Məhkəmə qərarları › İş №3(059)-26/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-26/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-26/2021 29.01.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində işıqforun altında ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Lada Priora 21723-139-23” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək oradan qaçmışdır. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raport icraatına daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərəfindən materiallar toplanmışdır. Eyni zamanda, Şəxs onun xx xxxxxx 2020ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar RPŞ-yə getməsi ilə bağlı çağırışlarına da əməl etməmiş, habelə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində kitabxana ilə üzbəüz “Bənövşə” kafesinin qarşısında olarkən Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, habelə sonuncular avtomaşının cərimə meydançasına aparılmalı olduğunu, özünün isə onlarla birlikdə RPŞ-yə getməli olduğunu bildirmişlər. O, isə polis əməkdaşlarından bunun səbəbini soruşduqda, sonuncular onun RPŞ-nin əməliyyat işləri üzrə müavini Əhməd Nəcəfovun göstərişi əsasında DİN-in 102 xidmətinə edilmiş çoxsaylı şikayətləri ilə əlaqədar çağırıldığını bildirmişlər. O, bu göstərişin əsassız və qanunsuz olduğunu bildirməklə, heç yerə getməyəcəyini, əgər belə bir göstəriş varsa, rəsmi çağırış vərəqəsinin göndərilməsini təkidlə bildirmişdir. Belə olan halda, RPŞ-nin DYPB-nin inspektoru Vasif Səfərov qardaşına məxsus olmaqla, idarə etdiyi “Lada Priora 21723-139-23” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına keçərək, avtomobili DYPB-nin cərimə meydançasına aparmaq üçün hərəkətə başlamış, bu zaman o, avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. O, sürücülük hüququ olmadığına görə avtomobilin DYPB-nin cərimə meydançasına aparılmasına etirazının olmadığını bildirsə də, özünün RPŞ-yə aparılmasını qanunsuz hesab etdiyi üçün Siyəzən şəhəri, H.Əliyev küçəsində işıqforun qırmızı işığı yanarkən avtomobildən düşərək qaçmışdır. Daha sonra, RPŞ-nin polis sahə rəisi Afiz Əhmədov dəfələrlə ona zəng edərək, onu şöbəyə dəvət etsə də, o, israrla yenidən yalnız rəsmi çağırış əsasında şöbəyə gələcəyini bildirmişdir. Bundan sonra, xx xxxxxx 2021-ci il tarixdə, saat 10:42 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, barəsində olan inzibati xəta materialı ilə bağlı RPŞ-yə dəvət etdikdə, o, heç bir yerə getməyəcəyini bildirməklə bir daha rəsmi çağırılmasını tələb edərək, oradan qaçmağa cəhd göstərmiş, “Bənövşə” kafesinə daxil olmasına baxmayaraq, polis əməkdaşları onu saxlayıb, RPŞ-yə gətirmişlər. O, bir daha qeyd edir ki, hər hansı bir hüquqazidd hərəkətə yol verməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Cabbarov Mirsaleh Böyükağa oğlu izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində iş yoldaşı X3 ilə birlikdə Siyəzən şəhəri, H. Əliyev küçəsində xidmətdə olarkən “Lada Priora 21723-139-23” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədən hərəkət etdiyini görüb, sonuncuya saxla əmri vermişlər. Sürücüyə yaxınlaşıb, özünü təqdim etmiş, qayda pozuntusunu izah edib, sənədlərini təqdim etməsini xahiş etmişdir. Bu zaman sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığını bildirmiş, o, isə bunu DYPB-nin xidməti avtomobilinin bort komputerində yoxlayıb, qeyd olunanların düzgün olduğunu müəyyən etmişdir. Bundan sonra, o, Şəxs avtomaşının onun iştirakı ilə cərimə meydançasına aparılmalı olduğunu bildirmiş, habelə iş yoldaşı Vasif Səfərov “Lada Priora 21723-139-23” markalı avtomaşının sükanı arxasına keçmiş, Şəxs isə avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Bundan sonra, o, patrul avtomaşınına əyləşmiş, Vasif Səfərov “Lada Priora 21723-139-23” markalı avtomaşını DYPB-nin cərimə meydançasına aparmaq üçün hərəkətə başlamış, bu zaman Siyəzən şəhəri, H.Əliyev küçəsində işıqforun qırmızı işığı yanarkən Şəxs qəflətən avtomobildən düşərək qaçmağa başlamışdır. Bu səbəbdən də, həmin yerə 2 hal şahidi dəvət edilmiş və onların iştirakı ilə avtomaşına baxış keçirilsə də, oradan hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, “Lada Priora 21723-139-23” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobil onlar tərəfindən DYPB-nin cərimə meydançasına yerləşdirilmişdir. Bundan sonra, baş vermiş, hadisə ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi üçün raportla məruzə etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid, Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X3 şahid Mirsaleh Cabbarovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən və videogörüntüdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində işıqforun altında ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Lada Priora 21723-139-23” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək oradan qaçmışdır. İşdə olan Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Cabbarov Mirsaleh Böyükağa oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmasını və bu cür qanunsuz hərəkətlərini davam etdirməsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla, inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 10:55 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 8 (səkkiz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 10.55-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar