Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-221/2022 27.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 21 saylı evin 5-ci mənzilində qeydiyyatda olmaqla, şəhərin Ş. Baxşıyev küçəsindəki 106 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 13 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 24 dekabr 2021-ci il tarixdə, saat 09:00 radələrində Şəxs yaşadığı Siyəzən şəhərinin Ş. Baxşıyev küçəsindəki 106 saylı evdən sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı 1 ədəd zavod üsulu ilə istehsal edilmiş “İJB 46” modelli, daxili çaxmaqlı, “N 2804” nömrəli, 16 kalibrli, yivsiz, qoşalüləli ov tüfəngi aşkar olunaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 24 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şəxs götürülmüş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş “İJB 46” modelli, daxili çaxmaqlı, “N 2804” nömrəli, 16 kalibrli, yivsiz, qoşalüləli ov tüfəngi müvafiq qaydada saxlanması üçün Siyəzən RPŞ-nin NH-nə təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 25 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs yeri müəyyən olunaraq RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 38-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İşin faktiki hallarından da göründüyü kimi 24 dekabr 2021-ci il tarixdə aşkara çıxarılmaqla, baş vermə anı həmin tarixdən hesablanmış idarəçilik qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma 24 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın əsasında aparılmış, habelə material üzrə icraat 25 mart 2022-ci il tarixdə dayandırılsa da, 13 dekabr 2022-ci il tarixdə təzələnmişdir. Bu mənada qeyd olunmalıdır ki, hazırda Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi vaxtdan bir il keçmişdir. İXM-in 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə hesab edirəm ki, inzibati xətanın törədildiyi vaxtdan bir il keçdiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla belə, Azərbaycan Respublikası İXM-in 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İXM-nin 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməli, dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməli, maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılmalı və ya sahibinə verilməli, alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılmalı, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Beləliklə, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olaraq qeyd olunur ki, inzibati xətanın törədilməsində alət olmuş predmet barədə məsələ də bu qərarla həll olunmalı, habelə inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd zavod üsulu ilə istehsal edilmiş “İJB 46” modelli, daxili çaxmaqlı, “N 2804” nömrəli, 16 kalibrli, yivsiz, qoşalüləli ov tüfəngi müsadirə edilməklə, dövlətin mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 38.5, 53.1.6, 114.1.4, 114.2.1-ci və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olmaqla, Siyəzən RPŞ-nin növbətçi hissəsində saxlanılan inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd zavod üsulu ilə istehsal edilmiş “İJB 46” modelli, daxili çaxmaqlı, “N 2804” nömrəli, 16 kalibrli, yivsiz, qoşalüləli ov tüfəngi müsadirə edilməklə, dövlətin mülkiyyətinə verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-221/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-221/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver