Məhkəmə qərarları › İş №3(059)-260/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-260/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-260/2025 08.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: 08 aprel 2025-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, eləcə də, zərərçəkmiş şəxsə Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməsinə dair protokolda müvafiq qeyd aparılmamış, həmçinin onlara inzibati xəta haqqında protokolun surəti verilməmişdir. Bundan başqa, sözügedən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, zərərçəkmiş şəxsin adı, atasının adı, soyadı və yaşadığı yerin ünvanı göstərilməmiş, həmçinin həmin protokol tərtib edilərkən inzibati xətanın mahiyyəti düzgün qeyd olunmamış, inzibati xətalar haqqında qanunvericiliyin inzibati məsuliyyət müəyyən edən müvafiq norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qeyd olunan Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bu Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, qanunun qeyd olunan tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Sözügedən Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik qeyd edilən inzibati xəta hadisələrinin baş verməsini və bunların əsasında inzibati məsuliyyətlərin yaranma əsaslarını dəqiq müəyyən etmişdir. Belə ki, qeyd edilən maddələrin dispozisiyaları mahiyyət etibarilə bir-birindən ciddi şəkildə fərqlənməklə, İXM-nin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini, İXM-nin 528.1-1-ci maddəsi isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə törədilməsini ehtiva edir. İş materialları ilə müəyyən edilir ki, Cəfərov X2 Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(059)-595/2023 saylı icra sənədi üzrə (08 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərar) tələbkar X1 xeyrinə ödəməli olduğu 5683,64 manat borcdan 5483,64 manat borcu sonuncuya ödəməkdən yayındığına görə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədi üzrə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmiş, habelə sözügedən məhkəmənin 19 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 500 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmiş, həmçinin bu qərar 21 yanvar 2025-ci il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin, qərarın qanuni qüvvəsini aldığı 21 yanvar 2025-ci il tarixdən 1 il keçmədən, yəni, 08 aprel 2025-ci il tarixdə icra məmuru Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(059)-595/2023 saylı icra sənədi üzrə Şəxs barəsində yenidən İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün bu məhkəməyə təqdim etmişdir. Belə ki, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Fərhadlı 08 aprel 2025-ci il tarixli protokolu tərtib edərkən inzibati xətalar haqqında qanunvericiliyin inzibati məsuliyyət müəyyən edən müvafiq normasını düzgün tətbiq etməmiş, habelə Şəxs Siyəzən Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməsini nəzərə almadan, onun barəsində yanlış olaraq yenidən həmin maddə ilə protokol tərtib edib, baxılması üçün bu məhkəməyə təqdim etmişdir. Yəni, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Fərhadlı, inzibati tənbeh almış şəxs Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi əsaslarına diqqət yetirməli, həmçinin sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət etməli idi. Çünki, hər bir inzibati xəta əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi inzibati xətanın əlamətlərini əks etdirən əməllərin inzibati xəta olub-olmamasını, inzibati xəta törətməkdə ittiham edilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin əmələ görə sözügedən şəxsə ədalətli tənbeh təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da inzibati xəta əməli törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbehin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində inzibati xətalar haqqında qanunvericiliyin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 08 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Siyəzən rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar