Məhkəmə qərarları › İş №3(059)-190/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-190/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-190/2021 23.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 22 dekabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhəri, Şəhriyar küçəsindən bu küçənin 14 saylı evində yaşayan Zərərçəkmiş şəxs məxsus 2 ədəd ev ördəyini oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 30 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 23 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 22 dekabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhəri, Şəhriyar küçəsindən bu küçənin 14 saylı evində yaşayan Zərərçəkmiş şəxs məxsus 2 ədəd ev ördəyini oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 30 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, 22 dekabr 2021-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 22 dekabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhərinin Şəhriyar küçəsində gəzərkən orada olan 2 ədəd ev ördəyini görüb, onları oğurlamaq qərarına gəlmiş, habelə onların satışından əldə edəcəyi puldan özünə siqaret və ərzaq almağı planlaşdırmışdır. Bundan sonra, o, həmin ördəkləri yaxınlıqda tapdığı 1 ədəd kisəyə yerləşdirib, oradan uzaqlaşmış, o cümlədən yaşadığı binaya tərəf gedərək, kisəni binanın arxasına qoymuşdur. Daha sonra, Siyəzən şəhərinin mərkəzinə tərəf getmiş, bu zaman RPŞ-nin əməkdaşları onu çağıraraq, apardığı kisənin içərisindəkinin nə olması ilə maraqlandıqda, o, etdiyi əməli etiraf etmiş, habelə məsələnin araşdırılması məqsədilə rayon Polis Şöbəsinə aparılmışdır. Hazırda əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində şikayət etdiyi Şəxs ilə əvvəllər tanışlığı olmamış, son 10 il ərzində yaşadığı evin həyətyanı sahəsində ev ördəklərini saxlamaqla, məşğul olmuşdur. O, adətən ördəkləri otlamaq məqsədilə evinin yaxınlığında küçəyə buraxır və ördəklər otladıqdan sonra onun evinə tərəf qayıdırlar. 22 dekabr 2021-ci il tarixdə, səhər saat 07:00 radələrində o, özünə məxsus 6 ədəd ev ördəyini küçəyə buraxmış, elə həmin gün saat 14:00 radələrində həyətə çıxdıqda 2 ədəd ördəyinin küçədə olmadığını aşkar etmiş, Şəxs ona məxsus 2 ədəd ördəyi oğurladığını isə sonradan bilmişdir. Baş vermiş hadisə nəticəsində ona 30 manat məbləğində maddi ziyan dəysə də, hazırda dəymiş zərər aradan qalxmış, Şəxslə barışmış, habelə sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 22 dekabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhəri, Şəhriyar küçəsindən bu küçənin 14 saylı evində yaşayan Zərərçəkmiş şəxs məxsus 2 ədəd ev ördəyini oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 30 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə inzibati xəta materialından, habelə Zərərçəkmiş şəxs 23 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, dəymiş zərər aradan qalxmış və o, Şəxslə barışmaqla, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərər çəkmiş şəxslə barışmış, dəymiş zərər tamamilə ödənmiş və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Eyni zamanda qeyd edirəm ki, Şəxs 22 dekabr 2021-ci il tarixdə, saat 15:00-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 227-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar