Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-256/2024 21.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materialı nəzərdən keçirərək, müəyyən etdim: İnzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən 04 oktyabr 2024-cü il tarixdə Şəxs MMC-nin (VÖEN **********) barəsində 00100-02719/24 nömrəli inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda barəsində icraat aparılan hüquqi şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, “... İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Gömrük qaydaları əleyhinə olan inzibati xətaların hərəkətsizliklə baş verdiyi hallarda onların törədildiyi yer kimi Gömrük Məcəlləsinin tələblərinə müvafiq olaraq gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edilməli olduğu yeri, bütün başqa hallarda gömrük borcunun yaranmasına səbəb olan halların baş verdiyi yeri, malların aidiyyəti gömrük proseduru altında yerləşdirilməli olduğu yeri, həmin prosedur daxilində gömrük ərazisinə gətirilməli olduğu yeri və ya gömrük orqanlarında olan məlumatlar inzibati xətanın bir neçə yerdə törədilməsini müəyyənləşdirməyə imkan verdiyi hallarda, gömrük borcunun yarandığı ilk yeri göstərmək olar. Burada xüsusilə qeyd edilməlidir ki, formal və ya maddi tərkibli olmasından asılı olmayaraq bəyannaməyə düzgün olmayan məlumatların daxil edilib elektron qaydada göndərilməsində ifadə olunan inzibati xətaların törədildiyi yeri müəyyən etmək olduqca mürəkkəbdir. İnformasiya texnologiyaları sahəsində inzibati xətaların əksəriyyəti elektron şəbəkələrdə törədilmiş olur. Bu zaman hüquqazidd əməlin törədildiyi yer və ictimai təhlükəli nəticələrin baş verdiyi yer müxtəlif ərazilərdə ola bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş belə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür...”. İstinad edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarının tələblərinə əsasən belə nəticəyə gəlir ki, hazırkı inzibati xətanın törədildiyi yer, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən səlahiyyəti orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin yerləşdiyi yer hesab olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan səlahiyyətli orqanın hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Salyan şosesi 14-cü km-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-256/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-256/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver