bu zaman o, həmin yeri müşahidəyə götürmüş digər mühafizə yegeri Mahir Əhmədova bu barədə məlumat verib, onu köməyə çağırmış, habelə sonuncu bu çağırış əsasında onun yanına gəlmişdir. Təxminən bir müddət sonra, adlarını sonradan bildiyi Anar Bağırov, Yusif Mustafayev, Nicat Məmmədov və Röyal Məmmədov göldən çıxaraq avtomobilə tərəf yaxınlaşmış, həmin şəxslərdən Anar Bağırovun və Yusif Mustafayevin əynində kombinizon, əllərində silah olsa da, digər 2 nəfərdə isə heç nə olmamış, habelə silahlı şəxslər onları görən kimi əllərindəki silahı qamışlığa atmışlar. Bundan sonra, onlar həmin şəxslərə yaxınlaşıb, qadağan edilmiş əraziyə hansı səbəbdən daxil olmalarını, həmçinin qanunsuz olaraq ərazidə ov etdiklərini bildirdikdə, sonuncular kəskin şəkildə onlardan kim olduqlarını soruşub, hədə-qorxu gəlməyə başlamış, habelə ərazidə ov deyil, balıq tutmaq və yeyib içmək üçün gəldiklərini qeyd etmişlər. Halbuki, həmin məqamda adları çəkilən şəxslər 2 saatlıq müşahidə zamanı silahdan istifadə etmiş, lakin, hər hansı bir heyvan ovlaya bilməmişlər. Buna baxmayaraq, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1. maddəsində ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü kimi tərif edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibatı məsuliyyətə cəlb olunması üçün vəhşi heyvanların vurulması zəruri şərt deyildir. Ara bir qədər sakitləşdikdən sonra, onlar əraziyə qanunsuz daxil olmuş şəxslərdən silahları tələb etmiş, sonuncular əvvəlcə tüfəngləri vermək istəməsələr də, sonradan bununla razılaşıb, silahları Mahir Əhmədova təhvil vermişlər. Silahlardan biri suyun qırağında açıq vəziyyətdə, digəri isə çexolda olmuşdur. Bundan əlavə, şikayətiçi hazırda olanları etiraf etməsə də, 16 yanvar 2021-ci il tarixdə baş verənlərlə bağlı müvafiq video material və foto şəkillər toplanmışdır ki, bu materiallarda da hər şey aydın şəkildə öz təsdiqini tapmışdır. Eyni zamanda, Anar Bağırov, Yusif Mustafayev, Röyal Məmmədov və X36 rayonu, Məliklər kənd sakinləridir və bu kənddən hadisə baş vermiş əraziyə nəqliyyat vasitəsilə getmək üçün Xəlilli - Çölquşçu - Hacıqaraqaşlı kəndlərindən keçməklə təxminən 20-25 kilometr məsafə qət edilməlidir. Yol boyu isə bir neçə yerdə ərazinin Altıağac Milli Parkının olması və ovun qadağan edilməsi barədə müvafiq yol kənarı nişanlar quraşdırılmışdır. Bu nişanları görməmək və yerləşdiyin ərazinin qoruq olduğunu bilməmək inandırıcı deyildir. Bundan başqa, büş vermiş inzibati xəta hadisəsi ilə bağlı müvafiq sənədləşmənin aparılması məqsədilə Yusif Mustafayev tərəflərindən idarəyə dəvət edilsə də, sonuncu gəlməmişdir. Məhz bundan sonra, tərtib edilmiş inzibati xəta haqqında protokol Yusif Mustafayevin yaşadığı ünvana göndərilmişdir. Həmçinin, saxlanılan şəxslərlə onların arasında pul söhbəti olmamışdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının, habelə şahidin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, şahid Şabran RİHB-nin Uzunboyad İƏD üzrə nümayəndəsinin müavini X20 izahatında göstərdi ki, 15 mart 2021-ci il tarixli, 137 nömrəli arayış onun tərəfindən yazılı şəkildə öz xətti ilə tərtib edilməklə, sabiq icra nümayəndəsi X15 tərəfindən təsdiq edilmişdir. Hər ilin sonu nümayəndəliyin ərazisindəki evlərdə heyvanların saya alması keçirilir və bu təsərrüfatbaşı kitabına daxil edilir. Tərtib olunmuş arayış 15 mart 2021-ci il tarixdə onun tərəfindən X16 təqdim edilmiş, habelə onun şəxsi təsərrüfatında 3 baş iri buynuzlu mal-qarasının olduğu qeyd edilmişdir. Bu təsərrüfatda dişi cinsindən 1 inək və 2 camış olmuş, həmin heyvanların balaları daha əvvəl satılmışdır. İnzibati materiala əlavə edilmiş 17 yanvar 2021-ci il tarixli, 65491 nömrəli Aktdan görünür ki, Altıağac Milli Parkının əməkdaşları 16 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Altıağac Milli Parkının X7 ərazisində yerləşən su gölünə yaxın qamışlıq ərazidə **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının dayanmasını görüb həmin avtomaşına yaxınlaşmışlar və həmin avtomaşında olan Şabran rayon Uzunboyad kənd sakini X9 və Şabran rayon Məliklər kənd sakini X23 orada qanunsuz ov silahları ilə ov etmələrini müəyyən etdikləri üçün onlarda olan ov silahlarını müsadirə etmişdirlər. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının sahə müfəttişi X5 29 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolunun və bu parkın direktorunun 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətlərindən görünür ki, X18 16 yanvar 2021-ci il tarixdə Altıağac Milli Parkının X7 ərazisində qanunsuz ov etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Altıağac Milli Parkının X7 ərazisində, ərazi boyu müvafiq qadağanedici işarələr qoyulmuşdur. Məhkəmə iclasında baxış keçirilən 1 ədəd CD diskin yaddaşına köçürülmüş video görüntülərdən görünür ki, X29, X18 və digər iki nəfər şəxs 16 yanvar 2021-ci il tarixdə Altıağac Milli Parkının X7 ərazisində, o cümlədən qadağan edilmiş yerdə ov qaydalarını kobud şəkildə pozmuş, habelə hadisə yerində xidməti geyimdə olan mühafizə yegerləri ilə kəskin şəkildə mübahisə etməklə, göldə balıq ovu üçün tor qurduqlarını bildirmişlər. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarına əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. CPM-in 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 07 iyul 2021-ci il tarixli, 3(059)-111/2021 saylı qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, həmin qərarla, habelə sözügedən material üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən videogörüntü ilə şikayətçi Yusif Mustafayevin və digərlərinin qadağan olunmuş əraziyə daxil olmalarının əsl məqsədləri məlum olmuş, bununla da, bütün ziddiyyətli məqamlar aradan qalxmışdır. Digər tərəfdən, Anar Bağrova məxsus camışların Şabran rayonunun Məliklər kəndindən hadisə baş verən yerə qədər təxminən 20-25 kilometr məsafə qət etməsi ağlabatan olmadığı üçün, Yusif Mustafayev və digər üç nəfər şəxsin itmiş camışların axtarılması məqsədi ilə həmin əraziyə getməsi inandırıcı olmamışdır. Çünki, iş materiallarına əlavə olunmuş mötəbər sənəd və sübutlardan, həmçinin işin faktiki hallarından da göründüyü kimi X18, X29, X24 və X2 sakinləridir və bu kənddən hadisə baş vermiş əraziyə nəqliyyat vasitəsilə getmək üçün Xəlilli - Çölquşçu Hacıqaraqaşlı kəndlərindən keçməklə təxminən 20-25 kilometr məsafə qət edilməlidir. Yol boyu isə bir neçə yerdə ərazinin Altıağac Milli Parkının olması və ovun qadağan edilməsi barədə müvafiq yol kənarı nişanlar quraşdırılmışdır. Eyni zamanda, X18, X29, X24 və X26 heyvanların axtarılması məqsədilə otarılan heyvanların hərəkət istiqamətini bilən həmkəndliləri Valeh adlı şəxsi də bələdçi kimi özləri ilə aparmamış, həmçinin, Altıağac Milli Parkının X7 ərazisinin mühafizə yegerlərinə heyvanları axtardıqlarını qeyd edib, qaranlıq havada sonunculardan kömək istəməmiş, əksinə onlarla kəskin şəkildə mübahisə etmişlər. Bundan əlavə, X38 Bağırovun şikayəti üzrə material araşdırılarkən Altıağac Milli Parkının ərazisinə gedərkən özlərini vəhşi çöl heyvanlarından qorumaq məqsədilə biri sənədli digəri isə sənədsiz olmaqla, 2 ədəd ov tüfənginin götürüldüyünü, həmin tüfənglərdən sənədsiz olanının özündə olduğunu, əynində kombinizon olmaqla, suya daxil olanlardan biri olduğunu, onlara yaxınlaşmış Şaiq Fərzəliyevə və Mahir Əhmədova onları əvvəlcədən görüb qorxduqlarından silahları qamışlığa atdıqlarını, özlərinin isə balıqçılığa gəldiklərini bildirdiklərini qeyd etmişdir. Həmçinin, məhkəmə Apellyasiya instansiyası məhkəməsi 14 sentyabr 2021-ci il tarixli qərarındakı göstəriş icra olunmaqla, Şabran RİHB-nin Uzunboyad İƏD üzrə nümayəndəsinin müavini X10 izahatı alınmış, habelə sonuncu 15 mart 2021-ci il tarixli, 137 nömrəli arayışın onun tərəfindən yazılı şəkildə öz xətti ilə tərtib edilərək, sabiq icra nümayəndəsi X15 tərəfindən təsdiq edildiyini, eləcə də X11 şəxsi təsərrüfatında 3 baş iri buynuzlu mal-qarasının olduğunu, o cümlədən bu heyvanların dişi cinsindən 1 inək və 2 camış olub, həmin heyvanların balalarının daha əvvəl satıldığını göstərmişdir. Lakin, məhkəmə iclasında inzibati xəta haqqında protokola, bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara, eləcə də inzibati xəta ilə bağlı təqdim edilmiş videogörüntüyə əsasən Yusif Mustafayevin 16 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Altıağac Milli Parkının X7 ərazisində heyvanları təqib etməklə, ov qaydaların kobud şəkildə pozması müəyyən edilmişdir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1. maddəsində ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü kimi tərif edilir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin İ və İİ hissələrinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına, yəni lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə, habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Ovçuluq haqqında” Qanunun tələblərinə əsasən şəxsin Azərbaycan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibatı məsuliyyətə cəlb olunması üçün onun tərəfindən hər hansı heyvanın vurulması və ya ovlanması zəruri şərt deyil. Həmin heyvanların izlənilməsi belə qanunsuz ov etmək kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bu Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134-cü maddəsinin İ hissəsinin İ bəndinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının direktoru X8 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının direktoru X8 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-165/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-165/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver