Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-258/2025 08.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs 07 aprel 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən “Xıdır Zində piri” adlanan ərazidə sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 07 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 07 aprel 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən “Xıdır Zində piri” adlanan ərazidə sərxoş vəziyyətdə nalayiq söyüşlər söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 07 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(059)-258/2025 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-258/2025 və 3(059)- 259/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-258/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 07 aprel 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən “Xıdır Zində piri” adlanan ərazidə idarə etdiyi avtomobil ilə avtoxuliqanlıq hərəkətləri yəni, avtomobil idarə edərkən toz qaldırmışdır. Həmin vaxt, orada xidmət aparan Siyəzən rayon Polis Şöbəsinin PPXB-nün əməkdaşları, Şəxs avtomobili saxladıqdan sonra, ona yaxınlaşaraq, bununla bağlı iradlarını bildirdikdə, sonuncu mübahisə etməyə başlamışdır. Habelə, Şəxs rayon Polis Şöbəsinə gətirilməsi üçün xidməti avtomobilə dəvət edildikdə, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayaraq, avtomobilə minməkdən imtina etmiş, ünvanlı və ünvansız nalayiq söyüşlər söymüşdür. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edərək, baxılması üçün məhkəməyə təqdim etmişdir. Bununla belə onun barəsində hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 07 aprel 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən “Xıdır Zində piri” adlanan ərazidə sərxoş vəziyyətdə idarə etdiyi avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bundan bir qədər sonra, avtomobili saxlayarkən polis əməkdaşları ona yaxınlaşaraq, etdiyi hərəkətləri ilə bağlı iradlarını bildirib, onu rayon Polis Şöbəsinə dəvət etdiklərində, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayaraq, xidməti avtomobilə əyləşməkdən imtina etmiş, habelə ünvanlı və ünvansız nalayiq söyüşlər söymüşdür. Bununla belə, himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasını və barəsində inzibati cərimə tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin PPXB-nün manqa komandiri X3 izahatında göstərdi ki, Şəxs ilə aralarında qohumluq münasibəti eləcə də, sonuncuya qarşı heç bir düşmənlik və ədavəti yoxdur. 07 aprel 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən “Xıdır Zində piri” adlanan xidmət apararkən nəqliyyat vasitəsini idarə edən şəxsin ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin, avtomobil ilə yerdə olan tozu qaldırdığını şahidi olmuşdur. Bir qədər sonra, sürücü avtomobil saxlamış, o, sürücüyə yaxınlaşraq, özünü təqdim etmiş və bu barədə iradını bildirmişdir. Həmin vaxt PPXB-nün komandiri də, sürücüyə yaxınlaşıb, sonuncudan spirtli içki qoxusu gəldiyi üçün, ondan idarə etdiyi avtomobildən enməsini istədikdə də, sürücü bundan imtina etmişdir. Bundan sonra, Şəxs xidməti avtomobilə əyləşməkdən imtina etməklə yanaşı, ünvanlı və ünvansız söyüşlər söymüşdür. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 02 avqust 2011-ci il təvəllüdlü Zümray və 20 dekabr 2014-ci il təvəllüdlü İncinur adında bir yetkinlik yaşına çatmayan və bir azyaşlı olmaqla, iki övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir yetkinlik yaşına çatmayan və bir azyaşlı olmaqla, iki övladı olmasını və təqsirini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İşdə olan 07 aprel 2025-ci il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə, saat 15:11-də Şəxs alkoqolun miqdarı 4.177 faiz olmuşdur. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən və yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda öz əməli ilə iki inzibati xəta törətməsini, milli-mənəvi dəyərlərə hörmət qoymayaraq, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətanı sərxoş halda törətməsini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birinə yaxın həddə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarına əlavə edilmiş 07 aprel 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, ünvan 2 yaşayan Şəxs 07 aprel 2025-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Qeyd edirəm ki, Şəxs 07 aprel 2025-ci il tarixdə, saat 17:00-da faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla 10 gün müddətində inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli tutulduğu 07 aprel 2025-ci il tarixdən saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 07 aprel 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-258/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-258/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver