Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-220/2022 07.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Şərifova (Fərmanova) Aynur Məmmədşah qızının, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 07 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş həmin protokoldan görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(059)-627/2022 saylı icra vərəqəsinə əsasən 2100 manat aliment borcunu Şərifova (Fərmanova) Aynur Məmmədşah qızına ödəməkdən qərəzli şəkildə yayınır. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli saylı icra sənədi 12 yanvar 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunmaqla, tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs qeydiyyatda olduğu ünvana göndərilmiş, həmçinin sonuncu 01 fevral 2022-ci il tarixdə şöbəyə dəvət olunaraq, icra sənədinin icrası barədə məsuliyyəti izah edilmişdir. Borclu Şəxs bildirdiyinə görə 200 manat ödəniş etsə də, araşdırma zamanı sonuncunun ödəniş etməsi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin atası, eləcə də etibarnamə ilə nümayəndəsi X3 04 oktyabr 2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət etdikdən sonra araşdırma aparılmış, habelə 06 oktyabr 2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar tələbin borclunun əmək haqqına yönəldilməsi üçün "xxxx" MMC-yə məktub göndərilmişdir. Tələbin borclunun əmək haqqına yönəldilməsindən sonra, Şəxs ərizəsi ilə işdən çıxmışdır. Həmçinin, o, 04 oktyabr 2022-ci il tarixdə şəxsən borclu ilə əlaqə saxlayarkən, sonuncu ödəniş etməyəcəyini bildirmişdir. Bundan əlavə, 23 noyabr 2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edildikdən sonra, Şəxs Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 2022-ci ilin aprel ayında tələbkar Aynur Şərifovanın hesab nömrəsinə "xxxx" ASC vasitəsilə 200 manat məbləğində ödəniş etsə də, ödəniş qəbzini saxlamamışdır. İşsiz olduğu üçün maddi imkanı olmadığına görə aliment borcunu ödəməmiş, həmçinin himayəsində xəstə anası vardır. Sonda həbs olunma ehtimalı olmasına baxmayaraq, maddi imkanı olmadığından hazırda aliment tələbini ödəməsə də, işlədiyi zaman aliment tələbini ödəyəcəkdir. Eyni zamanda, o, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən 07 dekabr 2022-ci il tarixdə, 09:15 radələrində saxlanılaraq, Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməsə də, övladının haqqını yediyi üçün əməlindən peşmandır. Odur ki, uşağına görə etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs Şərifova (Fərmanova) Aynur Məmmədşah qızı izahatında göstərdi ki, borclu Şəxs Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli icra vərəqəsi üzrə mövcud olan aliment borcunu ödəməkdən qəsdən yayınmış və həmin icra sənədi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Bununla belə, sonuncu aliment borcundan ödəniş etdiyini bildirsə də, kart hesabına ödənilmiş 200 manatın borclu Şəxs tərəfindən ödənildiyi məlum deyildir. Həmçinin, borclunun yaranmış 1900 manat aliment borcunu tam şəkildə ödəməsini tələb edir. Belə ki, evli olduqları dövrdə borclunun gəlirini dəqiq bilməsə də, Şəxs övladının maddi təminatlarını yetərincə qarşılamışdır. Ona görə də, Şəxs şikayətçi olmaqla, barəsində inzibati həbslə bağlı tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(059)-627/2022 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan Şərifova (Fərmanova) Aynur Məmmədşah qızının 07 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən, eləcə də təqdim etdiyi eyni tarixli qəbzin surətindən görünür ki, o, borclu Şəxs 1900 manat məbləğindəki aliment borcunun qarşılığında məhkəmə iclasında təqdim etdiyi 400 manat pulu qəbul edərək, borcludan qalıq 1500 manat aliment borcunu ödəməsini tələb edir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 23 noyabr 2022-ci il tarixli qərarının və Siyəzən RPŞ-nin 07 dekabr 2022-ci il tarixli, 183-15292-1222 saylı məktubunun surətindən görünür ki, 23 noyabr 2022-ci il tarixdən axtarışda olan borclu Şəxs 07 dekabr 2022-ci il tarixdə tutularaq Siyəzən rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aliment borcundan müəyyən ödənişlər etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, o cümlədən zərərin miqdarını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və aliment borcundan müəyyən ödənişlər etməsi kimi yüngülləşdirən halın mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 07 dekabr 2022-ci il tarixdə, saat 09:15-dən faktiki saxlanılmaqla, tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-220/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-220/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver