Məhkəmə qərarları › İş №3(059)-22/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-22/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-22/2024 31.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Siyəzən rayonu Kommunal Müəssisələri Kombinatında küçə süpürgəçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Ş.Baxşıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 442ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 31 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 18:25 radələrində Siyəzən şəhərinin H. Əliyev prospektində yerləşən “Final” market mağazasında qanunla satılması qadağan olan pirotexniki vasitə-piston məmulatını X1. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 442-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun adına günəbaxan toxumlarının becərilməsi fəaliyyəti ilə məşğul olması fəaliyyətinə dair VÖEN olsa da, təxminən 2 il öncə fəaliyyətini müvəqqəti dayandırmışdır. 31 dekabr 2023-cü il tarixdə, saat 18:25 radələrində Siyəzən şəhərinin H.Əliyev prospektində yerləşən bibisi qızının əri Saleh Salayevə məxsus “Final” marketdə, sonuncunun işləri olduğundan, onu müvəqqəti əvəz etmişdir. Bundan əlavə, o, Bakı şəhərindən “Yeni il” bayramını qeyd etmək üçün 5 ədəd qutuda pirotexniki məlumat almış, habelə həmin məmulatları gödəkcəsinin cibinə qoymuşdur. Eyni zamanda, o sözügedən məmulatları aldıqdan sonra evə getmədiyindən cibində saxlamışdır. Bundan başqa, sözügedən mağazada olarkən tanışı Nurlan adlı şəxs ora yaxınlaşaraq, pirotexniki məlumat satıb-satmadıqları ilə maraqlanmış, o da cibində olan məmulatlardan sonuncuya əvəzsiz olaraq vermişdir. Daha sonra, Siyəzən RPŞ-nin əməkdaşları mağazaya gələrək qeyd olunan məmulatları tələb etdiyində əynində olan gödəkcənin cibindəki pistonları çıxarıb sonunculara təqdim etmiş, habelə növbəti gün RPŞ-də izahatı alınmışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin və bir daha bu cür hallara yol verməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 18:25 radələrində Siyəzən şəhərinin H. Əliyev prospektində yerləşən “Final” market mağazasında qanunla satılması qadağan olan pirotexniki vasitə-piston məmulatını X1. İşdə olan 31 dekabr 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, həmin gün Şəxs 2 qutu qanunla satılması qadağan olan pirotexniki vasitə-piston aşkar edilmiş, habelə bu məmulatlar götürülərək, gələcəkdə müsadirə olunması üçün Siyəzən RPŞ-nin növbətçi hissəsində saxlanca qəbul edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxs barədə məlumatlardan görünür ki, hazırda Siyəzən rayonu Kommunal Müəssisələri Kombinatında küçə süpürgəçisi işləyərək, himayəsində biri azyaşlı olmaqla, 08 sentyabr 2011-ci il təvəllüdlü Röyal, 06 yanvar 2014-cü il təvəllüdlü Yağmur və 25 may 2022-ci il təvəllüdlü Davud adında üç övladı olan Şəxs əvvəllər hüquqi şəxs yaratmadan günəbaxan tumlarının becərilməsi istiqamətində sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hazırda sonuncu fəaliyyətini müvəqqəti dayandırmışdır. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunmalıdır ki, Şəxs əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, onun hazırkı inzibati xəta əməlinə münasibətdə vəzifəli şəxs kimi qəbul edilməsi, habelə Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tətbiq edilməsi istisna edilir. Belə ki, əvvəla, Şəxs sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmaqla yanaşı, onun bu fəaliyyət istiqaməti alqı-satqının pərakəndə və ya digər növləri ilə bağlı olmamış, o cümlədən günəbaxan tumlarının becərilməsindən ibarət olmuşdur. Bu fəaliyyət növü aktiv olsa idi belə, istiqamətinə görə Şəxs hazırkı əmələ münasibətdə vəzifəli şəxs kimi yanaşmaq düzgün olmazdı. Digər tərəfdən, Şəxs hazırda Siyəzən rayonu Kommunal Müəssisələri Kombinatında küçə süpürgəçisi kimi işləyir. Həmçinin, Şəxs qanunla satılması qadağan olan pirotexniki məmulatın satışını həyata keçirdiyi mağaza ilə hər hansı bir hüquqi bağlılığının olması da müəyyən edilməmiş, habelə bu bağlılığı təsdiqləyən mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi ilə əlaqədar vəzifəli şəxs kimi deyil, fiziki şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməsi ağlabatan və düzgündür. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinə əsasən partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin faydalı əmək fəaliyyəti olmaqla, himayəsində biri azyaşlı olan üç övladının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini ağırlaşdıran hallar olmasa da, yuxarıda sadalanan yüngülləşdirən halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın bilavasitə obyekti olmuş mallar, yəni 2 qutu pirotexniki vasitə-piston müsadirə edilməklə, 350 (üç yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın bilavasitə obyekti olmuş mallar, yəni 2 qutu pirotexniki vasitə-piston müsadirə edilməklə, 350 (üç yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar