Məhkəmə qərarları › İş №3(059)-179/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-179/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-179/2021 16.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxxx 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Azəriqaz” İB-də kompüter texniki işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, A.Zahirov küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 04 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində “Elkin” marketdə tibbi maskadan istifadə etməmiş və bununla əlaqədar ona yaxınlaşan ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hadisə yerindən uzaqlaşmışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 15 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, icraatına daxil olmuş raport əsasında Şəxs barəsində inzibati xəta haqqında material toplanmışdır. Belə ki, Şəxs 04 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində “Elkin” marketdə tibbi maskadan istifadə etməmiş və bununla əlaqədar ona yaxınlaşan ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hadisə yerindən uzaqlaşmışdır. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 04 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində “Elkin” marketə parça maska almaq məqsədilə daxil olmuş, olmadığına görə isə oradan çıxmışdır. Bu zaman mağazanın qarşısında ona yaxınlaşmaqla, özlərini təqdim edən Siyəzən RPŞ-nin əməkdaşları ona “müəllim” deyə müraciət edərək, mağazada tibbi maskadan istifadə etməməsinin səbəblərini soruşduqda, o, mağazaya parça maska almaq üçün daxil olduğunu, lakin, orada maska olmadığını, bununla yanaşı, “müəllim”in məktəbdə olduğunu aqressiv şəkildə ifadə etmişdir. Həmin gün işdən vaxtından əvvəl çıxdığı üçün iş yoldaşı vasitəsilə müdirinin onu axtardığını öyrənmiş və bu onda həyəcan yaratmış, ona görə də polis əməkdaşlarına özündən asılı olmadan aqressiv cavab vermişdir. Bundan sonra, polis əməkdaşları ona heç nə deməmiş və sağollaşmışlar. Etibarnaməli idarəçiliyində olan VAZ 2107 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşdikdən sonra polis əməkdaşlarından biri təkrarən ona yaxınlaşmış, qapalı məkanlarda tibbi maskadan istifadə olunmasının mütləq olduğunu bildirsə də, o, avtomobilini sürüb hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra, Dilşən adlı polis əməkdaşı onu Siyəzən RPŞ-yə dəvət etmiş, bununla da, RPŞ-yə getmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X4 izahatında göstərdi ki, 04 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində post yoldaşları Telman Məmmədov və Taleh İsmayılovla xidmətdə olarkən həmin küçədə yerləşən “Elkin” marketdə bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görmüş, habelə sonuncu mağazadan çıxarkən ona yaxınlaşıb, özlərini təqdim edərək tibbi maskadan istifadə etmədiyinə görə İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağını bildirmiş, həmçinin bu məqsədlə Siyəzən RPŞ-yə dəvət etmişlər. Adını sonradan öyrəndikləri Şəxs həmin vaxt onların qanuni tələbinə məhəl qoymayaraq, marketin qarşısında saxladığı VAZ 2107 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınına əyləşmişdir. Bundan sonra, onlar bir daha Şəxs müraciət edərək, tibbi maskadan istifadə etməli olduğunu bildirib, avtomaşından düşməsini xahiş etmiş, lakin, sonuncu növbəti dəfə onların qanuni tələblərinə məhəl qoymayaraq nümayişkəranə şəkildə avtomobilini sürüb oradan uzaqlaşmışdır. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X2 şahid Cavidan Babayevin izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 04 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində “Elkin” marketdə tibbi maskadan istifadə etməmiş və bununla əlaqədar ona yaxınlaşan ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hadisə yerindən uzaqlaşmışdır. İşdə olan 1 ədəd CD diskə köçürülmüş videogörüntüdən Şəxs mağazadan çıxması, onun polis əməkdaşları tərəfindən mağazanın qarşısında saxlanılması, lakin polis əməkdaşlarından uzaqlaşaraq idarə etdiyi ağ rəngli, VAZ 2107 markalı avtomobilinə əyləşməsi, habelə hadisə yerindən avtomobili ilə surətlə uzaqlaşması görünür. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, “Azəriqaz” İB-də kompüter texniki işləyən Şəxs himayəsində 02 fevral 2009-cu il təvəllüdlü Əli və 20 may 2010-cu il təvəllüdlü Xədicə adında uşaqları vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının və faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, yəni ilk dəfə bu qəbildən olan inzibati xəta törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əməklə məşğul olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, onun İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 15 noyabr 2021-ci il tarixdə, saat 17:50-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 150 (yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar