Məhkəmə qərarları › İş №3(059)-173/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-173/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-173/2020 28.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə xx xxxxxx 1975-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020ci il tarixdə, saat 13:00 radələrində yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində narkotik vasitə olan marixuanadan istifadə etmiş, bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvanda X2 şikayəti əsasında saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində narkotik vasitə olan marixuanadan istifadə etdiyini, bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvanda X2 şikayəti əsasında saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan qanunsuz olaraq istifadə etməsinin aşkar edildiyini bildirdi. Eyni zamanda, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 3-4 il əvvəl həmkəndlisi və qonşusu X4 ilə birlikdə balıqçılıqla məşğul olmuş, sonralar isə tor quraşdırılması ilə bağlı aralarında yaranmış narazılıq səbəbindən bu fəaliyyətindən imtina etmişdir. Lakin, hər dəfəsində maşını ilə onun yanından keçərkən Kamran Səmədovun baxışları onda qıcıq yaratdığından, aralarında mübahisə yaranmışdır. Bunun da nəticəsində o, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində digər həmkəndlisi Şamillə birlikdə Kamran Səmədovu heç kimin olmadığı Siyəzən rayonu, Yenikənd kəndindən keçən su kanalının kənarına apararaq orada əl-qolunu bağlayıb, hər iki ayağının altını alışqanla yandırmışlar. Məhz bu səbəbdən də, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində X2 şikayəti əsasında saxlanılaraq Siyəzən RPŞ-yə gətirilib, növbətçi hissəyə təhvil verilmişdir. O, Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Belə ki, o, təxminən 1 il əvvəl tapdığı çətənə bitkisinin tumunu 2020-ci ilin mart ayının əvvəllərində öz istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində gizli bir yerdə əkmiş, sonradan isə ondan əldə etdiyi bitkini qurudaraq marixuana əldə etmişdir. Əldə etdiyi narkotik vasitəni isə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı evdə istifadə etmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, Qarabağ müharibəsi veteranı olmasının, eləcə də himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində narkotik vasitə olan marixuanadan istifadə etmiş, bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvanda X2 şikayəti əsasında saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxxxx 2020-ci il tarixli, A/677 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx xxxx 2003-cü il təvəllüdlü Vilayət, xx xxxxxx 2004-cü il təvəllüdlü Fatimə və xx xxxx 2013-cü il təvəllüdlü Hüseyn adında uşaqları vardır. İşdə olan Siyəzən rayon Hərbi Komissarlığı tərəfindən xx xxx 2001-ci il tarixdə verilmiş 019779 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, Qarabağ müharibəsi veteranı olmaqla, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması və əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, bununla belə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrindən faktiki saxlanılması və bundan sonra elə həmin tarixdə saat 22:20-dən inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 15.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar