Məhkəmə qərarları › İş №3(059)-168/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-168/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-168/2021 10.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayon Zarat Bələdiyyəsinin sədri X2 iştirakları ilə Siyəzən rayonu, Zarat kəndində yerləşən Siyəzən rayon Zarat Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Siyəzən rayon Zarat Bələdiyyəsinin ərazisində bərk məişət tullantıları qanunsuz olaraq qalaqlanır və yandırılır. Bələdiyyə tərəfindən tullantıların idarə olunması ilə bağlı heç bir tədbir görülmür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş şikayət əsasında Siyəzən rayonu, Zarat kəndi ərazisində Azərbaycan Respublikası “X4 haqqında” və İstehsalat və Məişət tullantıları haqqında” Qanunlarının icra olunması vəziyyətinin araşdırılması məqsədilə İdarə əməkdaşları tərəfindən 14-18 oktyabr 2021-ci il tarixlərdə keçirilmiş reyd zamanı Siyəzən rayonu Zarat bələdiyyəsinin Zarat kəndi ərazisində bərk məişət tullantılarının bələdiyyə ərazisində qanunsuz olaraq qalaqlandığı, yandırıldığı və qanunamüvafiq əraziyə daşınmadığı aşkar olunmuş, habelə faktla əlaqədar 18 oktyabr 2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, bundan sonra, Siyəzən rayon Zarat Bələdiyyəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayon Zarat Bələdiyyəsinin sədri X5 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi bələdiyyəni İXM-nin 271-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, bərk məişət tullantılarının qalaqlandığı ərazi bələdiyyənin ərazisi olsa da, ora qaz xəttinin qorunma zolağına daxildir. Bundan əlavə, məlumatsız Zarat kənd sakinlərinin özləri bərk məişət tullantılarını həmin əraziyə atmışlar. Bələdiyyənin özü isə məişət tullantılarının yığılması, nəql edilməsi üçün zəruri texniki vasitə və avadanlıqlara malik deyildir. Ərazidə bərk məişət tullantılarının qalaqlanmasından şikayətlənən Asif adlı şəxs isə Zarat kəndinin sakini olmasa da, orada evi vardır və o, məişət tullantıları ilə bağlı məsələlərə yerli özünüidarə qurumu tərəfindən nəzarət edildiyini bilməmiş, bu səbəbdən də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng vuraraq şikayət vermişdir. Hazırda, ərazi məişət tullantılarından təmizlənmiş və vətəndaşın hər hansı bir formada şikayəti qalmamışdır. Odur ki, törədilmiş əməlin məqsədyönlü şəkildə edilməməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayon Zarat Bələdiyyəsinin sədri X5 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi bələdiyyəni İXM-nin 271-ci maddəsi ilə təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun, bələdiyyənin bu əmələ, yəni İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirli olmamasını qeyd etməsi təmsil etdiyi qurumu müdafiə xarakteri daşıyır və gələcəkdə qurumu bu əməllə inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Siyəzən rayon Zarat Bələdiyyəsi İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 18 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan, o cümlədən təqdim edilmiş mötəbər sənədlərdən görünür ki, Siyəzən rayon Zarat Bələdiyyəsinin ərazisində bərk məişət tullantıları qanunsuz olaraq qalaqlanır və yandırılır. Bələdiyyə tərəfindən tullantıların idarə olunması ilə bağlı heç bir tədbir görülmür. Bundan əlavə, qeyd olunan bu hal Siyəzən rayon Zarat Bələdiyyəsinin sədri tərəfindən birbaşa etiraf edilməsə də, o, törədilmiş əməlin məqsədyönlü şəkildə edilmədiyini bildirmiş, habelə qeyd olunan vəziyyəti bələdiyyənin məişət tullantılarının yığılması, nəql edilməsi üçün zəruri texniki vasitə və avadanlıqlara malik olmaması ilə əsaslandırmışdır. Bununla belə, Siyəzən rayon Zarat Bələdiyyəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlandığı 14 oktyabr 2021-ci il tarixli məktubunda məişət tullantılarının qanunsuz olaraq Zarat Bələdiyyəsinin ərazisində mövcud olmasını etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən X4 tələblərinə əməl edilməməsi inzibati xətaya səbəb olan əməldir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydasının 10.5-ci bəndinə əsasən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər bələdiyyələr tərəfindən həyata keçirilir. Odur ki, Siyəzən rayon Zarat Bələdiyyəsi İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Siyəzən rayon Zarat Bələdiyyəsinə İXM-nin 271-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Siyəzən rayon Zarat Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bələdiyyəyə 6500 (altı min beş yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar