Məhkəmə qərarları › İş №3(059)-166/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-166/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-166/2022 29.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxx 1978-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Gil-Gil Çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(067)-467/2020 saylı icra vərəqəsinə əsasən 3550 manat və həmin məhkəmənin 07 iyun 2022-ci il tarixli, 2(067)-1560/2022 saylı icra sənədi üzrə 1020 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 29 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, icraatda olan Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(067)-467/2020 saylı, eləcə də 07 iyun 2022-ci il tarixli, 2(067)-1560/2022 saylı icra sənədləri üzrə müvafiq olaraq 3550 manat və 1020 manat aliment borcunu ödəmədiyi üçün borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Belə ki, icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə borclu Şəxs dəfələrlə çağırışlar göndərilsə də, sonuncu icra yerinə gəlmədiyindən onun barəsində məcburi qaydada gətirilmə tətbiq edilmiş, habelə o, Siyəzən RPŞ tərəfindən gətirilib, rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Bu zaman borcludan aliment borclarını tam şəkildə ödəmək tələb olunsa da, sonuncu yalnız 28 sentyabr 2022-ci il tarixdə aliment ödənişinə dair 100 manatlıq, ümumilikdə 610 manatlıq qəbz təqdim etmişdir. Hətta, borclunun qeyd etdiyinə görə o, tələbkara iki dəfə ayrı-ayrılıqda 200 manat ödəniş də etmişdir. Borclu Şəxs mövcud borcunu ödəməməsinin səbəbi kimi tələbkar Zərərçəkmiş şəxs ilə 31 yanvar 2022-ci il tarixə kimi Siyəzən rayonunun Gilgilçay qəsəbəsində birgə yaşadıqlarını əsas gətirmişdir. Lakin, bununla bağlı borclu tərəfindən şöbəyə hər hansı bir sənəd də təqdim edilməmişdir. Təcrübədə də görülür ki, tərəflər bir yerdə yaşasalar da, bir-birinə qarşı aliment tələbləri olur. Bu səbəbdən də, aliment məbləğini ödənməmiş kimi nəzərə alıb, müvafiq hesablamalar aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, tələbkar Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayından 31 yanvar 2022-ci il tarixə kimi onunla birlikdə yaşamışdır. Bundan əlavə, o, tələbkara qəbzlə 610 manat, əlbəəl isə iki dəfə ayrıayrılıqda 200 manat ödəmişdir. Hazırda tələbkara 2700 manat aliment borcu qalmışdır ki, bu borcu da tam şəkildə ödəmək iqtidarında deyildir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, eləcə də 07 iyun 2022-ci il tarixli icra sənədləri üzrə Şəxs ona ümumilikdə 4080 manat borcu vardır. Belə ki, Şəxs ona 90 manat, 200 manat, həmçinin bacısının əri vasitəsilə 200 manat aliment ödənişi etmiş, sonuncu ödəniş 28 iyul 2022-ci il tarixdə icra edilmişdir. O, aliment borcunun borclu tərəfindən tam şəkildə ödənilməsini tələb edir. Aliment borcları ödənilmədiyinə görə Şəxs şikayətçidir. Bundan əlavə, o, Şəxs aliment borclarını tam şəkildə ödəyəcəyi təqdirdə, sonuncudan şikayətçi olmayacaq və onunla barışacaqdır, əks təqdirdə, Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(067)-467/2020 saylı, eləcə də 07 iyun 2022-ci il tarixli, 2(067)- 1560/2022 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri 29 iyul 2022-ci il tarixli qərarla bir icraatda birləşdirilmiş, habelə 04 may 2022-ci il tarixdə borclu barədə məcburi qaydada gətirilmə tətbiq edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 29 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, aliment borcları tam şəkildə ödənilməyəcəyi təqdirdə, Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, barəsində məcburi qaydada gətirilmə tətbiq edilməklə, icra yerinə gətirilməsini, bununla da icra məmurunun çağırışlarından yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən saat 15.45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar