Məhkəmə qərarları › İş №3(059)-178/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-178/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-178/2021 12.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə 12 dekabr 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs, 03 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhəri, A.Zahirov küçəsində Zərərçəkmiş şəxs faktiki idarəçiliyində olan VAZ 21013 markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan 1 ədəd “Pioneer” markalı maqnitofonu və 2 ədəd səsgücləndiricisini oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 120 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 12 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 03 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində qonşusu, eləcə də qohumu Zərərçəkmiş şəxs faktiki idarəçiliyində olan VAZ 21013 markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun yaşadığı evin qarşısında dayandığını görmüş, habelə həmin gün Turalın qardaşı İlqardan sonuncu üçün gördüyü işin pulunu almaq istəsə də, o, pulunu verməmiş, bu səbəbdən, həmçinin özünün də pulu olmadığına görə avtomaşına yaxınlaşmış, əlini avtomobilin qapısına atmış, bu vaxt qapının kilitli olmadığını aşkar etmişdir. Bundan sonra, o, avtomobilin sağ qabaq qapısını açaraq sərnişin əyləşən tərəfdən orada olan 1 ədəd “Pioneer” markalı maqnitofonu və avtomobilin sağ arxa qapısını açmaqla isə avtomobilin salonundan 2 ədəd səsgücləndiricisini yerindən çıxardaraq oğurlamışdır. O, həmin əşyaları yaşadığı evə apararaq orada saxlasa da, sonradan Siyəzən RPŞ-nin əməkdaşları vasitəsilə qaytarmışdır. Zərərçəkmiş şəxsə aid əşyaları qaytarsa da, sonuncu onunla barışmamışdır. Bununla belə, o, əməlindən səmimi peşmançılıq çəkdiyinə görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, VAZ 21013 markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Rasif Eyvazovun etibarnaməli idarəçiliyində olsa da, bu avtomobil təxminən 4-5 il olar onun faktiki istifadəsindədir. 03 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində sözügedən avtomobili yaşadığı evin qarşısında saxlayıb, adını bilmədiyi, amma üzdən tanıdığı şəxsin idarə etdiyi avtomobillə (taksi) toya getmiş, toydan evə qayıdaraq təxminən saat 21:00 radələrində avtomobilin mühərrikini işə saldıqda salondakı 1 ədəd “Pioneer” markalı maqnitofonun və 2 ədəd səsgücləndiricisinin yerində olmadığını aşkar etmişdir. O, həmin vaxt şübhələndiyi, qohumu Şəxs zəng vursa da, sonuncu onun zənginə cavab verməmiş, lakin bir müddət sonra onun istifadəsində olan mobil telefonun whatsapp tətbiqinə mesaj yazaraq Sumqayıt şəhərində olduğunu, habelə axşam saat 22:00-da Siyəzən şəhərinə qayıdacağını bildirib, törətdiyi əməli etiraf etmişdir. O, bir qədər gözləsə də, Şəxs onun humanist hərəkətinə adekvat cavab verməmiş, bu səbəbdən də 10 noyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-yə ərizə ilə müraciət etmiş, lakin, oğurluq edən şəxsi dəqiq müəyyənləşdirə bilmədiyi üçün ərizədə Şəxs adını yazmamış, kiməsə şər və ya böhtan atmaq niyyəti olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 120 manat maddi ziyan dəymiş, lakin ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və barəsində həbslə bağlı cəza verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs, 03 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhəri, A.Zahirov küçəsində Zərərçəkmiş şəxs faktiki idarəçiliyində olan VAZ 21013 markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan 1 ədəd “Pioneer” markalı maqnitofonu və 2 ədəd səsgücləndiricisini oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 120 manat məbləğində ziyan vurmuşdur. İşdə olan 11 noyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, 1 ədəd “Pioneer” markalı maqnitofon və 2 ədəd səsgücləndirici Siyəzən RPŞ-nin təhqiqatçısı Rəşad Təhməzovun iştirakı ilə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan X3 10 noyabr 2021-ci il tarixli izahatının surətindən görünür ki, VAZ 21013 markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşın onun etibarnaməli idarəçiliyində olsa da, bu avtomobil təxminən 4-5 il olar qardaşı Zərərçəkmiş şəxs faktiki istifadəsindədir. İşdə olan 12 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər ödənilmədiyindən Şəxs şikayətçidir və sonuncu barəsində həbslə bağlı cəza verilməsini xahiş edir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi, eləcə də barışıq olmasa da, dəymiş zərərin ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin sonuncu 30 avqust 2021-ci il tarixli, 3(059)-135/2021 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran halı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən yaxın vaxtlarda mülkiyyət əleyhinə inzibati xəta törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə, eləcə də mülkiyyət əleyhinə cinayət törətməsi ilə əlaqədar cinayət işinin olmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halları nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 11 noyabr 2021-ci il tarixdə, saat 18:00-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək ictimai işlər cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 180 (bir yüz səksən) saat ictimai işlər təyin olunsun. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar