Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-18/2022 09.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Şikayətçi – X4, onun vəkili və nümayəndəsi X8, Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X11, Siyəzən rayon prokurorunun nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 24 yanvar 2022- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarı ilə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 24 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə Mahəddin Əkbərov Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 24 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 izahatında bildirdi ki, o, 2 ədəd çəkisi 1 kq. 600 qr. olan nərə balığının ovlanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib, 24 yanvar 2022-ci il tarixdə 1000 manat cərimə növündə inzibati tənbeh edilmişdir. İnzibati cərimə edilməsi barədə 24 yanvar 2022-ci il tarixli qərar kobud qanun pozuntularına yol verilməklə, qanunsuz və əsassız olaraq tərtib edilməklə, yanaşı qərar, buna səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə işlərə İXM-nin 43.1-ci maddəsinə əsasən aidiyyət üzrə rayon (şəhər) məhkəməsində baxılmaqla, bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə məhkəmələr tərəfindən qərar qəbul edilməlidir. O, həqiqətən də, 20 noyabr 2021-ci il tarixdə X17 rayonu Həmyə Bələdiyyəsi ərazisindən balıq tutmaq məqsədi ilə bunun üçün bütün lazımi sənədləri olmaq şərti ilə müvafiq qanunvericiliyin tələblərinə tam riayət etməklə, Xəzər dənizinə (gölünə) daxil olmuş, orada balıq tutarkən digər balıqların arasında ölmüş, xarab olmuş, sonradan sahildə cəmi çəkiləri ona məlum olan 1 kiloqram 600 qram çəkidə 2 ədəd nərə cinsli balıqları da dəniz suları çirklənməsin deyə sahilə çıxarmışdır. Yəni onlar, həmin iki ədəd nərə cinsli balıqları ovlamamış, balıqlar ölü və xarab olmuş olduğu, eləcə də dənizi çirkləndirməmələri üçün sahilə çıxarmışlar. Belə olan təqdirdə, onun tərəfindən İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törədilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətində aparılan inzibati araşdırma onun iştirakı olmadan lazımı qaydada məlumat verilmədən aparılmışdır. Belə ki, inzibati araşdırma barədə müvafiq bildiriş ona rəsmi qaydada poçt vasitəsi ilə 24 yanvar 2022-ci il tarixdə, yəni barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi gün verilmişdir. Bundan əlavə, o, heç yerdə izahat yazmamış, onu oxuyub, imzalamamışdır. Lakin, inzibati araşdırma ilə əlaqədar ona zəng vurularkən bu barədə məlumat verilmiş, habelə barəsində 700 manatdan 1700 manatadək cərimə tənbeh tədbiri nəzərdə tutulduğu, o cümlədən 1000 manat inzibati cərimə ediləcəyi bildirilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını, habelə barəsində qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayətçinin vəkili və nümayəndəsi X13 şikayətçi Mahəddin Əkbərovun izahatına uyğun, eyni məzmunlu izahat verərək, qəbul edilmiş qərarın əsassız olduğundan ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X19 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarı ilə başlanmış inzibati icraat əsasında aparılmış müvafiq araşdırmanın nəticəsində Mahəddin Əkbərov 24 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarı 13 yanvar 2022-ci il tarixdə hüquqlarını təmsil etdiyi Xidmətin icraatına daxil olmuş, habelə inzibati araşdırma ilə bağlı şikayətçiyə 14 yanvar 2022-ci il tarixdə bildiriş göndərilmiş, eyni zamanda, Xidmətin şöbə müdiri Ataxan Bədəlov 19 yanvar 2022-ci il tarixdə Mahəddin Əkbərovla mobil telefon vasitəsilə əlaqə saxlayıb, onu 24 yanvar 2022-ci il tarixdə, saat 10:30-da inzibati araşdırmada iştirak etməsi üçün Xidmətə dəvət etmiş, bu zaman sonuncuya həmin tarixdə barəsində inzibati qaydada qərar olunacağı bildirilmiş və sənədləri olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan başqa, şikayətçinin şikayətinin əsaslarından birini təşkil edən balığın ölü tutulması arqumentinə münasibətdə qeyd edir ki, balıq ölü tutulmur, havasız qaldıqda ölür. Mahəddin Əkbərovun inzibati xəta əməlini törətməsi inzibati araşdırma zamanı tam sübuta yetirilmiş və qanunvericiliyin verdiyi hüquq əsasında Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən X5 onun inzibati cərimə edilməsi haqqında 24 yanvar 2022-ci il tarixli qərar qəbul etmişdir. Odur ki, görülmüş tədbirlər İXM-nin və ekoloji sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun icra edildiyinə görə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Siyəzən rayon prokurorunun nümayəndəsi X6 izahatında göstərdi ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ekologiya və təbii sərvətlər barədə materiallar toplanır, qərar çıxarılır və aidiyyəti üzrə orqana baxılması üçün göndərilir. Dənizdəki ölü balığı heç vaxt, heç kim götürmür. Həmçinin, Mahəddin Əkbərov izahatını oxumadan imzalamasını göstərsə də, bu tamamilə əsassızdır, habelə belə bir hal ola bilməz. Odur ki, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə şikayətçinin, onun nümayəndəsi və vəkilinin, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin), eləcə də Siyəzən rayon prokurorunun nümayəndəsinin, həmçinin şahidin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid X14 izahatında göstərdi ki, inzibati tənbeh etmə haqqında qərarın qəbul edilməsi üçün vətəndaşlara ünvanlanan məktubların bir sıra hallarda poçtla əlaqədar çatmaması və ya bir qədər gec çatması müşahidə olunduğundan, bunun qarşısını almaq məqsədi ilə hüquq şöbəsinin müdiri olaraq, həm özü birbaşa, həm də tabeliyində fəaliyyət göstərən əməkdaşlar bu məsələyə nəzarət edir, habelə mobil telefon nömrələri ilə əlaqə saxlanılaraq, barəsində inzibati araşdırma aparılan şəxslərə bu barədə qabaqcadan məlumat verilir və qərarın qəbul olunacağı vaxt, eləcə də yer barədə xəbərdarlıq edilir. 19 yanvar 2022-ci il tarixdə, saat 18:04-də o, istifadəsində olan 055 252 66 76 mobil nömrədən Mahəddin Əkbərovun istifadəsindəki 070 573 74 77 mobil nömrəyə zəng vuraraq, sonuncuya özünü təqdim etmiş, habelə Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən onun barəsində 11 yanvar 2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla, araşdırmanın aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinə göndərildiyini, 24 yanvar 2022-ci il tarixdə, saat 10:30-da barəsində qərar qəbul ediləcəyini bildirmişdir. Bu zaman Mahəddin Əkbərov həmin gün inzibati araşdırmada iştirak etməyəcəyi təqdirdə, hansı miqdarda cərimə olunacağı ilə maraqlanmış, o, isə qərar qəbul edən şəxs olmadığını, həmin məbləğin İXM 272.1-ci maddəsinin sanksiyasında göstərildiyini qeyd etmişdir. Mahəddin Əkbərovun cərimənin məbləği ilə bağlı təkrar sorğusu əsasında o, İXM 272.1-ci maddəsi ilə əvvəllər məsuliyyətə cəlb olunub-olunmamasını soruşmuş, “yox” cavabını aldıqda isə bu halın nəzərə alınacağını bildirmişdir. Əgər inzibati xəta barədə materialları göndərən respublika prokurorluğu olursa, onlar bununla bağlı prokurorluğa da məlumat verirlər. Bu tipli mübahisələrin baş vermə ehtimalı olduğu üçün onlar gücləndirilmiş vasitə olaraq həm mobil telefon, həm poçt vasitəsi ilə vətəndaşlara inzibati xəta haqqında iş üzrə icraat barədə daim məlumat verirlər. Bu halda isə o, Mahəddin Əkbərova bir dəfə zəng vurub məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, X9 “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, çəkisi 1 kq 660 qr olan 2 ədəd nərə cinsli balığı Xəzər dənizindən ovlamış, 20 noyabr 2021-ci il tarixdə DSX-nin X12 Regional Şöbəsinin əməkdaşları tərəfindən X23 Bölməsinin xidməti ərazisinin sağ cinah 79-cu yanalma körpüsündə rejim sularından BH-2831 bort nömrəli üzmə vasitəsinə baxış keçirilərkən 2 ədəd nəzərə cinsli balıq aşkar edilmişdir. İşdə olan DSX-nin X20 Şöbəsinin əməkdaşları və Mahəddin Əkbərov, eləcə də Salman Şərifov tərəfindən 20 noyabr 2021-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, həmin gün, saat 17:40-da ümumi çəkisi 1 kq 660 qr olan 2 ədəd nərə cinsli balıq araşdırma aparılması məqsədilə Mahəddin Əkbərov, eləcə də Salman Şərifovdan götürülərək Sahil Mühafizəsi ŞRŞ-nin anbarındakı soyuducuya yerləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin 14 yanvar 2022-ci il tarixli, Ç-BM/1722-008 nömrəli bildirişin, reyestrin, eləcə də 19 yanvar 2022-ci il tarixli telefon zəng göstəricisinin surətlərindən görünür ki, Mahəddin Əkbərov barəsində İXM 272.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumatlandırılmış, həmçinin, 24 yanvar 2022-ci il tarixdə, saat 10:30-da X7 Xidmətinə dəvət edilmişdir. Bu bildiriş 14 yanvar 2022-ci il tarixdə poçt qurumu vasitəsilə, Mahəddin Əkbərova göndərilmiş, həmçinin sonuncuya 19 yanvar 2022-ci il tarixdə, saat 18:04-də telefonla əlavə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulması inzibati xətaya səbəb olan əməldir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Bu Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. İş materiallarından da göründüyü kimi Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 11 yanvar 2022-ci il tarixli qərarı ilə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 272.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış inzibati material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş, habelə 13 yanvar 2022-ci il tarixdə Nazirliyin yanında X7 Xidmətinin icraatına dail olmuşdur. Bundan sonra, Mahəddin Əkbərov barəsində İXM 272.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumatlandırılmış, o cümlədən, 24 yanvar 2022-ci il tarixdə, saat 10:30 da X7 Xidmətinə dəvət edilməsi barədə bildiriş 14 yanvar 2022-ci il tarixdə poçt qurumu vasitəsilə ona göndərilmiş, həmçinin sonuncuya 19 yanvar 2022-ci il tarixdə, saat 18:04-də telefonla bu barədə əlavə məlumat verilmişdir. Beləliklə, şikayətçi Mahəddin Əkbərovun inzibati araşdırma ilə bağlı bildirişi vaxtında almaması, bununla da, barəsində aparılan araşdırma, eləcə də araşdırmanın gedişi barədə məlumatlı olmaması ilə bağlı fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, X7 Xidməti tərəfindən şikayətçi Mahəddin Əkbərova barəsində İXM 272.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumat verilmiş, habelə bu barədə bildirişin məzmunu mobil telefon vasitəsilə inzibati araşdırmanın aparılacağı 24 yanvar 2022-ci il tarixdən 5 gün əvvəl , yəni 19 yanvar 2022-ci il tarixdə ötürülməklə, ona əlavə məlumat verilmişdir. Bu hal məhkəmə iclası zamanı şikayətçi Mahəddin Əkbərovun özü tərəfindən etiraf edilməklə, yanaşı digər mötəbər sübutlar, o cümlədən izahatlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, şikayətçi Mahəddin Əkbərovun 20 noyabr 2021-ci il tarixdə 2 ədəd nəzərə cinsli balığı ovlamaması, habelə dənizin çirklənməməsi üçün onları sudan çıxarması barədə bildirdikləri də özünümüdafiə xarakteri daşımaqla, şikayətçinin şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 462 (siyasi partiyalara münasibətdə) 464 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523, 525 - 535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599 - 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-in 43.2-cü maddəsinə əsasən, bu Məcəllənin 54.2ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.23-cü bəndinə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İşin faktiki hallarından, tədqiq olunmuş mötəbər sənəd və sübutlardan, habelə bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi Azərbaycan Respublikası İXM-in 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq, nəinki rayon (şəhər) məhkəmələrinin, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə verilmişdir. Əgər, şikayətçinin qeyd etdiyi inzibati araşdırmanın aparılmasında, həmçinin qərarın qəbul edilməsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin səlahiyyəti olmadığı düşünülsə idi, bu zaman Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi 11 yanvar 2022-ci il tarixli qərarla X9 barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə toplanmış inzibati materialı baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərər, bu tip mübahisənin yaranmasının qarşısını alardı. Eyni zamanda, baxılır dedikdə, bu geniş mənada başa düşülməli, habelə bu, müvafiq orqan tərəfindən zəruri qərarın qəbul edilməsi imkanının olması kimi anlaşılmalıdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin inzibati araşdırmanın aparılmasında, eləcə də Mahəddin Əkbərovun barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə 24 yanvar 2022-ci il tarixli inzibati cərimə edilməsi barədə səlahiyyəti olmuş, habelə bu zaman inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 24 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X10 Fizuli oğlunun göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 24 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-18/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-18/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver