Məhkəmə qərarları › İş №3(059)-20/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-20/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-20/2022 09.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs X2, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X4 iştirakları ilə xx xxx 1980-ci il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X7 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 10 mart 2017-ci il tarixdə verilmiş 1(101)-133/16 nömrəli və Siyəzən Rayon Məhkəməsi tərəfindən 13 sentyabr 2021-ci il tarixdə verilmiş 2(059)-151/2021 nömrəli icra sənədlərinin icrasını qərəzli təmin etmir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X7 tərəfindən 09 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 10 mart 2017-ci il tarixdə verilmiş 1(101)-133/16 nömrəli və Siyəzən Rayon Məhkəməsi tərəfindən 13 sentyabr 2021-ci il tarixdə verilmiş 2(059)-151/2021 nömrəli icra sənədləri rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarlarla icraata başlanılmış, borclu Şəxs icra sənədləri üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilmişdir. Belə ki, borclu Bakı Ağır Cinayətlər Məhkəməsinin icra sənədinə görə 03 mart 2020-ci il tarixdə rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, habelə bununla bağlı izahatı alınmış, lakin, Şəxs izahatında işləmədiyini qeyd etməklə, işləyəcəyi təqdirdə, həmin icra sənədi üzrə tələbkar X3 olan 5000 manat məbləğində borcunu hissə-hissə ödəyəcəyini qeyd etsə də, hazırkı vaxta kimi heç bir ödəniş etməmiş, həmçinin həmin iş üzrə tələbkar şöbəyə 09 fevral 2022-ci il tarixli ərizə ilə müraciət edərək, heç bir ödəniş olmadığına görə borcluya ciddi cəza tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Bununla yanaşı, Siyəzən Rayon Məhkəməsinin icra sənədi barəsində borclu Şəxs 07 oktyabr 2021ci il tarixdə mobil telefon vasitəsi ilə xəbərdar edilərək, sonuncuya şöbəyə gəlməsi təklif edilsə də, o, şöbəyə gəlməkdən imtina etməklə, həmin icra sənədi üzrə tələbkar Aqşin Ağayevə 500 manat məbləğində pulu ödəyəcəyini bildirməsinə baxmayaraq, sonuncundan üzr istəməyəcəyini, habelə internet şəbəkəsində tələbkar barəsində təkzib məktubu göndərməyib, təkzib çıxışları etməyəcəyini bildirmişdir. Bundan başqa, 07 oktyabr 2021-ci il tarixdə borclu Şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən, sonuncu Siyəzən Rayon Məhkəməsinin məlum qətnaməsini almadığını qeyd etdikdə, ona həmin qətnamə üzrə icra vərəqəsinin şöbəyə verildiyi, habelə həmin qətnaməni əldə etməsi üçün şöbəyə yaxınlaşacağı təqdirdə, köməklik göstəriləcəyi izah edilmişdir. Eyni zamanda, Şəxs borclarının ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görməyərək, uzun müddət icradan yayındığından barəsində bir çox məcburi icra tədbirləri görülməklə, 01 oktyabr 2021-ci il tarixdə axtarış elan edilmiş, habelə, sonuncu 09 fevral 2022-ci il tarixdə axtarışda olan şəxs kimi gətirilib, icra və probasiya şöbəsinə təhvil verilmişdir. Həmçinin, buna qədər qeyd edilən icra sənədləri 02 dekabr 2021-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Odur ki, icra sənədləri üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına, habelə borclunun Siyəzən Rayon Məhkəməsinin icra sənədini qərəzli olaraq icra etməyəcəyini qəti olaraq bildirdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2017-ci il tarixdə verdiyi icra sənədini icra etmədiyi üçün özünü təqsirli bilsə də, Siyəzən Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli icra sənədini icra etmədiyi üçün özünü təqsirli bilmir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən icra sənədinə görə tələbkar X3 ödəməli olduğu 5000 manat məbləğində borcunu işləmədiyi üçün ödəyə bilməmiş, həmçinin sonuncuya 11000 manat borcu olduğu vaxt Tamilə Rəhimova ondan şikayətçi olmuş və nəticədə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə olduğundan, habelə azadlığa çıxdıqdan sonra, maddi imkanı olmadığı üçün həmin icra sənədi üzrə olan borcunu ödəyə bilməmişdir. Siyəzən Rayon Məhkəməsinin icra sənədinə münasibətdə qeyd edir ki, həmin icra sənədi üzrə tələbkar Aqşin Ağayevlə əvvəllər yoldaşlıq münasibətləri olsa da, sonuncu vəzifəyə təyin olunduqdan sonra, bu münasibətlər pisləşmişdir. Belə ki, X10 RİHB-nın Siyəzən şəhər üzrə nümayəndəsi vəzifəsində işləyərkən sonuncuya Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən İ Qarabağ döyüşlərində şəhid olmuş X1 adına olan bulağın müəmmalı şəkildə sökülməsi barədə özünün və rayon sakinlərini iradlarını bildirdikdə, Aqşin Ağayev həmin məsələni nəzarətə götürəcəyinə vəd vermiş, lakin vədinə əməl etməmişdir. Bundan sonra, onlar Aqşin Ağayevin hərəkəti barədə “7Times” saytında öz iradını bildirmişlər. Daha sonra, Aqşin Ağayevin sifarişi ilə həmin saytda yayımlanan süjetin altında onun mərhum anasının və bacısının ünvanına nalayiq ifadələr işlənmişdir. Hazırda, Siyəzən Rayon Məhkəməsinin icra sənədi üzrə tələbkar Aqşin Ağayevə icra sənədində qeyd olunan 500 manat məbləğində pulu ödəməyə razı olsa da, sonuncunun sifarişi ilə onun mərhum anası və bacısı təhqir olunduğundan tələbkardan üzr istəməyəcəyini, habelə internet şəbəkəsində tələbkar barəsində təkzib məktubu göndərməyəcəyni, təkzib çıxışları etməyəcəyini bildirir. Zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, borclu Şəxs onun tələbkar olduğu, Siyəzən Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixdə verdiyi icra sənədini icra etməkdən qəsdən yayınır. Belə ki, Siyəzən rayon ərazisində rəhbər vəzifələrdə işlədiyi müddətdə heç kəslə ədavəti və düşmənçiliyi olmasa da, Şəxs onun barəsində, habelə rayon ərazində müxtəlif idarələrdə işləyən xanımlar barəsində sosial şəbəkələrdə əsassız ittihamlar irəli sürməklə, şəkillərini həmin sosial şəbəkələrdə yayır. Bundan əlavə, Şəxs hazırda Bakı şəhərində yaşadığını qeyd etsə də, sonuncu Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olmaqla, aralarındakı mübahisə ilə əlaqədar keçirilən məhkəmə proseslərinə getməməklə, məsuliyyətdən yayınmaq niyyətindədir. Ona görə də Şəxs şikayətçi olmaqla, barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmiş, bununla belə məhkəməyə 09 fevral 2022-ci il tarixli ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və borclu icra sənədini icra etmədiyi üçün ondan şikayətçi olduğunu, bu halın nəzərə alınmasını xahiş etmişdir. Bununla da, İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə özünü qismən təqsirli bilməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əməllərə, yəni İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllərlə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sənədlərin surətlərindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2017-ci il tarixdə verdiyi 1(101)-133/16 nömrəli və Siyəzən Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixdə verdiyi 2(059)-151/2021 nömrəli icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri 02 dekabr 2021-ci il tarixli qərarla bir icraatda birləşdirilmiş, habelə bir çox məcburi icra tədbirləri görülsə də, nəticəsiz qaldığından 01 oktyabr 2021-ci il tarixdə borclu barəsində axtarış elan edilmişdir. İşdə olan tələbkar Tamilə Rəhimova tərəfindən 09 fevral 2022-ci il tarixdə tərtib edilmiş və həmin tarixdə məhkəməyə daxil olmuş ərizənin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfində 10 mart 2017-ci il tarixdə verilmiş 1(101)-133/16 nömrəli icra sənədi üzrə heç bir ödəniş olmadığına görə o, borcluya ciddi cəza tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İşdə olan axtarışda olan şəxsin müəyyən edilməsi barədə Siyəzən RPŞ-nin 09 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Şəxs 09 fevral 2022-ci il tarixdə, saat 14:40-da Bakı şəhəri, Xocasən qəsəbəsi ərazisində yaşadığı evin qarşısında tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, uzun müddət axtarışda olmasını, təqsirinin dərəcəsini, habelə Azərbaycan Respublikası adından çıxarılmaqla, icrası məcburi olan qanuni qüvvəsini almış məhkəmə aktlarını kifayət qədər xeyli müddət keçməsinə baxmayaraq, icra etməməsini, o cümlədən bununla əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsini və imtina etməsini, təkidlə məhkəmə iclasında bunu bildirməklə, məhkəmə aktlarını qərəzli şəkildə icra etməməsini nümayiş etdirməsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 09 fevral 2022-ci il tarixdə saat 14.40-da tutulması (faktiki saxlanması) və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 09 fevral 2022-ci il tarixdən saat 14:40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar