Məhkəmə qərarları › İş №3(059)-171/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-171/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-171/2022 03.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1958-ci il tarixdə keçmiş Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 25 mart 2022-ci il tarixdə, saat 16:08 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun Gil-gil çay kəndi ərazisindən keçən 112,5-ci kilometrliyində Şəxs idarə etdiyi “Qaz 33021” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşını qəfildən Zərərçəkmiş şəxs idarəsində olan “İsuzu NPR 66 L” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxarması nəticəsində, sonuncu idarəetməni itirərək yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə çırpılmış və yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 25 mart 2022-ci il tarixdə, saat 16:08 radələrində 22 fevral 2011-ci il tarixdən etibarnamə ilə idarə etdiyi “Qaz 33021” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində Siyəzən rayonu Gil-gil çay kəndi ərazisindən keçən 112,5-ci kilometrliyində təxmini 60-65 km/saat sürətlə hərəkətdə olarkən, yolun sağ hərəkət hissəsi nahamar olduğundan sol zolağa keçən zaman arxadan gələn Zərərçəkmiş şəxs idarəsində olan “İsuzu NPR 66 L” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə o baş nahiyəsindən Zərərçəkmiş şəxs isə ayağından xəsarət almışdır. Hadisə baş verən zaman bilavasitə iştirakçı olmasına baxmayaraq, necə baş verməsini görməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 25 mart 2022-ci il tarixdə, saat 16:08 radələrində yol vərəqəsi ilə 80-90 km/saat sürətlə idarə etdiyi “İsuzu NPR 66 L” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində Siyəzən rayonu Gil-gil çay kəndi ərazisindən keçən 112,5-ci kilometrliyində yolun sağ zolağı ilə hərəkətdə olan Şəxs 40-50 km/saat sürətlə idarə etdiyi “Qaz 33021” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşını xarici işıq siqnalını yandırıb ötmək istəyərkən sonuncu avtomobilin sol qabaq hissəsi ilə onun idarəsində olan avtomaşının sağ arxa hissəsinə toxanmış və o, idarəetməni itirərək yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə çırpılmışdır. Hadisə nəticəsində yüngül xəsarət aldığı üçün ev şəraitində 15 gün müalicə alsa da, Şəxs onun səhhəti ilə maraqlanmamış, habelə ona heç bir maddi yardım göstərməmişdir. Avtomaşına dəymiş zərəri özü ödəməsə də, sığorta şirkəti tərəfindən 5000 manat ödənilmişdir. Hadisə ilə bağlı Şəxs şikayətçi olmasa da, Şəxs ödənilmiş xəstəxana xərclərinin qarşılanmasını istəyir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Alay nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə protokol tərtib edilməsi üçün materiallar BDYPİ-nin YPX alayına göndərilmişdir. Həmçinin, qərarın, eləcə də sürücülük vəsiqəsinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də, etibarnamənin surətlərindən görünür ki, X1 məxsus “Qaz 33021” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşın sonuncu tərəfindən 22 fevral 2011-ci il tarixdən 30 il müddətinə Şəxs idarəçiliyinə verilmiş, həmçinin sonuncu 10 fevral 2021-ci il tarixdən 20 mart 2028-ci il tarixədək etibarlılıq müddəti olan “B1 B C1 C” kateqoriyalı sürücülük hüququna malik olmaqla, avtomobilini ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 04 aprel 2022-ci il tarixli, 54 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyunun, sağ bud və baldır nahiyələrində yumşaq toxumaların əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 25 mart 2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Bundan əlavə, yuxarıda qeyd edilən qərarın surətindən görünür ki, Şəxs öz hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş, yol-nəqliyyat hadisəsinin sxemindən, eləcə də yolnəqliyyat hadisəsinin görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd CD diskdəki videogörüntüdən görünür ki, Şəxs idarə etdiyi “Qaz 33021” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşınla 25 mart 2022-ci il tarixdə, saat 16:08 radələrində Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu, Gil-gil çay qəsəbəsi ərazisindən keçən 112,5-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yerdəyişməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs kifayət qədər yaşının olması və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar