Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-257/2024 23.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: 22 oktyabr 2024-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında tərtib edilmiş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməmiş, həmçinin sözügedən protokol tərtib edilərkən inzibati xətalar haqqında qanunvericiliyin inzibati məsuliyyət müəyyən edən müvafiq norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, qanunun qeyd olunan tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Sözügedən Məcəllənin 529-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən isə 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik qeyd edilən inzibati xəta hadisələrinin baş verməsini və bunların əsasında inzibati məsuliyyətlərin yaranma əsaslarını dəqiq müəyyən etmişdir. Belə ki, qeyd edilən maddənin sözügedən hissələrinin dispozisiyaları inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, qərarları qanuni qüvvəyə mindiyi gündən sonrakı müddətdə icra olunmayan orqanlara münasibətdə mahiyyət etibarilə bir-birindən ciddi şəkildə fərqlənməklə, İXM-nin 529-cu maddəsinin 1-ci hissəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsini, 2-ci hissəsi isə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsini ehtiva edir. Lakin, hazırkı inzibati xəta haqqında materialdan da göründüyü kimi Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Cəmilə Babayeva 22 oktyabr 2024-cü il tarixli protokolu tərtib edərkən inzibati xətalar haqqında qanunvericiliyin inzibati məsuliyyət müəyyən edən müvafiq normasını düzgün tətbiq etməmiş, habelə Şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı ilə deyil, məhz Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli inzibati tənbeh etmə qərarı ilə inzibati cərimə edildiyini nəzərə almadan, onun barəsində yanlış olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə protokol tərtib edib, baxılması üçün bu məhkəməyə təqdim etmişdir. Yəni, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Cəmilə Babayeva, Şəxs tərəfindən məhz inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən icra edilməməsi əsaslarına diqqət yetirməli, həmçinin sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət etməli idi. Çünki, hər bir inzibati xəta əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi inzibati xətanın əlamətlərini əks etdirən əməllərin inzibati xəta olub-olmamasını, inzibati xəta törətməkdə ittiham edilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin əmələ görə sözügedən şəxsə ədalətli tənbeh təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da inzibati xəta əməli törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbehin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində inzibati xətalar haqqında qanunvericiliyin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 22 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Siyəzən rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-257/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-257/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver