Məhkəmə qərarları › İş №3(059)-166/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-166/2021

20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-166/2021 20.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 oğlunun iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 12 saylı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 oğlu tərəfindən 19 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 15 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 12 saylı fərdi yaşayış evində Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirdiyini bildirdi. Eyni zamanda, 11 oktyabr 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 2013-cü ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və bu nikahdan 01 yanvar 2015-ci il tarixdə Fərhad, 17 dekabr 2017-ci il tarixdə isə Cənnət adında iki uşaqları doğulmuşdur. 14 sentyabr 2021-ci il tarixdə bibisi oğlu Ülvinin arvadı Xanım Cəmiləyə zəng vuraraq onlara getməsini xahiş etmiş, bu məqsədlə əvvəlcə bibisi oğlunun arvadı Xanım Ülvidən xahiş eləmiş, Ülvi də ona zəng vuraraq arvadı Cəmilənin onlara getməsinə icazə verməsini ondan istəmiş, o, da buna etiraz etməmişdir. Bundan sonra, bibisi oğlu Ülvi onların evinə gələrək arvadını və oğlu Fərhadı götürərək evlərinə aparmış, yolda onlar qızı Cənnəti də bağçadan götürərək bibisi oğlunun evinə getmişlər. Bibisi oğlu Ülvi onları evlərinə apardıqdan sonra çıxıb getmiş, o, arvadı Cəmilənin telefona cavab verməməsindən əsəbləşərək bibisi oğlu Ülviyə zəng vurub, ailəsinin harada olduğunu və Cəmilənin niyə onun zənglərinə cavab vermədiyini soruşmuş, bu zaman Ülvi evdə olmadığını, hansısa tanışının evində olduğunu Cəmiləni və uşaqlarını evlərində qoyaraq çıxıb getdiyini ona bildirmiş, lakin, arvadına zəng edərək onun narahat olduğunu onlara bildirəcəyini qeyd etmişdir. Həmin ərəfədə o, işdə olduğundan bibisi oğlu Ülvinin yaşadığı ünvana gedə bilməmiş, bundan sonra bibisi oğlu evdə olarkən ona zəng vuraraq, arvadı Cəmilə və uşaqlarının onlarda olduğunu və heç bir narahatçılığa səbəb olmadığını bildirmişdir. O, Cəmilənin telefonun onun maşınında qaldığını və ona görə də Cəmilənin onun zənglərinə cavab verə bilmədiyini də qeyd etmişdir. Bibisi oğlu Ülvi Cəmilənin telefonunu özünə qaytardıqdan sonra o, arvadına zəng vurmuş, habelə niyə belə diqqətsizlik etdiyini, onun bu hərəkətinin onu çox əsəbləşdirdiyini bildirmiş, həmçinin, özünün ora gələ bilməyəcəyini demişdir. Həmin gün işi çox olduğundan o, bibisi oğlu Ülvinin yaşadığı ünvana gedə bilməmiş, bu barədə bibisi oğluna bildirmiş və sonuncu da axşam saat 19:00 radələrində ona zəng vuraraq arvadı Cəmiləni və uşaqlarını özünün aparcağını qeyd etmişdir. Bundan sonra, onlar evə çatanda arvadı Cəmilə ona zəng vuraraq evdə olduğunu və qapını bağladığını bildirmişdir. O, işi çox olduğundan 15 sentyabr 2021-ci il tarixdə, saat 00:10 radələrində evə qayıtmış, bundan sonra arvadı Cəmiləni oyadaraq ondan niyə özünə qarşı hörmətsizlik elədiyini, zənglərinə niyə cavab vermədiyini soruşmuş, o, isə müxtəlif bəhanələr gətirərək heç bir günahının olmadığını qeyd etmişdir. Bu zaman onların arasında söz mübahisəsi başlamış və o da Cəmiləni üz nahiyəsindən 2 dəfə sillə ilə vurmuş, daha sonra ondan uzaqlaşmış və yatmışdır. Yaranmış mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, bu zaman yanlarında 2 azyaşlı övladları olmuşdur. Hazırda, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyi üçün barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 2013cü ildə Şəxsla evlənmiş və bu nikahdan 01 yanvar 2015-ci il tarixdə Fərhad, 17 dekabr 2017-ci il tarixdə isə Cənnət adında iki uşaqları doğulmuşdur. 14 sentyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində ərinin bibisi oğlu Ülvinin arvadı Xanım ona zəng vuraraq hava yaxşı olduğunu bildirib, onların həyətində samovar çayı içməyi təklif etmişdir. O, həmin vaxt Xanıma Cavidin evdə olmadığını, ondan icazə aldıqdan sonra gələ biləcəyini bildirmiş, bu səbəbdən də, Ülvi Cavidə zəng vuraraq onun onlara getməsi üçün icazə verib-vermədiyini soruşmuş, Cavid də ona Ülvigilə getməsinə icazə vermişdir. Bundan sonra, Ülvi onların evinə gələrək Caviddən icazə aldığı üçün onları aparmış, Cavidin də işdən çıxıb gələcəyini qeyd etmişdir. O, Ülvi ilə birlikdə sonuncunun avtomobili ilə onlara getmiş, həmin vaxt oğlu Fərhad onunla birlikdə olsa da, qızı Cənnət bağçada olmuş, gedərkən qızını da bağçadan götürüb özü ilə aparmışdır. O, Ülvigilə gedərkən xəbəri olmadan mobil telefonu Ülvinin avtomobilinə düşmüş, sonuncu onu evlərinə düşürəndən sonra çıxıb harasa getmiş, o da, Ülvinin arvadı Xanımla çay içməyə başlamışdır. Həmin ərəfədə Cavid ona bir neçə dəfə zəng vurmuş, lakin telefonu Ülvinin avtomobilində qaldığından bundan xəbəri olmamış, təxminən saat 16:00 radələrində Ülvi arvadı Xanıma zəng vuraraq Cavidin ona zəng vurduğunu, lakin onun telefona cavab vermədiyini qeyd etmişdir. O da həmin vaxt Xanımın vasitəsilə Ülviyə telefonunun onun avtomobilində qaldığından cavab verə bilmədiyini bildirmişdir. Bundan sonra, Ülvi evə qayıdaraq telefonunu özünə qaytarmış, o, da həmin vaxt Cavidlə əlaqə saxlamış, sonuncu ondan harada olduğunu, hansı səbəbdən telefona cavab vermədiyini və uşağı bağçadan götürübgötürmədiyini soruşmuş, o, isə gördüyü bütün işləri Cavidə izah etmişdir. Lakin, Cavid həmin gün Ülvigilə gəlməmiş, bu səbəbdən saat 20:00 radələrində Ülvi onu yaşadığı ünvana qaytarmışdır. O, evə gəldikdən sonra Cavidlə əlaqə saxlayaraq evdə olduğunu, yatacağını, qapının bağlı olduğunu və evə gələndə ona zəng vurmasını demişdir. 15 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində yatarkən Cavid gəlib onu oyadıb, onun zənglərinə niyə cavab vermədiyini soruşduqda, o, yatdığı üçün telefonun səsini eşitmədiyini bildirmişdir. Bundan sonra, Cavid təkrarən Ülvigildə olarkən hansı səbəbdən telefona cavab vermədiyini bir daha soruşmuş, o da həmin vaxt ona telefonunun Ülvinin avtomobilinə düşdüyündən cavab verə bilmədiyini qeyd etmişdir. Bu zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı Cavid onun üzərinə gələrək əvvəlcə başından, bel nahiyəsindən və ayaqlarından yumruqlarla vurmağa başlamış, daha sonra sakitləşib hamama çimməyə getmişdir. Bu mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt yanlarında iki azyaşlı uşaqları da olmuşdur. Bundan sonra, o, həmin gün günorta saatlarında evdə çörək olmadığından Cavidə zəng vuraraq evdə çörək olmadığını, tez gələcəksə çörək alıb gətirməsini sonuncuya bildirsə də, Cavid nə vaxt gələcəyini bilmədiyini qeyd etdiyi üçün o, övladı ilə birlikdə küçələrində yerləşən mağazaya gedib oradan çörək və yumurta alıb evə qayıtmışdır. Təxminən saat 18:00 radələrində Cavid evə qayıtmış, o isə ona yemək vermişdir. Bu zaman Cavid çörəyi haradan aldığını soruşmuş, o isə yaşadıqları küçədəki mağazadan aldığını bildirmişdir. Həmin vaxt Cavid ondan hansı səbəbdən mağazaya getdiyini soruşduqda, aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra, o, evdən çıxıb Siyəzən RPŞ-yə gedərək ərizə ilə müraciət etmişdir. Hazırda, o, Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini istəyir. Siyəzən rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı Eldar Şükürov tərəfindən qəbul edilmiş 11 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 18 sentyabr 2021-ci il tarixli, 247 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bud nahiyəsinin çoxlu sayda qançırları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsvir hissəsində göstərilən şəraitdə əl ilə yetirilə bilər, boyu hündürlüyündən yıxılması və özü tərəfindən yetirilmə zamanı yaranan xəsarətlər üçün xarakterik deyil, yetirilmə müddəti müayinə olunanın göstərdiyi 15 sentyabr 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 20 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 15 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 12 saylı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini səmimi etiraf etməklə, peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 18 oktyabr 2021-ci il tarixdə, saat 19:30-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 350 (üç yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar