Məhkəmə qərarları › İş №3(059)-24/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-24/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-24/2023 07.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Kiçik Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonunun Balaca Həmyə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 1 kq 300 qr olan 2 ədəd “Nərə” cinsli balığı, BH-2824 bort nömrəli üzmə vasitəsi ilə 06 dekabr 2022-ci il tarixdə, saat 17:25 radələrində Siyəzən rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ovladığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən 20 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, habelə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, inzibati xəta haqqında araşdırmanı aparan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinə və inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 1 kq 300 qr olan 2 ədəd “Nərə” cinsli balıqları (doğranılmış və başsız halda) BH-2824 bort nömrəli üzmə vasitəsi ilə Siyəzən rayonunun ərazisindən Xəzər dənizinə daxil olaraq ovlamışdır. İşdə olan mötəbər sübutlardan, habelə DSX-nin X3 Şöbəsinin əməkdaşları və Habil Cəbiyev, Şəxs eləcə də, Qorxmaz Cəbiyev tərəfindən tərtib edilmiş 06 dekabr 2022-ci il tarixli, 14 nömrəli aktın surətindən görünür ki, 06 dekabr 2022-ci il tarixdə, saat 17:25 radələrində ümumilikdə çəkisi 1 kq 300 qr olan 2 ədəd “Nərə” cinsli balıqlar araşdırma aparılması məqsədilə Habil Cəbiyev, Şəxs və Qorxmaz Cəbiyevdən götürülərək Sahil Mühafizəsi ŞRŞ-nin anbarındakı soyuducuya yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Odur ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən hallar olmasa da, ağırlaşdıran halın olmasını nəzərə alaraq, Şəxs İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal Regional Şöbəsinin soyuducusuna yerləşdirilmiş 2 ədəd ümumi çəkisi 1 kq 300 qram nərə cinsli balıqların X1 barəsində inzibati xəta haqqında materiala baxılmasının nəticəsi kimi qəbul edilmiş Siyəzən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 3(059)-20/2023 saylı qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib, ona 1200 (bir min iki yüz) manat inzibati cərimə tətbiq edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal Regional Şöbəsinin soyuducusuna yerləşdirilmiş 2 ədəd ümumi çəkisi 1 kq 300 qram nərə cinsli balıqların X1 barəsində inzibati xəta haqqında materiala baxılmasının nəticəsi kimi qəbul edilmiş Siyəzən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 3(059)-20/2023 saylı qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar