Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-179/2022 26.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən orqan, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxxxx 1975-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 icra sənədi üzrə Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X3 Təsərrüfatı Mərkəzinin 05 mart 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən 400 manat cəriməni ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 12 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib edilmiş protokolu müdafiə edərək, izahatında bildirdi ki, Siyəzən rayon icra və probasiya şöbəsinə 13 may 2019-cu il tarixdə daxil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X3 Təsərrüfatı Mərkəzinin 05 mart 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli icra sənədinə əsasən Şəxs 400 manat məbləğində inzibati cərimə edilmiş, həmçinin onun icrasından yayınmışdır. İcra sənədinin könüllü icrasının təmin edilməsi məqsədilə Şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə gəlmədiyindən sonuncunun məcburi qaydada icra şöbəsinə gətirilməsi barəsində qərar qəbul edilmişdir. Bundan sonra, Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi gətirilmiş Şəxs izahatı alınmış, İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilməklə, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokola əlavə edilmiş sənədlərdən də məlum olur ki, Şəxs rəsmi qaydada məlumatlandırıldığı vaxtdan üç ildən artıq müddət keçməsinə baxmayaraq, inzibati cəriməni ödəməkdən yayınmışdır. Odur ki, Şəxs borclu olduğu məbləği qərəzli şəkildə ödəmədiyi üçün sonuncunun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, işləmədiyi üçün maddi vəziyyətində yaranmış çətinliklərə görə 400 manat məbləğində inzibati cəriməni ödəməmişdir. Bundan əlavə, o, hazırda qeyri-rəsmi formada yeni işə başlamışdır. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etməməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X3 Təsərrüfatı Mərkəzinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxsin) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X3 Təsərrüfatı Mərkəzinin 05 mart 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli icra sənədi icra olunması üçün aidiyyəti üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi icraata qəbul edilərək, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, sonuncu həmin bildirişi 10 iyun 2019-cu il tarixdə şəxsən almış və sözügedən icra sənədinin qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ötmüşdür. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 22 may 2006-cı il təvəllüdlü Əli və 06 iyun 2007-ci il təvəllüdlü Sevinc adında iki yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, onun İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 200 (iki yüz) saat ictimai işlər təyin olunsun. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-179/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-179/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver