Məhkəmə qərarları › İş №3(059)-259/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-259/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-259/2024 24.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə, xx xxxxxxx 1966-cı il tarixdə Şamaxı rayonunun Mərəzə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, müharibə veteranı, Siyəzən rayonunun Yenikənd ərazi dairəsinin Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 208-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 2024-cü ilin iyun ayında 2 ədəd çətənə bitkisi toxumlarını yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindəki evin həyətyanı sahəsində əkərək, qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 23 avqust 2024-cü il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda yerləşən evin həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı 2 (iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin kolları aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 24 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 oktyabr 2024-cü il tarixli qərarı əsasında 24 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 208-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, uzun müddət Rusiya Federasiyasında yaşamış, habelə orada ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan başqa, Rusiya Federasiyasında yaşayarkən çətənə bitkisi toxumları əldə etmiş, habelə cibində qaldığı üçün həmin toxumları 2024-cü ilin iyun ayında şəxsi istifadəsi üçün yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindəki evin həyətyanı bağ sahəsində daş hasarın dibində torpaqda əkmişdir. Daha sonra, 23 avqust 2024-cü il tarixdə, saat 18:00 radələrində polis əməkdaşları onu yaşadığı evin qarşısında saxlayaraq, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirərək, həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra, razılıq ərizəsi əsasında, eləcə də, videoçəkilişlə polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, habelə oradan əkib becərdiyi 2 ədəd çətənə bitkisi kolları aşkar olunmuşdur. Belə ki, həmin kolları nəzarətdə saxlamaqla, həftədə bir dəfə sulamış, onlara qulluq göstərmişdir. Bundan başqa, 23 avqust 2024-cü il tarixdə, saat 18:55 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutularaq, həmin tarixdə, saat 20:50 radələrində azad olunmuşdur. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, qərardan görünür ki, Şəxs yaşadığı evin həyətyanı bağ sahəsində aşkar olunmuş qalıq çəkisi 1544,8 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkiləri maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2024-cü il tarixli, 7/1416 nömrəli ekspert rəyinin surətindən görünür ki, AR DİN “Zərflər üçün № 96” möhür əksi, “1) /imza/; 2) /imza/; 3) /imza/; 4) /imza/; 5) /imza/; Qablaşdırdı: /imza/ müstəntiq A.Əmirov 2 ədəd çətənə” yazılar olan kisədəki ümumi sayı 2 (iki) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-1545,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata 0,2 qram (hər obyektdən 0,1 qram) istifadə olunduqdan sonra çətənənin qalıq çəkisi 1544,8 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 7/1416 nömrəli ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 17 sentyabr 2024-cü il tarixdə verilmiş 6309 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında qərardan və eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:55-də Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə, saat 20:50-də Şəxs azad edilərək, onun şübhəli şəxs statusuna xitam verilmişdir. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Şəxs yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindəki evin həyətyanı torpaq sahəsinin bağ ərazisində hasara alınmış kiçik sahənin içərisində daş hasarın kənarında 2 ədəd əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Aşkar edilən çətənə kollarının ən kiçiyinin hündürlüyü 90 sm, ən böyüyünün hündürlüyü isə 160 sm olduğu müəyyən edilmişdir. Belə ki, aşkar edilmiş çətənə kollarına həqiqətən aqrotexniki qaydada qulluq edildiyindən və vaxtlı-vaxtında suvarıldığından müşahidə olunan çətənə kollarında inkişaf yaxşı getmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatların çıxarışından görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxsdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 208-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, müharibə veteranı olmaqla, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 23 avqust 2024-cü il tarixdə, saat 18:55 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutularaq, həmin tarixdə, saat 20:50 radələrində azad olunmuşdur. Hazırda, İXM-nin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən Şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 1544,8 qram olan, maddi sübut sayılan 02 (iki) ədəd çətənə bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin, Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məhkəmə xərci X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 225 (iki yüz iyirmi beş) manat inzibati cərimə tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 1544,8 qram olan, maddi sübut sayılan 02 (iki) ədəd çətənə bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar