Məhkəmə qərarları › İş №3(059)-179/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-179/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-179/2020 21.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə natamam-ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 39 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci və 206-cı maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 88 saylı evin 39-cu mənzilində anası Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bundan əlavə, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:20 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən müvafiq olaraq xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(059)-179/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-179/2020 və 3(059)-180/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-179/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raportlar, eləcə də cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar icraatına daxil olmuş və həmin raportlarla, habelə qərarla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməllərində İXM-nin 157-ci və 206-cı maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci və 206-cı maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, hazırda heç bir işlə məşğul olmur. Zərərçəkmiş şəxs onun anasıdır, lakin anasının son dövrlər onunla münasibəti korlanmışdır. Buna səbəb isə onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik vasitə istifadə etməsidir. Bundan əlavə, narkotik vasitədən istifadə etmədiyi vaxtlarda onun əsəbləri korlansa da, buna dözməyə çalışır. Lakin, xx xxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində onun yenə ağrıları başlamış və bundan sonra əsəbləri gərginləşmişdir. Bu zaman o, anası Zərərçəkmiş şəxs ağrıkəsici almaq üçün ona 10 manat pul verməsini istəmiş, sonuncu isə ona pulunun olmamasını bildirdikdə, o, bundan daha da əsəbləşmişdir. Daha sonra, anası Gültümən onun hərəkətlərindən qorxub, evdən çıxmaq istəməsinə baxmayaraq o, anasının qolundan tutub geri çəkmiş və anasını evə girməsi üçün möhkəm itələdikdə sonuncunun qolu sərt bir şəkildə divara dəymiş və anası xəsarət almışdır. O, bunu görüb sakitləşərək evdən çıxıb getmişdir. Lakin, anası artıq onun hərəkətlərindən bezdiyindən baş verən hadisə ilə bağlı Siyəzən RPŞ-yə şikayət etmiş və o, bu şikayət əsasında xx xxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində anası Gültümən ilə birgə yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 88 saylı evin 39-cu mənzilində saxlanılaraq Siyəzən RPŞ-yə gətirilib, növbətçi hissəyə təhvil verilmişdir. Bundan əlavə, o, xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında əvvəllər yaşadığı ünvanın həyətindən yerdən tapdığı narkotik vasitə olan kokosdan istifadə etmiş və Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olubolmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. Odur ki, hazırda əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və onun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, hazırda “Çıraqqala” şirniyyat evində işləyir və oğlu Şəxs onunla birgə Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 88 saylı evin 39-cu mənzilində yaşayır. Əvvəllər oğlu Yəhya ilə münasibətləri normal olsa da, sonradan sonuncunda narkotik vasitəyə asılılıq yarandığı üçün onların bu münasibətləri korlanmışdır. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 21:00 radələrində oğlu Yəhya həmişəki kimi ondan 10 manat pul istəmiş, o, isə pulunun olmadığını bildirdikdə, Yəhya onunla sözlə mübahisə etməyə başlamışdır. Bu zaman oğlunun hərəkətləri onu qorxutduğundan o, oğlu Yəhyanın ona xəsarət yetirməsindən ehtiyat edib, yaşadıqları mənzildən çölə çıxmaq istəsə də, sonuncu onun əlindən tutmaqla, qapıdan çıxıb getməsinə imkan verməmiş, habelə geri itələyən zaman sol qolunun divara dəyməsi nəticəsində o, həmin qolundan xəsarət almışdır. Bundan başqa, baş vermiş hadisə qısa zaman kəsiyini əhatə etmiş və mənzildə kənar şəxslər olmamışdır. O, hazırda oğlu Şəxs şikayətçidir və onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Fəzail Fərzəlibəyli tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərara əsasən məlum olur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Siyəzən RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxxx 2020-ci il tarixli, 242 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol saidin arxa səthində yumşaq toxumalarının əziyindən ibarət olan bədən xəsarəti aşkar edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinə olunan tarixdən təxminən 1-7 gün qabaqkı müddətə uyğun gəlir, öz-özünə yetirilməsi istisna olunmur, müayinə olunan ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni-divara dəyməsi nəticəsində alınması mümkündür, xəsarətin alınma şəraiti təhqiqat yolu ilə araşdırıla bilər, sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxxx 2020-ci il tarixli, A/729 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə kokosdan istifadə etməsi aşkar edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçidir və sonuncunu barəsində daha ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Beləliklə, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci və 206-cı maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, Şəxs İXM-nin 157-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, o cümlədən müxtəlif vaxtlarda iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 157-ci və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 həddində təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda, qeyd edirəm ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrindən faktiki saxlanılması və bundan sonra, elə həmin tarixdə saat 18:15-dən inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 12.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar