Məhkəmə qərarları › İş №3(059)-25/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-25/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-25/2024 23.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X8" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 20 dekabr 2023-cü il tarixdə, saat 22:25 radələrində Siyəzən rayonunun inzibati ərazisində yerləşən Siyəzən rayon Mərkəzi Xəstəxanasında ucadan səs-küy salaraq xəstəxananın iş ahəngini pozmaqla yanaşı, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onların nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmiş, habelə ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 23 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 3(059)-25/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-25/2023 saylı və 3(059)- 26/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-25/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, 20 dekabr 2023cü il tarixdə Şəxs ürəyi ağrıdığı üçün əsəb və gərginlik keçirmiş, habelə həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Ürək xəstəsi olduğundan sonuncunun spirtli içki qəbul etməsi düzgün deyildir. Eyni zamanda, həmin tarixdə Şəxs Siyəzən rayon mərkəzi xəstəxanasında ictimai qaydanı pozmuş, habelə orada olan şəxslərin, həmçinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, eyni zamanda sonuncular onu dəfələrlə nizam-intizama dəvət etməyə cəhd göstərsələr də, Namiq Hüseyquliyev öz əməllərinə davam etmişdir. Bu səbəbdən də, Siyəzən RPM-nin polis nəfəri Şahid2 Şəxs barəsində müvafiq raport tərtib edərək 20 dekabr 2023-cü Siyəzən RPŞ-yə göndərmişdir. Bundan başqa, raport RPŞ-yə gec daxil olduğu üçün Şəxs sərxoşluq vəziyyətinin yoxlanılması mümkün olmamışdır. Beləliklə, Siyəzən RMŞ-nin polis nəfəri Şahid2 tərtib etdiyi raportun, raporta əlavə edilmiş video görüntünün, eləcə də vətəndaşın hadisəni qismən etiraf edən izahatının əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokolları tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, onun evdə olan zaman ürəyi tutduğu üçün təcili tibbi yardım ilə huşsuz halda Siyəzən rayon mərkəzi xəstəxanasına gətirilmişdir. Atası həmin xəstəxanada öldüyü üçün o, “Əlizaman” adlı həkimdən ona vurulan iynənin hansı nahiyədən vurmalarını göstərməyini tələb etmiş, habelə bir əlində böyük iynə tutaraq, digər əlində balaca iynəni gizlətdiyi üçün sonuncudan nə üçün bu iynələri vurmasını soruşduqda həmin həkim ona “mənə iş öyrətmə, mən işimi yaxşı bilirəm” deyə cavab vermişdir. Bundan sonra, o, qoluna taxılmış iynəni çıxarmış, habelə qolundan qan axmağa başlasa da o, bu halda ayağa qalxıb hərəkət etmişdir. Bu vaxt, Siyəzən RMŞ-nin polis nəfərləri arxası ilə gəlmişdir. Həmin polis əməkdaşlarını uzun illərdir tanıyır, habelə xoş münasibətləri vardır. Sonradan ora gəlmiş tanıdığı polis əməkdaşlarından Ruslan Yasinov kəməri açıq olduğu üçün ona zarafatyana “bu nədir? yekə oğlansan kəmərin bağla” deyə müraciət etmiş, habelə ondan siqaret istəmişdir. Bundan sonra, Ruslan onu Siyəzən RMŞ-nin avtomaşını ilə aparıb evlərinə düşürmüşdür. Daha sonra, RPŞ-dən çağırılmış və barəsində şikayət olması bildirilmişdir. Eyni zamanda o, xəstəxanada rəisin ünvanına nalayiq ifadələr səsləndirənsə də, həmin vaxt rəis kimi Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədovu nəzərdə tutmamışdır. Həmçinin, cərimə olunacağı təqdirdə həmin məbləği ödəməyə imkanı olmamaqla yanaşı, yaxın zamanlarda baba olacağı üçün bu halı olmasını istəməmişdir. Bundan başqa, o, Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədova qarşı nalayiq ifadələr səsləndirməmiş, habelə Ruslan Yasinov ilə zarafatı olduğu üçün sonuncuya qarşı nalayiq ifadələr işlətmişdir. Odur ki, bu halın nəzərə alınmasını habelə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid, Baş Mühafizə İdarəsinin Siyəzən regional mühafizə şöbəsinin polis nəfəri X2 izahatında göstərdi ki, Şəxs uzun zamandır tanıyır, habelə sonuncu ilə hər hansı ədavət və düşmənçiliyi yoxdur. 20 dekabr 2023-cü il tarixdə mühafizə şöbəsinin polis nəfəri Şahid2 Siyəzən rayon Mərkəzi Xəstəxanasında mühafizə xidməti apararkən sonuncu ona zəng edərək, Şəxs Siyəzən rayon mərkəzi xəstəxanasında səs-küy salmasını, habelə nalayiq ifadələr səsləndirməklə, ictimai asayişi pozmasını bildirmişdir. Bundan sonra, o, xəstəxanaya yollanmış habelə orada Namiqi sakitləşdirməyə, nizam-intizama dəvət etməyə çalışsa da sonuncu sərxoş halda onun qanuni tələblərinə məhəl qoymamış, tabesizlik göstərərək nalayiq ifadələr işlətməyə davam etmiş və nəticədə ictimai qaydanı pozmuşdur. Bundan başqa, o, Şəxs harada yeyib-içməsini soruşduqda sonuncu rəisin və onun ünvanına ağır nalayiq ifadələr səslədirmişdir. Namiq həmin vaxt rəisin adını səsləndirməsə də, bunun RPŞ-nin rəisi olması dəqiqdir. Eyni zamanda, onunla Namiq arasında çəkişmə olmuş, habelə sonuncu ondan siqaret istəmişdir. Təxmini 4-5 dəqiqə davamlı şəkildə nalayiq ifadələr səsləndirib sakitləşdikdən sonra o, Şəxs içkili və ailəsinin yanında olması səbəbilə idarəçiliyində olan mühafizə şöbəsinə məxsus avtomaşınla evlərinə aparmışdır. Bundan sonra, Şahid2 tərəfindən müvafiq raport tərtib edilərək, hadisə zamanı çəkilmiş videogörüntü ilə birgə Siyəzən RPŞ-yə təqdim edilmişdir. Məhkəmə iclasında şahid, Baş Mühafizə İdarəsinin Siyəzən regional mühafizə şöbəsinin polis nəfəri Şahid2 izahatında göstərdi ki, 20 dekabr 2023-cü il tarixdə Şəxs təcili tibbi yardım avtomaşını ilə Siyəzən rayon mərkəzi xəstəxanasına gətirilmişdir. Bundan sonra, ona tibbi xidmət göstərilən vaxt sonuncu ürəyində ağrıların olmasını, ona tibbi yardım edilmədiyini bildirmiş, habelə həkimlərin ünvanına nalayiq ifadələr səsləndirməyə başlamışdır. Həm xəstəxananın daxilində həm də, arxa çıxışında təxminən 4-5 dəqiqə bu cür ifadələrini davam etdirmişdir. Beləliklə, orada Namiqi sakitləşdirməyə, nizam-intizama dəvət etməyə çalışsa da, sonuncu sərxoş halda onun qanuni tələblərinə məhəl qoymamış, tabesizlik göstərərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra, o, manqa komandiri vəzifəsini icra edən Ruslan Yasinova zəng edib hadisə barədə məlumat vermiş, habelə sonuncu oraya gəlmişdir. Həmin vaxt X5 səslənərək kiminlə yeyib-içməsini soruşduqda, sonuncu “yaxşı bir rəislə yeyib içmişəm” deyə cavab vermişdir. Bundan başqa, o, maddi sübut kimi hadisənin video-görüntüsünü də çəkmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan, eləcə də 20 dekabr 2023-cü il tarixdə baş vermiş hadisəni əks etdirən görüntünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Diskdəki videogörüntüdən görünür ki, Şəxs 20 dekabr 2023-cü il tarixdə, saat 22:25 radələrində Siyəzən rayonunun inzibati ərazisində yerləşən Siyəzən rayon Mərkəzi Xəstəxanasında ucadan səs-küy salaraq, xəstəxananın iş ahəngini pozmaqla yanaşı, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onların nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmiş, habelə ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında materiala əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxs barədə məlumatlardan görünür ki, himayəsində 20 iyul 2006-cı il təvəllüdlü Yusif və 04 iyul 2008-ci il təvəllüdlü Sadiq adında iki yetkinlik yaşına çatmayan uşağı olan Şəxs "X8" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində işləyir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 3(059)- 221/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq, 9 (doqquz) gün müddətinə həbs təyin olunmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Lakin, hazırda Şəxs inzibati xəta hadisələri baş verən zaman sərxoş olmasını təsdiq edən mötəbər sənəd və sübut iş materiallarına əlavə edilmədiyindən bu hal onun əməllərinə münasibətdə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Bununla belə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş eyni xətaları inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 3(059)-221/2022 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən son bir il ərzində eyni inzibati xətalar törətməsinə görə müvafiq qaydada inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını, eləcə də nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RMŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 23 yanvar 2024-cü il tarixdən saat 12:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar