Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-221/2025 10.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X7 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs (hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti ev 153 olan (VÖEN **********)) barəsində Azərbaycan Respublikası İXM-nin 452.1-ci və 452.3-cü maddələri ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Siyəzən şəhərinin Babək küçəsində yerləşən aptekində 04 mart 2025-ci il tarixdə, saat 14:30-da aptek təşkilatlarına dair tələblərin pozulması və reseptlə buraxılan “Milqamma ampul” adlı dərman vasitəsinin reseptsiz satışı aşkar edilmiş və Şəxs MMC barəsində “X3” X7 müfəttişi X6 tərəfindən 04 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, 01 aprel 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını və Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə inzibati tənbehi tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X7 nümayəndəsi Nümayəndə2 X12 tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında, təqdim edilmiş inzibati xəta haqqında protokolda və protokola əlavə edilmiş aktda qeyd olunan inzibati xəta hadisələrinin baş verdiyini qeyd edərək qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X7 nümayəndəsi Nümayəndə1 X12 tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, “X3” X8 əməkdaşları tərəfindən 04 mart 2025-ci il tarixdə, saat 14:30-da Siyəzən şəhərinin Babək küçəsində fəaliyyət göstərən Şəxs MMC-də plan üzrə yoxlama keçirilən zaman aptek təşkilatlarına dair tələblərin pozulması və reseptlə buraxılan “Milqamma ampul” adlı dərman vasitəsinin reseptsiz satışı aşkar edilmişdir. Belə ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa 2023-cü il tarixdə edilmiş dəyişikliklə əsasən bu vasitələr elektron qaydada (kompüter və ya mobil telefon) tərtib edilmiş reseptlər əsasında satılmalıdır. Lakin, yoxlama zamanı Şəxs MMC-də elektron resept sisteminin olmaması müəyyən edilmişdir. Həmçinin, iş materialların əlavə edilmiş aktda da qeyd edildiyi kimi plan üzrə (növbəti) yoxlama zamanı dərmanı vasitəsinin saxlama şəraitinin pozulması faktı, qeyri-ixtisas sahibinin (əczaçılıq ixtisasına malik olmayan) dərman vasitələrinin satışında iştirak etdiyi aşkar edilmişdir. Bundan başqa “Сульфацил” dərman vasitəsi 2-8 dərəcədə saxlanılmalı olsa da, ölçülərkən aptekdəki havanın temperaturun 30.3 dərəcə olduğu müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin izahatını iş materialları və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin ərizəsi ilə birgə araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə -yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.36-ci maddəsinə əsasən resept – təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən dərman vasitəsinin istifadəsi üzrə klinik protokollar əsasında yazılan, elektron sənəd formasında tərtib edilən və pasiyentin istəyi ilə kağız daşıyıcıda ona təqdim edilməli olan tibbi sənəddir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Məhkəmə qeyd edir ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında istehsal olunan və ölkəyə idxal edilən dərman vasitələrinin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmasını imperativ qayda kimi nəzərdə tutmuşdur. Bundan başqa, qeyd edilən qanunvericilik həmçinin, dərman vasitələrinin saxlanmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət etməklə həyata keçirilməsini də zəruri şərt kimi qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 20 fevral 2025-ci il tarixli, 3-28-1/3-2-179/2025 saylı qərarından, eləcə də, parakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlamanın 28 dekabr 2024cü il tarixli, 004 nömrəli aktından görünür ki, plan üzrə (növbəti) yoxlama zamanı dərmanı vasitəsinin saxlama şəraitinin pozulması, qeyri-ixtisas sahibinin (əczaçılıq ixtisasına malik olmayan) X2 dərman vasitəsinin satışında iştirak etdiyi, resept əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması halları aşkarlanmışdır. Materiallara əlavə edilmiş 25 avqust 2023-cü il tarixdə, 2269 qeydiyyat nömrəsi ilə verilmiş AA seriyalı, 183291 nömrəli Diplomun surətindən isə görünür ki, bu diplomla X4 Sumqayıt Dövlət Universitetinin nəzdindəki Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən “elektrik təchizati” ixtisası üzrə subbakalavr dərəcəsi verilmiş, onun əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığı halda dərman vasitələrinin satışı ilə məşğul olmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş foto-şəkillərdən müəyyən edilir ki, “Сульфацил” dərman vasitəsi 2-8 dərəcə temperaturda saxlanılmalı olduğu halda yoxlama zamanı dərman vasitəsinin aşkarda saxlanıldığı, temperatur ölçmə cihazı ilə otağın temperaturu ölçülərkən 30 dərəcə olduğu müəyyən edilmiş, bununla da dərman vasitəsinin saxlama şəraitinə dair tələblər Şəxs MMC tərəfindən pozulmuşdur. Bundan başqa aptekin komputerindən çıxarış əldə edilərək “Milqamma ampul” dərman vasitəsinin satışının həyata keçirildiyi, lakin həmin aptekdə elektron resept proqramının olmadığı müəyyən edilmiş, bu hal inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi tərəfindən elektron resept proqramının tətbiq edildiyi apteklərə dair çıxarışla da təsdiq edilmişdir. Belə ki, həmin çıxarışdan müəyyən edilir ki, Şəxs MMC-nin başqa ünvanlarda yerləşən apteklərində elektron resept proqramı olsa da, 1204/2016/437 saylı lisenziya əsasında fəaliyyət göstərən Siyəzən şəhərinin Babək küçəsində yerləşən aptekində elektron resept proqramı tətbiq edilməmişdir. Göründüyü kimi iş materiallarında olan biri digərini tamamlayan sübutlarla, həmçinin barəsində inzibati iş üzrə icraata aparılan hüquqi şəxsin etirafedici ərizəsi ilə Şəxs MMC tərəfindən dərman vasitələrinin saxlama şəraiti qaydalarına əməl edilməməsi, aptek təşkilatlarına aid tələblərin pozulması, həmçinin reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışının həyata keçirildiyi öz təsdiqini tapmışdır. Dolayısı ilə Şəxs MMC tərəfindən İXM-nin 452.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədildiyi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 452.1-ci və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xətaların xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-nin 452.1 və 452.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 34.3, 40, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXMnin 34.3-cü maddəsinə əsasən barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-221/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-221/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver