Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-212/2022 14.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1971-ci il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X3 Company” MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 03 noyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta protokola və inzibati xəta haqqında iş materialına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tənbeh olunmasına dair 12 noyabr 2021-ci il tarixli, EQ seriyalı, ******* saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində tərtib olunmuş inzibati tənbeh olunmasına dair 12 noyabr 2021-ci il tarixli qərar Siyəzən RPŞ tərəfindən ona göndərilməmiş, bu səbəbdən də, sözügedən qərardan xəbəri olmamışdır. Təxminən 2 ay müddətində işlədiyi şirkətə məxsus “HOWO” markalı yük avtomobilini 10 iyun 2021-ci il tarixdən etibarnamə ilə 2 gün müddətində idarə etsə də, avtomaşın nasaz olmuş, habelə 2021-ci ilin iyun ayında işdən çıxarkən şirkətə təhvil vermişdir. Bundan sonra, o, 2021-ci ilin iyul ayından “X3 Company” MMC-də işə başlayaraq iyul, avqust və sentyabr aylarında qeyri-rəsmi formada çalışsa da, 01 oktyabr 2021-ci il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Hadisə baş verən zaman, yəni 12 noyabr 2021-ci il tarixdə, saat 10:14 radələrində o, “X3 Company” MMC-də işdə olmuşdur. Odur ki, baş vermiş hadisədə təqsirinin olmamasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin rəsmi web portalından çıxarışın, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən, eləcə də “X3 Company” MMC-nin insan resursları şöbəsi tərəfindən təsdiq edilmiş nəqliyyat çıxış formasından görünür ki, ** CK *** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı yük avtomobili 10 iyun 2021-ci il tarixdə 13 oktyabr 2027-ci il tarixədək mülkiyyətçisi X1 tərəfindən Şəxs etibarnaməli idarəçiliyinə verilsə də, inzibati xəta hadisəsinin baş verdiyi zaman sonuncu avtomaşını idarə etməmişdir. Belə ki, 12 noyabr 2021-ci il tarixdə, saat 10:14:55-də Bakı şəhərinin Həsən Əliyev küçəsində Vaz dairəsi adlanan ərazidə ** CK *** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı yük avtomobili ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsinə baxmayaraq, işə əlavə edilmiş sənədlərlə Şəxs xəta törədilən məqamda idarəçiliyində olan ** JT *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ COUNTY” markalı avtomobil ilə Şabran rayonu ərazisində olması aşkar olunmuşdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Qanunvericilik eyni zamanda, xəta hadisəsinin subyektini də dəqiq müəyyən etmişdir ki, bu da inzibati xəta nəticəsində baş vermiş qanun pozuntusunun tənbehsiz qalmamasını şərtləndirir. Yuxarıda qeyd edilənlərin təhlilindən aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti kimi qəbul etmişdir. İş üzrə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ** CK *** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı yük avtomobili Şəxs etibarnaməli idarəçiliyinə verilsə də, sonuncunun xəta hadisəsi baş verən vaxt, yəni 12 noyabr 2021-ci il tarixdə, saat 10:14:55də hadisənin baş verdiyi Bakı şəhərinin Həsən Əliyev küçəsində Vaz dairəsi adlanan ərazidə deyil, əslində Şabran rayonun ərazisində olması müəyyən edilmişdir. Bu hal isə Şəxs ** CK *** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilmiş inzibati xəta əməlinə aidiyyətinin olmasını bilavasitə istisna edir. İşin faktiki hallarından göründüyü kimi 12 noyabr 2021-ci il tarixdə, saat 10:14:55-də, Bakı şəhərinin Həsən Əliyev küçəsində Vaz dairəsi adlanan ərazidə ** CK *** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə baxmayaraq, həmin xətanı törədən şəxsin kimliyi ilə əlaqədar kifayət qədər təfərrüatlı araşdırma aparılmamış, o cümlədən inzibati xəta törətməsi ehtimal edilən Şəxslə bağlı yaranmış ziddiyyətli məqamın nədən qaynaqlandığı, eləcə də hansı səbəbdən formalaşdığı öyrənilməmiş, inzibati xəta hadisəsinin həqiqətən də Şəxs tərəfindən törədilməsini təsdiq edən mötəbər sənəd və ya sübut inzibati xəta haqqında materiala əlavə edilməmiş, beləliklə də, real həqiqət aşkara çıxarılmamışdır. Beləliklə, təqdim olunmuş sənədlərdən göründüyü kimi Siyəzən rayon Polis Şöbəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilənədək aparılmış inzibati araşdırma natamam olmuş, bu isə işə mahiyyəti üzrə baxılıb tamamlanmasına maneə olan, aradan qaldırılması məhkəmə iclasında mümkün olmayan çatışmazlıqların yaranmasına səbəb olmuşdur. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında araşdırma natamamlıqla aparıldığına və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar Azərbaycan Respublikası DİN-nin Siyəzən rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-212/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-212/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver