Məhkəmə qərarları › İş №3(059)-2/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-2/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-2/2025 06.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 442ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 16 dekabr 2024-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhəri ərazisində naməlum şəxsə satışı qadağan olunmuş malların satışını təşkil etmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 442-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, ötən il “Sədərək” ticarət mərkəzindən şəxsi istifadəsi üçün pirotexniki vasitələr-piston və fişənglər almış, lakin, qonşuluğunda azyaşlı uşaqlar yaşaması səbəbindən bu vasitələri istifadə etməyərək, satmaq niyyətinə düşmüşdür. Beləliklə, törətdiyi əməlin inzibat xəta olduğunu bilməməklə yanaşı, vasitələri tanımadığı şəxsə satmaq istəyərkən polis əməkdaşları bu halın şahidi olmuşdur. Bundan sonra, həqiqi hərbi xidmətə çağırış ilə əlaqədar rayon Polis Şöbəsinə getmiş, habelə orada soruşularkən inzibati xəta törətmiş şəxsin özü olduğunu etiraf etmişdir. Odur ki, cari ilin yanvar ayında həqiqi hərbi xidmətə getməsinin, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatı ilə birlikdə araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXMnin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, işdə olan 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 dekabr 2024-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhəri ərazisində naməlum şəxsə satışı qadağan olunmuş malların satışını təşkil etmişdir. İşdə olan 16 dekabr 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şəxs qanunla satılması qadağan olan iki ədəd üzərində “Roman Candles” yazılmış fişəng, bir qutu üzərində “Petords” yazılmış və iki ədəd üzərində “P23” yazılmış pirotexniki vasitəpistonlar aşkar edilmiş, habelə bu məmulatlar götürülmüş və saxlanılması üçün Siyəzən rayon Polis Şöbəsinin saxlanc yerinə verilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxs barədə məlumatlardan görünür ki, Şəxs fərdi sahibkar statusuna malikdir, ********** saylı VÖEN-lə “ev təsərrüfatında təmizlik” növündə sahibkarlıqla məşğuldur. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinə əsasən partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, onun hazırkı inzibati xəta əməlinə münasibətdə vəzifəli şəxs kimi qəbul edilməsi, habelə Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tətbiq edilməsi istisna edilir. Belə ki, Şəxs sahibkarlıq fəaliyyəti alqı-satqının pərakəndə və ya digər növləri ilə bağlı olmamaqla yanaşı, ev təsərrüfatında təmizlikdən ibarətdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi ilə əlaqədar vəzifəli şəxs kimi deyil, fiziki şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməsi ağlabatan və düzgündür. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməklə, əməlindən peşmançılıq hissi keçirməsi, ali təhsilli olmaqla, cavan olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini ağırlaşdıran hallar olmasa da, yuxarıda sadalanan yüngülləşdirən halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın bilavasitə obyekti olmuş mallar, yəni iki ədəd üzərində “Roman Candles” yazılmış fişəng, bir qutu üzərində “Petords” yazılmış və iki ədəd üzərində “P23” yazılmış pirotexniki vasitə-pistonlar müsadirə edilməklə, 350 (üç yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın bilavasitə obyekti olmuş mallar, yəni iki ədəd üzərində “Roman Candles” yazılmış fişəng, bir qutu üzərində “Petords” yazılmış və iki ədəd üzərində “P23” yazılmış pirotexniki vasitə-pistonlar müsadirə edilməklə, 350 (üç yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar