Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-199/2022 30.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxx 1988-ci il tarixdə, keçmiş Dəvəçi rayonunun Balaca Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən rayonunun Balaca Həmyə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 26 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta protokola və inzibati xəta haqqında iş materialına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tənbeh olunmasına dair 06 yanvar 2022-ci il tarixli, EQ seriyalı, ******* saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin rəsmi web portalından çıxarışın surətindən, eləcə də, “Elektron notariat” X1 çıxarışdan görünür ki, ** ZG *** dövlət qeydiyyat nişanlı, “Schmitz” markalı yarımqoşqu 08 yanvar 2018-ci il tarixdə 13 iyul 2026-cı il tarixədək mülkiyyətçisi X2 tərəfindən Şəxs etibarnaməli idarəçiliyinə verilsə də, sonuncunun adına ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alınması halı müəyyən edilməmiş, eyni zamanda Azərbaycan Respublikası DİN BDYPİ-nin rəsmi web portalından çıxarışın surətində 06 yanvar 2022-ci il tarixdə, saat 09:49:36-da Bakı şəhərinin İnqilab İsmayılov küçəsində ** ZG *** dövlət qeydiyyat nişanlı, “Schmitz” markalı yarımqoşqu ilə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsinin qeyd olunmasına baxmayaraq, foto görüntüdə bu xətanın əslində ** ZG *** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil tərəfindən törədildiyi aşkar olunmuşdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Qanunvericilik eyni zamanda, xəta hadisəsinin subyektini də dəqiq müəyyən etmişdir ki, bu da inzibati xəta nəticəsində baş vermiş qanun pozuntusunun tənbehsiz qalmamasını şərtləndirir. Yuxarıda qeyd edilənlərin təhlilindən aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti kimi qəbul etmişdir. İş üzrə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ** ZG *** dövlət qeydiyyat nişanlı, “BMW” markalı nəqliyyat vasitəsi Şəxs adına qeydiyyata alınmamış və sonuncunun həmin avtomobillə hər hansı bir formada hüquqi bağlılığı müəyyən edilməmişdir. Bu hal isə, Şəxs ** ZG *** dövlət qeydiyyat nişanlı, “BMW” markalı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilmiş inzibati xəta əməlinə aidiyyətinin olmasını bilavasitə istisna edir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs 06 yanvar 2022-ci il tarixdə, saat 09:49:36-da Bakı şəhərinin İnqilab İsmayılov küçəsində ** ZG *** dövlət qeydiyyat nişanlı, “BMW” markalı nəqliyyat vasitəsi ilə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsinə aidiyyəti olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529.3-cü maddəsini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-199/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-199/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver