Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-19/2020 12.02.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 18 dekabr 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta protokoldan görünür ki, “X4” MMC 150 000 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 28 fevral 2019cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçsə də, 38 900 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4” MMC-nin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, MMC tərəfindən 28 fevral 2019-cu il tarixində 150 000 ABŞ dolları məbləğində maliyyə vəsaiti avans qaydasında xarici ölkəyə göndərilmiş, həmin məbləğ müqabilində müvafiq mallar vaxtında tam şəkildə, hətta artıqlaması ilə ölkəyə idxal edilmişdir. Belə ki, tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən göründüyü kimi həmin mallar 10 -18 oktyabr 2019-cu il tarixlərdə idxal edilsə də, həmin malların 42493,25 ABŞ dolları dəyərində olan hissəsi gömrük rəsmiləşdirilməsi üçün yetərli qədər maliyyə vəsatləri olmadığına görə 18 oktyabr 2019-cu il tarixdə saxlanca götürülmüşdür. Ümumilikdə idxalın son tarixi 18 oktyabr 2019-cu il müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “X4” MMC barəsində əsassız protokol tərtib edilmişdir. Odur ki, baş vermiş hadisədə hüquqlarını təmsil etdiyi hüquqi şəxsin təqsirinin olmamasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, “X4” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “X4” MMC tərəfindən “X5 SAN. ve Dış Ticaret Anonim” şirkətinə həmin şirkətlə 27 fevral 2019cu il tarixdə bağlanmış 02/19 nömrəli müqaviləyə əsasən 28 fevral 2019-cu il tarixdə "xxxx" İKB ASC vasitəsilə 150 000 ABŞ dolları pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş “X4” MMC tərəfindən təqdim edilmiş 10 -18 oktyabr 2019-cu il tarixli gömrük bəyannamələrinin surətindən görünür ki, “X5 SAN. ve Dış Ticaret Anonim” şirkəti ilə “X4” MMC arasında 27 fevral 2019-cu il tarixdə bağlanmış 02/19 nömrəli müqavilənin şərtlərinə əsasən qeyd edilən xarici şirkət adından “X4” MMC-nin adına cəmi 4606 yerlik mallar 10 -18 oktyabr 2019-cu il tarixlərdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və həmin məhsullardan dəyəri ümumilikdə 111 100 ABŞ dolları olan hissə gömrükdə rəsmiləşdirilsə də, sonuncu dəfə 42493,25 ABŞ dolları məbləğinə uyğun mallar ölkəyə idxal edilməsinə baxmayaraq, məhz bu malların gömrük rəsmiləşdirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi hazırda hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 27 fevral 2019-cu il tarixdə bağlanmış 02/19 nömrəli müqaviləyə əsasən “X4” MMC və “X5 SAN. ve Dış Ticaret Anonim” şirkəti üzərlərinə götürmüş olduqları öhdəlikləri artıqlaması ilə icra etmiş, yəni 153 593,25 ABŞ dolları dəyərində olan mallar 18 oktyabr 2019-cu il tarixədək tam şəkildə Azərbaycan Respublikasının ərazisinə daxil olmaqla, həmin malların ümumilikdə 111 100 ABŞ dolları olan hissə gömrükdə rəsmiləşdirilsə də, sonuncu dəfə 42493,25 ABŞ dolları məbləğinə uyğun mallar ölkəyə idxal edilməsinə baxmayaraq, məhz bu malların gömrük rəsmiləşdirilməsi təmin edilməmiş, 18 oktyabr 2019-cu il tarixdə həmin hissə gömrük bəyannamələri ilə saxlanca qəbul edilmişdir. Bununla belə, malların ölkəyə idxalı ilə bağlı "xxxx" İKB ASC-yə məlumat verilməmiş, sonuncu isə öz növbəsində qeyd olunan səbəbdən müvafiq məlumatları Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməmiş, əksinə Palataya əvvəlcədən ödənilmiş vəsait hesabına alınan malların ölkəyə vaxtında idxal edilməməsi barədə məlumat vermişdir. Ona görə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “X4” MMC barəsində 18 dekabr 2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, işin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasından kənara qabaqcadan 28 fevral 2019-cu il tarixdə ödəniş etməklə köçürülmüş vəsait hesabına alınan malların ölkəyə idxalı ödənişin aparıldığı gündən 270 gün ərzində, yəni 10 -18 oktyabr 2019-cu il tarixlər ərzində təmin edilsə də, malların bir qisminin gömrükdə rəsmiləşdirilməsinə baxmayaraq, bir qismi saxlanca verilmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, qeyd edilən əmələ münasibətdə mahiyyət etibarı ilə inzibati xəta tərkibi mövcud olmamışdır. Bu halda isə “X4” MMC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə qeyd edir ki, “X4” MMC tərəfindən “X5 SAN. ve Dış Ticaret Anonim” şirkətinə qabaqcadan ödənilmiş vəsaitin hesabına mallar vaxtında ölkəyə idxal olunmuş və bu halda həmin MMC-nin təqsiri müəyyən olunmamışdır. Bundan başqa, əgər nəzərə alsaq ki, İXM-nin 430.4-cü maddəsi mahiyyət etibarı ilə xarici valyutanın ölkədən kənara qanunsuz yollarla çıxarılmasının qarşısının alınmasına, həmçinin təyinatı üzrə xərclənməsinə xidmət edir, mövcud vəziyyətdə bu hal baş verməmişdir. Belə ki, avans yolu ilə xarici şirkətə ödənilmiş valyuta vəsaiti hesabına mallar ölkəyə idxal edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı il təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, “X4” MMC tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq mallar idxal edildiyindən MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım:
1. “X4” MMCAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim : Bəylər Ələkbərov