Məhkəmə qərarları › İş №3(059)-182/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-182/2021

01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-182/2021 01.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx xxxxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29 sentyabr 2021ci il tarixdə, saat 23:00 radələrində yaşadığı Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 30 saylı evdə saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,098 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 01 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmaqla, yanaşı təxminən 1-2 ilə yaxın olar, düşəndə narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir. 29 sentyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı yaşadığı Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 30 saylı evdə yerləşən qardaşı Emin Nəcəfova məxsus bərbərxanada narkotik vasitə istifadəçisi kimi tanıdığı Siyəzən şəhər sakini X2 ölməsi ilə əlaqədar polis əməkdaşları həmin ünvanda olarkən ona qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli olmaqla, bu barədə Siyəzən RPŞ-si tərəfindən əməliyyat məlumatlarının olduğu bildirilərək üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə rayon Polis Şöbəsinə dəvət edilmiş, o, da buna etiraz etməyərək, polis əməkdaşları ilə birgə RPŞ-yə getmişdir. Orada, növbətçi hissədə üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə müstəntiq tərəfindən şəxsi axtarış keçiriləcəyi bir daha izah edilmiş, o, isə buna etiraz etməmişdir. Bundan sonra, ona hüquq və vəzifələri izah olunmaqla, hüquqlarının müdafiəsi üçün ona müdafiəçi X5 təqdim olunmuş, habelə şəxsi axtarışa başlamamışdan əvvəl üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O, isə üzərində hər hansı qanunla qadağan olunmuş əşya olmadığını bildirməklə, yanaşı belə bir əşya aşkar olunacağı təqdirdə, bunun ona aid olmayacağını, hər hansı sənədə imza etməyəcəyini qeyd etmişdir. Bundan sonra, müstəntiqin göstərişi əsasında polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, bu zaman üzərində olan qara rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd, arxa sağ cibindən isə başqa 1 ədəd şəffaf sellofana bükülmüş kağız bükülünün içərisində əlavə 1 ədəd şəffaf sellofanda ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Qabaq sol yan cibindən çıxan şəffaf sellofanda ağ rəngli kütlə, adi duz onun olsa da, arxa sağ cibindən aşkar edilmiş kütlə ona aid olmamış, habelə sonuncu kütlə polis əməkdaşı tərəfindən onun cibinə qoyulmuş, bu barədə orada öz narazılığını bildirmişdir. Bundan sonra, şəxsi axtarış davam etdirilsə də, üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra, bükülülər zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ona həmin zərfin üzərini imza etmək təklif olunsa da, üzərindən çıxan sonuncu kütlənin ona aid olmadığını bildirərək zərfin üzərinə hər hansı imza etməyəcəyini bildirmiş, həmçinin keçirilmiş şəxsi axtarış yekunlaşdırılmışdır. Eyni zamanda, o, bu gün, yəni 01 dekabr 2021-ci il tarixdə saat 12.00-da Siyəzən RPŞ-nin əməkdaşlarının dəvəti ilə ora getmiş, habelə həmin vaxtdan saxlanılaraq buraxılmayıb, məhkəməyə gətirilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində yaşadığı Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 30 saylı evdə saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,098 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 04 noyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Bu qərardan, eləcə də iş materiallarına əlavə edilməklə, məhkəmə iclasında baxış keçirilməklə, 1 ədəd CD diskə köçürülmüş videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Şəxs müdafiə hüququ izah olunaraq razılığı əsasında ona müdafiəçi kimi X5 təqdim edilir. Bundan sonra, şəxsi axtarış zamanı Şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra, PPXT-nin manqa komandiri X4 tərəfindən Şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülü, arxa sağ cibindən isə 1 ədəd şəffaf sellofana bükülmüş kağız bükülü aşkar olunmuş, bükülülər baxış keçirilməsi üçün masanın üzərinə qoyulmuş, habelə şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan əlavə, əvvəlcə Şəxs üzərində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofan bükülü, daha sonra isə arxa sağ cibindən aşkar olunaraq götürülmüş digər 1 ədəd şəffaf sellofan bükülü açılmış, bükülülərdən ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Hər iki şəffaf bükülülər qablaşdırılması üçün ağızları yenidən əvvəlki qaydada bağlanmış, şifahi sorğu zamanı Şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona aid olmadığını və nə olması ilə bağlı suala isə bu barədə heç bir fikri olmadığını bildirmişdir. Bundan sonra, aşkar olunmuş predmetlər müvafiq qaydada qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və digər iştirakçılar tərəfindən imzalansa da, Şəxs imza etməkdən imtina etmişdir. Həmçinin, qərarın surətindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,088 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eyni zamanda, bu qərarın, eləcə də tutulmuş şəxsin azad edilməsi haqqında 30 sentyabr 2021-ci il tarixli qərarın surətlərindən görünür ki, Şəxs şübhəli kimi 29 sentyabr 2021-ci il tarixdə, saat 23:25-də tutulsa da, onun əməlində cinayət tərkibi olmadığına görə 30 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 6/4313 nömrəli ekspert rəyinin surətindən görünür ki, üzərində “...Şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,098 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,135 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahısı İ) daxildir. Tədqiqata 0,010 qram istifadə olunduqdan sonra metamfetaminin qalıq çəkisi 0,088 qram, limon turşusundan 0,020 qram istifadə olunduqdan sonra isə turşunun qalıq çəkisi 0,115 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 oktyabr 2021-ci il tarixdə verilmiş 3877 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs oğlunda opioidlərin və kannabiodlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, eləcə də mülkiyyət əleyhinə inzibati tənbeh olunmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, habelə törətdiyi əməli səmimi şəkildə etiraf etməməklə, inzibati məsuliyyətdən yayınmaq niyyətini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 23:25-də tutulmuş və 30 sentyabr 2021-ci il tarixdə, saat 21:00-da azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, həmçinin Şəxs üzərində 29 sentyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Diskin maddi sübut kimi tanınmaqla, HK-1/852 saylı materiala əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində inzibati həbs saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən saat 12.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,088 qram olan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar