Məhkəmə qərarları › İş №3(059)-177/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-177/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-177/2021 10.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, Nizami küçəsi, Ailə yataqxanada qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 08 noyabr 2021-ci il tarixdə saat 00:15 radələrində Siyəzən şəhəri, Babək küçəsində oğurluq hadisəsi ilə bağlı ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə dəvət olunan zaman qaçaraq tabesizlik göstərməklə, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 09 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, icraatına daxil olmuş raport əsasında Şəxs barəsində inzibati xəta haqqında material toplanmışdır. Belə ki, Şəxs 08 noyabr 2021-ci il tarixdə saat 00:15 radələrində Siyəzən şəhəri, Babək küçəsində oğurluq hadisəsi ilə bağlı ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə dəvət olunan zaman qaçaraq tabesizlik göstərmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 535.1ci maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, təxminən 2-3 il olar narkotik vasitə istifadə edir. 08 noyabr 2021-ci il tarixdə, təxminən saat 00:15 radələrində yaşadığı Siyəzən şəhəri, Nizami küçəsi, Ailə yataqxanadan həyətə çıxmış, bu zaman Babək küçəsində Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq rayon ərazisində baş vermiş oğurluqlarla əlaqədar şübhəli olduğunu bildirib, onlarla RPŞ-yə getməyi təklif etmişlər. Bu vaxt o, polis şöbəsinə getməkdən imtina etmiş, nəticədə polis əməkdaşları ilə onun arasında mübahisə yaranmışdır. Bundan sonra da Siyəzən RPŞ-nin əməkdaşları dəfələrlə ona polis şöbəsinə getməyi təklif etməklə, onu polisin qanuni tələblərinə tabe olmağa dəvət etsələr də, o, xəbərdarlıqlara əhəmiyyət verməmiş, habelə həmin vəziyyətdən istifadə edib, qaçmağa başlamasına baxmayaraq, polis əməkdaşları onu saxlaya bilmişlər. Daha sonra, o, Siyəzən RPŞ-yə aparılıb, növbətçi hissəyə təhvil verilmiş, orada isə qonşusu X1 oğurluq etməklə, sonuncuya məxsus əşyaların satışından 85 manat pul əldə etdiyini, həmin pulla evə müxtəlif marketlərdən ərzaq aldığını etiraf etmişdir. Məhz bu səbəbdən də, o, 08 noyabr 2021-ci il tarixdə, təxminən saat 00:15 radələrində yaşadığı ərazidə Siyəzən RPŞ-nin əməkdaşlarını görərkən hər bir şeyin sonunculara məlum olduğunu anlamış və qorxduğu üçün hadisə yerindən qaçmaqla, uzaqlaşmaq istəmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X4 izahatında göstərdi ki, 08 noyabr 2021-ci il tarixdə, saat 00:15 radələrində Siyəzən şəhəri, Babək küçəsində post yoldaşı Fərrux Babazadə ilə xidmətdə olarkən rayon ərazisində baş vermiş oğurluq hadisələrində, o cümlədən X3 şikayəti əsasında şübhəli olan Şəxs görüb, ona yaxınlaşmış, bu zaman sonuncu onları görərək qaçmağa başlasa da, onlar Şəxs saxlaya bilmişlər. Bundan sonra, Şəxs baş vermiş oğurluq hadisələri ilə əlaqədar onlarla Siyəzən RPŞ-yə getməyi təklif etsələr də, qanuni tələblərinə tabe olmayan Elməddin təkrarən qaçmaq istəmiş, lakin, buna nail ola bilməmiş, habelə xidməti avtomaşına əyləşdirilərək RPŞ-nin növbətçi hissəsinə aparılıb təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X6 şahid Mahir Nadirovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 08 noyabr 2021-ci il tarixdə saat 00:15 radələrində Siyəzən şəhəri, Babək küçəsində oğurluq hadisəsi ilə bağlı ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə dəvət olunan zaman qaçaraq tabesizlik göstərməklə, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 25 sentyabr 2006-cı il təvəllüdlü Əli və 11 mart 2008-ci il təvəllüdlü Elşən adında uşaqları vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halın olmamasını, yüngülləşirən halların isə olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də xidməti vəzifəsini yerinə yetirməklə, onu zəruri araşdırmaların aparılması üçün dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hadisə yerindən qaçmasını, həmçinin hərəkətlərini davam etdirməyə cəhd etməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 08 noyabr 2021-ci il tarixdə, saat 00:15 radələrindən faktiki saxlanılması və bundan sonra, həmin gün saat 00:25-dən inzibati qaydada tutulması, bundan sonra azad edilməyərək məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 08 noyabr 2021-ci il tarixdən saat 00.15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar