Məhkəmə qərarları › İş №3(059)-255/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-255/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-255/2024 16.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəl Siyəzən şəhərində, 01 sentyabr 2024-cü il tarixdə, saat 17-18:00 radələrində isə Sumqayıt şəhərində psixotrop maddə metamfetamin istifadə etmiş, bundan sonra, 05 sentyabr 2024-cü il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinə zamanı onun sidiyində amfetamindən və opioidlərdən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 oktyabr 2024-cü il tarixli qərarı əsasında 16 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, Şəxs RPŞ-nin İB-nə verdiyi izahatında əməlini etiraf etmiş, eyni zamanda sonuncu, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyriinsani rəftara məruz qalmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Siyəzən Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə hökmlə üzərinə Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək və sair vəzifələri qoyulsa da, hazırki vaxta kimi ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Bundan başqa, o, təxminən 01 sentyabr 2024-cü il tarixdə, saat 17-18:00 radələrində Sumqayıt şəhərində hazırda həbsdə olan Fərid adlı şəxs ilə birlikdə psixotrop maddə metamfetamin istifadə etmişdir. Bundan sonra yəni, 05 sentyabr 2024-cü il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsində olarkən ona yaxınlaşmış iki nəfər polis əməkdaşı narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirib, onu Siyəzən RPŞ-yə dəvət etmişlər. Beləliklə, polis əməkdaşları tərəfindən əvvəl rayon Polis Şöbəsinə, sonra isə sidiyindən analiz götürülməsi üçün müvafiq ekspertizaya aparılmış, habelə təxminən 3-4 saat sonra sərbəst buraxılmışdır. Sonuncu dəfə psixotrop maddə metamfetamindən Sumqayıt şəhərində, daha əvvəl isə Siyəzən rayonunda, hazırda dəqiq xatırlamadığı tarixdə istifadə etmişdir. Bununla yanaşı, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs əvvəl Siyəzən şəhərində, 01 sentyabr 2024-cü il tarixdə, saat 17-18:00 radələrində isə Sumqayıt şəhərində psixotrop maddə metamfetamin istifadə etmiş, bundan sonra, 05 sentyabr 2024-cü il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinə zamanı onun sidiyində amfetamindən və opioidlərdən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 sentyabr 2024-cü il tarixdə verilmiş 6472 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərarın və eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokolun surətlərindən görünür ki, Şəxs həmin tarixdə, saat 14:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarın surətindən görünür ki, həmin tarixdə, saat 15:15-də Şəxs azad edilərək, onun şübhəli şəxs statusuna xitam verilmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 05 sentyabr 2024-cü il tarixli, A/2182 nömrəli tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyindən onun amfetamindən və opioidlərdən istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 1(059)-10/2024 saylı hökmünün surətindən görünür ki, Şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, Şəxs ağciyərlərin fibroz-kavernoz vərəmi xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi və ağciyərlərin fibroz-kavernoz vərəmi xəstəliyindən əziyyət çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinə görə məhkum olunmasına, məhkumluğunun ödənilməməsinə və çəkilməmiş cəzası qalmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, lakin, onun məsuliyyətini yüngülləşdirici halların olmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 05 sentyabr 2024-cü il tarixdə, saat 14:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutularaq, həmin tarixdə, saat 15:15 radələrində azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və ona təyin ediləcək inzibati həbsin müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində inzibati həbs saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 16 oktyabr 2024-cü il tarixdən saat 16.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar