Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-221/2023 05.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X4, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X12" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs sərxoş vəziyyətdə 01 sentyabr 2023-cü il tarixdə, saat 22:50 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində X3 və ictimai qaydanı mühafizə edən polis əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmiş və sonuncuların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 02 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, PPXT-nın polis nəfəri Şahid tərəfindən Şəxs barəsində icraatına daxil olmuş raporta əsasən sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən obyektə əyləşərkən, post patrul xidməti avtomobilinin qırmızı və göy sayrışan işıq siqnallarının yandırıldığını görmüş, habelə obyektin bayırına çıxdığında bunun polis əməkdaşı Şahid tərəfindən həmin obyektin sahibi Nurlan adlı şəxsin yeni avtomobil alması şərəfinə edildiyini bilmişdir. Eyni zamanda, bu zaman həmin obyektdə ofisiant işləyən şəxs ona məxsus olmaqla, yolun kənarında saxlanılmış velosipedin kənara atılmasını istəmiş, bundan sonra, sonuncu ilə onun arasında söz mübahisəsi yaranmışdır. Qeyd edir ki, təxminən bir bundan öncə onun vasitəçiliyi ilə polis əməkdaşı Şahid töhmət verildiyi üçün, sonuncu məhz bu səbəbdən ofisiantın ona bu sözləri deməsinə şərait yaratmışdır. Bundan əlavə, RPŞ-yə aparılarkən Şahid “basın bunu maşına” bildirsə də, post patrul xidməti avtomobilinə özü əyləşmiş, habelə bu zaman sonuncu onu nalayiq ifadələr ilə təhqir etdiyi üçün o da, Elmil Bağırovu nalayiq ifadələr ilə təhqir etmişdir. Bununla yanaşı, Siyəzən RPŞ-də olarkən polis nəfəri Şahid, əməliyyatçı Zəbişah İsmayılov və müstəntiq Şahin Rzayev tərəfindən fiziki zorakılığa məruz qalmaqla, sonuncular onun başının sağ tərəfini döşəməyə vurmuş və habelə müstəntiq Şahin əlləri ilə onun boğazından tutmuş, həmçinin nalayiq ifadələr ilə təhqir edilmişdir. O, Polis Şöbəsində fiziki zorakılığa məruz qalması barədə müvafiq qurumlara şikayət etmək istədə də, Səbuhi adlı polis əməkdaşı ondan bunu etməməsini istəmiş, bununla yanaşı sonuncu tərəfindən ona təqdim edilməklə, üzərində xətlər olan ağ vərəqə imza etmişdir. Odur ki, 17 sentyabr 2023-cü il tarixdə qızının toyunun olmasının nəzərə alınmasını, habelə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri Şahid izahatında göstərdi ki, o, 01 sentyabr 2023-cü il tarixdə, saat 22:45 radələrində posdacı yoldaşı X7 ilə birlikdə Siyəzən şəhərinin Heydər Əliyev keçəsində xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini eşitmiş, habelə həmin şəxsə yaxınlaşaraq özləri təqdim edib, onu nizam-intizama dəvət etsələr də, həmin şəxs “siz kimsiz” deyə bildirərək, öz hərəkətlərini davam etmişdir. Bundan sonra, həmin şəxsi post patrul xidməti avtomobilinə əyləşdirərək, rayon Polis Şöbəsinə gətirditklərində şəxs avtomobildə də öz hərəkətlərini davam etdirmiş, şöbədə olarkən isə iş ahəngini pozmaqla, onların qanuni tələblərinə əməl etməmiş, nalayiq ifadələr işlətməklə başını şöbənin inzibati binasının otaqlarından birinin qapısına vurmuşdur. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X2 izahatında göstərdi ki, o, 01 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Siyəzən RPŞnin inzibati binasında yerləşən iş otağında olarkən, səslər gəldiyinin eşitmiş, buna görə otağından çıxdığında sonradan adının Namiq olduğunu bildiyi sərxoş vəziyyətdə şəxsin, polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətidiyinin, habelə həmin şəxsin başını məlumat portalının otağının qapısına, sonra isə divara vurduğunu görmüşdür. Eyni zamanda, İB rəisi Şahin Rzayev hadisə zamanı RPŞ-nin inzibati binasının ikinci mərtəbəsindəki otağından səsi eşitmiş, habelə səsə aşağı mərtəbəyə düşmüşdür. Bununla yanaşı, Şəxs öz hüquqlarını bildiyini bildirir, belə olan halda onun ağ kağıza imza etməsinin bildirməsi obyektiv qiymətləndirilməməlidir. O, 12 ildir daxili işlər orqanlarında xidmət edir, habelə bu müddət ərzində polis əməkdaşları tərəfindən kiminlə fiziki zorakılığa məruz qalmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X7 izahatında göstərdi ki, əvvəllər Şəxs rayon sakini kimi tanımış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, o, 01 sentyabr 2023-cü il tarixdə, saat 22:45 radələrində iş yoldaşı Şahid ilə birlikdə Siyəzən şəhərinin Heydər Əliyev keçəsində xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini eşitmiş, habelə həmin şəxsə yaxınlaşaraq özləri təqdim edib, onu nizam-intizama dəvət etsələr də, sonuncu qanuni tələblərinə əməl etməmişdir. Eyni zamanda, həmin şəxs post patrul xidməti avtomobil ilə RPŞ-yə aparılarkən onları nalayiq ifadələr ilə təhqir etməkdə davam etmiş, həmçinin DİN-nin 102 xidmətinə zəng vumuşdur. Bundan sonra, həmin şəxsi Siyəzən RPŞ-yə gətirmiş, habelə növbətçi hissəyə təhvil vermişlər. İşdə olan sənədlərdən, o cümlədən raportlardan görünür ki, Şəxs sərxoş vəziyyətdə 01 sentyabr 2023-cü il tarixdə, saat 22:45 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində X3 və ictimai qaydanı mühafizə edən polis əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmiş və sonuncuların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan 01 sentyabr 2023-cü il tarixdə, saat 23:27- də tərtib edilmiş 93004385 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İnzibati xəta haqqında materiala əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxs barədə məlumatlardan görünür ki, himayəsində 20 iyul 2006-cı il təvəllüdlü Yusif və 04 iyul 2008-ci il təvəllüdlü Sadiq adına iki yetkinlik yaşına çatmayan uşağı olan Şəxs "X12" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində işləyir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 3(059)-218/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 400 manat inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Eyni zamanda, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 3(059)-218/2022 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi isə sözügedən məcəllənin 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən son bir il ərzində inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbehlər edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını, eləcə də küçədə ünvansız nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, bundan sonra, gətirildiyi RPŞ-nin növbətçi hissəsində bu cür hərəkətlərini davam etdirməklə, polisin nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 9 (doqquz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən saat 16.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-221/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-221/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver