Məhkəmə qərarları › İş №3(059)-260/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-260/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-260/2024 31.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işəgötürən X2 yanında administrator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 23 sentyabr 2024cü il tarixdə, təxminən saat 23:30 radələrində Siyəzən rayonunun ərazisində yerləşən “Damla” iaşə obyektinin yanında Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 31 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-dən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, habelə sonuncu ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bundan başqa, administrator işlədiyi “Damla” iaşə obyektində zibillərin atılması obyektin ofisiantları tərəfindən Zərərçəkmiş şəxs tapşırılmış, habelə sonuncuya bu xidmətinin müqabilində hər gün ödəniş edilmiş və həmçinin bu hal təxminən 3-4 ay davam etmişdir. 23 sentyabr 2024-cü il tarixdə, təxminən saat 22:00 radələrində “Damla” iaşə obyektində olarkən ofisiantlar Adgözəl Həsənzadə, Şirin Qurbanov və İzzət Cəfərov ona yaxınlaşaraq, obyektin mətbəxinə zibil atmaq üçün daxil olan Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə orada ünvansız nalayiq ifadələr işlətdiyini bildirmişlər. Bundan sonra o, təxminən 10-15 nəfər qadın işçilərin və toy sahiblərinin olduğu mətbəxə daxil olmuş, orada Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlətdiyini görmüş, sonuncuya bu barədə iradını bildirməklə, yanaşı onu kənara çəkmişdir. Bu zaman Zərərçəkmiş şəxs isə, tanımadığı şəxs tərəfindən anasının ünvanına nalayiq ifadələr işlədildiyini bildirmiş və nalayiq ifadələr işlətməkdə davam etmişdir. Zərərçəkmiş şəxs sakitləşdirmək üçün onu əvvəl obyektin arxa tərəfinə aparmış, habelə həmin tərəf obyektdə quraşdırılmış müşahidə kameralarının video qeydiyyat aparmadığı yer olmaqla, yanaşı bu zaman ofisiantlar onlardan təxminən 10-15 metr aralı məsafədə olmuşlar. Eyni zamanda, təxminən 10-15 dəqiqə Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmış, nalayiq ifadələr işlətməsi ilə bağlı iradını bildirmiş və bundan sonra, sonuncunu avtomobillər saxlanılan yer istiqamətində aparsa da, onu sakitləşdirə bilmədiyi üçün, Gülbudaq ofisiantlar tərəfindən obyektdən kənarlaşdırılmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs oğlu Təbriz Şirinovun 23 sentyabr 2024-cü il tarixdə, saat 23:50-də DİN-nin 102 xidmətinə zəng vurub, atasının onun tərəfindən döyülməsi ilə bağlı bildirdikləri şər və böhtandan ibarətdir. Belə ki, onun barəsində şikayət olunması onun özünə də, təəccüblü gəlmək yanaşı, Zərərçəkmiş şəxs kiminsə tərəfindən idarə olunmasını güman edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uzun müddətdir tanıyır, habelə sonuncu ilə əvvəllər aralarında normal münasibət olmuşdur. Bundan başqa, "xxxx" MMC-də sosial işçi işləməklə, yanaşı təxminən 3-4 ay olar hər gün saat 17:00-dan sonra, “Damla” iaşə obyektinə gedərək, oradakı zibilləri atmış və bunun müqabilində Şəxs və ya digər işçilərdən 10 manat məbləğində zəhmət haqqı almışdır. Adəti üzrə 23 sentyabr 2024-cü il tarixdə işləmək üçün yenə “Damla” iaşə obyektinə getmiş, orada kafenin içərisində olarkən axşam saatarında şəxsiyyəti ona məlum olmayan kənar şəxs tərəfindən topuğuna zərbə endirilmişdir. Bu zaman, içkili olmamaqla, yanaşı əsəbləşərək “xarabanın yiyəsi yoxdur” deyə bildirmişdir. Bir qədər sonra, yanına gəlmiş Şəxs onun boyun hissəsindən tutaraq, nalayiq ifadələr ilə təhqir edə-edə, obyektin arxa tərəfinə, müşahidə kameralarının video qeydiyyat aparmadığı yerə aparmış, orada sol ayağının aşağı hissəsindən vuraraq yerə yıxmış, habelə yerdə olarkən ayaq nahiyəsinə təpiklə zərbə endirmişdir. Qeyd edir ki, həmin vaxt obyektin arxa tərəfində ikisi olmuş və zərbələrin nəticəsində özünü pis hiss etsə də, birtəhər yaşadığı evə getmiş, evə isə çağırışı ilə əlaqədar təcilli tibbi yardım həkimi gəlmişdir. Odur ki, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞnin İTB-nə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 23 sentyabr 2024-cü il tarixdə, təxminən saat 23:30 radələrində Siyəzən rayonunun ərazisində yerləşən “Damla” iaşə obyektinin yanında Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 30 sentyabr 2024-cü il tarixli, 161 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin yumşaq toxumalarının əziyi və sol kürək nahiyəsinin sıyrığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, boyu hündürlüyündən sərbəst yıxılmaya xarakterik deyil, yaranma müddəti 23 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 25 yanvar 2010-cu il təvəllüdlü Kamil adında bir yetkinlik yaşına çatmayan uşağı olan Şəxs işəgötürən X2 yanında administrator vəzifəsində işləyir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sözügedən hadisə ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Hətta, məhkəmə iclası zamanı ona bu barədə sual verilərkən, susmaqla həmin protokolu imzalamasının səbəbin izah edə bilməmiş və nəticədə onun təqsirsiz olmasına daxili inam yaranmamışdır. Beləliklə, işdə olan sübutlarla müəyyən olundu ki, Şəxs 23 sentyabr 2024-cü il tarixdə, təxminən saat 23:30 radələrində Siyəzən rayonunun ərazisində yerləşən “Damla” iaşə obyektinin yanında Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, beləliklə, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar