Məhkəmə qərarları › İş №3(059)-198/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-198/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-198/2020 23.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı Siyəzən şəhəri, A.Mustafayev küçəsindəki 21 saylı evin hamam otağında narkotik vasitə olan kokosdan istifadə etmiş, bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Siyəzən şəhəri, A.Mustafayev küçəsində olarkən oğurluqda şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 23 noyabr2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında, yəni saat 13:00 radələrində Siyəzən şəhəri, A. Mustafayev küçəsində yerdən bir büküm narkotik vasitə kokos tapmış, elə həmin gün saat 20:00 radələrində həmin narkotik vasitəni yaşadığı ünvanda hamam otağında tüstü yolu ilə qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Siyəzən şəhəri, A.Mustafayev küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olmasını və onlarla birlikdə Siyəzən RPŞ-yə getməli olduğunu bildirdikdə, o, buna etiraz etməyərək, polis əməkdaşları ilə RPŞ-yə getmişdir. O, Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə saxlanıldığı gün onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı Siyəzən şəhəri, A.Mustafayev küçəsindəki 21 saylı evin hamam otağında narkotik vasitə olan kokosdan istifadə etmiş, bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Siyəzən şəhəri, A.Mustafayev küçəsində olarkən oğurluqda şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, A/809 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan kokosdan (opoidlərdən) istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:15-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar