Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-249/2024 10.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, xx xxxx 1996-cı il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 27 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş materialından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 15 noyabr 2023-cü il tarixli, EQ seriyalı 18063729 saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: -müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; -eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir, -inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin İ hissəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, yol hərəkəti qaydaları əleyhinə olan xətalara deyil, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Qərar icra edilməsi üçün o qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra İXM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş 20 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız İXM-in 57, 126.1, 138-ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Yəni, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhəri günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə vaxtının hesablanması müddətinin əvvəli hesab edilir. İnzibati xəta haqqında materialdan göründüyü kimi İXM-in 57-ci maddəsinə uyğun olaraq inzibati cərimə qərarının rəsmi qaydada çatdırılması barədə sübut hazırkı protokola əlavə edilməmiş, hətta həmin qərar qanuni qüvvəsini almış olsaydı belə, 3 aylıq müddət 05 mart 2024-cü il tarixdə bitmiş və növbəti gün yəni 07 mart 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranmış və nəticədə inzibati xətanın baş verdiyi sonuncu tarixdən 4 ay müddət keçməklə, inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə protokol 27 avqust 2024-cü il tarixdə tərtib edilmişdir. Lakin, iş materiallarında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin 15 noyabr 2023-cü il tarixli cərimə qərarını almasını müəyyənləşdirmək mümkün deyil. Hazırkı iş üzrə 15 noyabr 2023-cü il tarixdə qəbul edilmiş cərimə qərarının barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə çatdırılması iş materialları ilə təsdiq edilmir. Belə ki, yuxarıda adıçəkilən cərimə qərarının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə çatdırılmasını sübut edə biləcək hər hansı bir poçt sənədi və ya qəbz, bundan əlavə elektron kabinet vasitəsilə və ya SMS vasitəsilə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş, bununla bağlı hər hansı əsaslandırma aparılmamış, habelə inzibati xətanın baş verdiyi sonuncu tarixdən 4 ay müddət keçməklə, inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Beləliklə barəsində 15 noyabr 2023-cü il tarixli cərimə qərarı tətbiq edilmiş şəxs həmin qərar barədə İXM-in 57 və 125-ci maddələrinin tələblərinə əməl edilməklə məlumatlandırılmadan İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb edilmiş və bununla da İXM-nin tələbləri pozulmuşdur. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlarla şəxsin təqsiri sübuta yetirilmir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Sözügedən Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından o İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(059)-249/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-249/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver