Məhkəmə qərarları › İş №3(059)-258/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-258/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-258/2024 23.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Siyəzən rayonunun, Tağay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonunun Yenikənd ərazi dairəsinin Yenikənd kəndində qeydiyyatda olmaqla, rayonun Tağay kəndində yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs Ucar Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(063)-23/2024 saylı icra vərəqəsinə əsasən yaranmış 4190 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 23 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən 07 aprel 2023-cü il tarixdən başlayaraq, iki övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 145 manat olmaqla, cəmi 290 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq, tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Belə ki, sözügedən icra vərəqəsi 18 fevral 2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, habelə borclu Şəxs hazırkı vaxtadək 7 dəfə olmaqla, ümumilikdə 1030 manat aliment borcundan ödəniş etmiş, lakin, 4190 manat məbləğində aliment borcu ödənilməmiş qalmış, habelə sonuncu yığılmış aliment borcunu maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Bununla belə, tələbkar Zərərçəkmiş şəxs aliment borcunu qarşı tərəfdən tam şəkildə tələb etməklə, borcludan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Belə ki o, kənd təsərrüfatı ilə məşğul olaraq, aylıq 100-150 manat gəlir əldə etməklə, yanaşı cari ilin aprel ayında Kamalə Məmmədova ilə nikaha doğulmuş, habelə sonuncu hazırda hamilədir. Bundan başqa, onların təsərrüfatında 2 ədəd iribuynuzlu heyvanları, 3 ədəd isə qoyunları, həmçinin, əkin sahələri olsa da, oradan qazanc əldə etmirlər. Belə ki, ailədə 5 nəfər olmaqla, onun maddi ehtiyacların valideynləri qarşılayır. Bundan başqa o, X1 filialında işaxtaran kimi qeydiyyata alınmış, habelə “Yeni Yaşma” X5 işləmək üçün cv göndərmişdir. Həmçinin, ona uşaqlarını görməsinə və onlarla ünsiyyətdə olmasına tələbkar tərəfindən şərait yaradılmır. Bununla belə, yaranmış 4160 manat aliment borcunu tələbkara tam olaraq deyil, hər ay 300 manat olmaqla ödəyə bilər. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməsə də, 23 oktyabr 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinə ərizə ünvanlayaraq Şəxs şikayətçi olduğunu, aliment borcunu tam şəkildə tələb etdiyini, Ucar rayonunda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(063)-23/2024 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşirən halların olmamasını, inzibati xətanın xarakterini, onun şəxsiyyətini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər olmasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 528.1-ci maddəsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla, inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq, 12 (on iki gün) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 23 oktyabr 2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar