Məhkəmə qərarları › İş №3(059)-253/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-253/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-253/2024 08.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X2, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, 13 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X8" MMC-də ictimai işlər üzrə sosial işçi kimi çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 02 avqust 2024-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhərinin H.Aslanov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 08 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 3(059)-253/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-253/2024 saylı və 3(059)- 254/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-253/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolları müdafiə etməklə, onların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 02 avqust 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə edilmiş şikayət əsasında Siyəzən RPŞ-nin əməkdaşları Siyəzən şəhərinin H.Aslanov küçəsinə getmiş, bu zaman orada olan Şəxs ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 02 avqust 2024-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhərinin H.Aslanov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlətməmiş, ictimai qaydanı pozmamış, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan yayınmamış, onlarla birlikdə RPŞ-yə gəlmişdir. Bundan başqa, ara-sıra spirtli içkilərdən istifadə etsə də, nalayiq ifadələr işlətməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X3 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Siyəzən rayonu ərazisində mütəmadi olaraq spirtli içki qəbul edən şəxs kimi tanısa da, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Belə ki, 02 avqust 2024cü il tarixdə Şəxs spirtli içkinin təsirində olduğundan Siyəzən şəhərinin H.Aslanov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, Siyəzən RPŞ-yə getməkdən boyun qaçırmışdır. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs 02 avqust 2024-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhərinin H.Aslanov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 3(059)- 268/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq, 20 (iyirmi) gün müddətinə həbs təyin olunmuşdur. İş materiallarında olan 07 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/772 və HK-1/773 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün sözügedən qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Eyni zamanda, qərardan görünür ki, Şəxs sərxoşluq dərəcəsi 3,67 faiz olmuşdur. Məhkəmə, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin, bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddində tənbeh tətbiq etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Eyni zamanda, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 3(059)-268/2023 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi isə sözügedən Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halların isə mövcudluğunu, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda iki inzibati xəta törətməsini, bu cür davranışları ilə idarəçilik qaydalarını pozduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, o cümlədən son bir il ərzində inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbehlər edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını, eləcə də küçədə ünvansız nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 08 oktyabr 2024-cü il tarixdən saat 14:25-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar