Məhkəmə qərarları › İş №3(059)-174/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-174/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-174/2020 28.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(059)-351/2018 saylı icra vərəqəsinə əsasən tələbkar X4 ödəməli olduğu 1254 manatməbləğində aliment borcunu ödəməkdən yayınır və məhkəmə qətnaməsini icra etmir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(059)-351/2018 saylı icra sənədinə əsasən xx xxxx 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs xx xxxx 2018-ci il tarixdən başlayaraq X2 xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmalıdır. xx xxxxxxx 2018-ci il tarixdə icraatına daxil olmuş icra sənədi üzrə həmin tarixdə icraata başlanmış və borcluya tələbin könüllü olaraq 10 gün müddətinə icrası haqqında bildiriş və qərar göndərilmiş, lakin, tələbin icrası könüllü qaydada təmin edilməmiş və nəticədə borclunun 1254 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs şöbəyə dəvət olunaraq tələbkara olan borcu qısa müddət ərzində ödəməsi barədə ona xəbərdarlıq olunmuş, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmişdir. Qeyd edilən icra sənədi şöbənin icraatına daxil olduqdan sonra müvafiq icra tədbirləri həyata keçirilsə də, Şəxs borcunun ödənilməsi istiqamətində kifayət qədər əməli tədbir görməmişdir. Eyni zamanda, tələbkar aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onun Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən tələbkara 1254 manat aliment borcu vardır. O, tələbkara ümumilikdə 2750 manat aliment ödənişi həyata keçirmiş, o cümlədən sonuncu dəfə bu ayın əvvəlində 150 manat aliment ödənişi etmişdir. O, əvvəllər Siyəzən rayonunun ərazisində “Damla” restoranında ofisiant kimi işləsə də, sonradan ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar bir müddət işsiz qalmışdır. Hazırda isə fərdi qaydada əmək fəaliyyəti ilə, yəni fəhləliklə məşğul olaraq gündəlik 5-10 manat qazanc əldə edir. Maddi imkanı ilə bağlı aliment borcunu bir dəfəyə ödəyə bilmir. Gələcəkdə imkanı olarsa, aliment borcunu ödəyəcəkdir. Bundan əlavə, aliment borcunun ödənilməsi istiqamətində onunla tələbkar arasında xx xxxx 2020-ci il tarixdə razılıq olsa da, sonuncu uşağını ona göstərməkdən imtina etdiyi üçün o, aliment borcunu tam şəkildə ödəməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli icra sənədi üzrə mövcud olan 1254 manat borc Şəxs tərəfindən uzun müddət olar icra edilmir. Belə ki, o, Siyəzən rayon icra və probasiya şöbəsinə xx xxxx 2020-ci il tarixdə ərizə ilə müraciət edərək, Şəxs tərəfindən ona hər ay 154 manat sabit pul məbləğində alimentin və əlavə 46 manat olmaqla, cəmi 200 manatın ödənilməsinə etirazının olmadığını bildirmişdir. Lakin, Şəxs onunla arasında olan razılaşmanı pozaraq, ona qərəzli surətdə hər ay 150 manat aliment ödənişi həyata keçirmişdir. Dəfələrlə Şəxs mövcud olan borcunu tələb etməsinə baxmayaraq, sonuncu uzun müddət müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmaqla məhkəmə qərarını icra etmir. Ona görə də Şəxs şikayətçi olmaqla, 1254 manat aliment borcunun tam şəkildə ödənilməsini tələb edir və onun barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar